"Əmrahbank" dan 600 000 manata yaxın pul mənimsənilib?
8-06-2015, 18:13
"Kapital Bank"ın 2 saylı filialının kredit şöbəsinin müdiri Rəmiyəddin Məmmədovun əməllərinin qurbanı olub
Xatırlayırsınızsa, ötən saylarımızın birində ölkənin ən iri kommersiya banklarından olan "Əmrahbank" ASC-nin Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 262 Aünvanında yerləşən Sahil filialının direktoru Rəmiyəddin Hüseyn oğlu Məmmədovun adının bəzi xoşagəlməz məqamlarda hallandığını, onun bir sıra neqativ hallara yol verdiyini bildirmişdik.
Qeyd edək ki, Rəmiyəddin Məmmədov bir müddət öncəyə kimi "Kapital Bank"ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının müdiri vəzifəsində çalışıb və o, həmin vaxt həyata keçirdiyi "əməliyyat"lar nəticəsində adıçəkilən filialın kredit şöbəsinin müdiri Faiq Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olub.
Nəzərinizə çatdıraq ki, hazırda həbsdə olan Faiq Məmmədovun atası, Sabunçu rayonu, Əsədullayev küçəsi, ev 39 Aünvanında yaşayan Zülfüqar Xıdır oğlu Məmmədov bu yaxınlarda Rəmiyəddin Məmmədovun ünvanına kəskin ittihamlar səsləndirib. Belə ki, o, oğlunun qanunsuz həbs olunduğunu vurğulamaqla yanaşı, Faiq Məmmədovun Rəmiyəddin Məmmədovun güdazına getdiyini qeyd edib:
"2008-ci ilin sonunda "Kapital Bank"ın Sabunçu rayonundakı 2 saylı filialının müdiri Rəmiyyədin Məmmədov evimizə gələrək banka 180-200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün pulun ödənilməsində ona kömək etməyimizi xahiş etdi.
Mənim evimin sənədləri qaydasında olmadığı üçün qaynımın yoldaşı Xalidənin evini girov qoyaraq adıma kredit götürdülər. Nə bankda oldum, nə də kassadan pulu kimin götürdüyünü, nə qədər götürüldüyünü bildim. Müqavilə sənədlərini də mən xəstəxanada işləyən zaman müdirin qardaşı imzalamam üçün gətirdi. Bir il müddətinə evimin sənədlərini düzəltdim.
Filial müdiri danışdığımız kimi mənim evimi girov qoyub qonşum Gülməmmədov Elbrus Şükür oğlunun adına sahibkarlıq krediti düzəltdi. Hətta bu iş üçün 50 min manat "şapka" verdiyini bildirdi. Elbrusu da aldadaraq sənədə qol çəkdirdi. Oğlum həmin bankda işlədiyinə görə o qədər də narahat olmurdum. Ancaq sonra bildim ki, qonşum Elbrusun xəbəri olmadan onun adına 25 min 5 yüz manat kredit qeydiyyatdan keçib.
Daha sonra mən evin sənədləri ilə maraqlandıqda Rəmiyəddin mənə oğlumun borclarını ödədiyini dedi. Bu xəbər bizi şoka saldı. Həyat yoldaşım fikirdən xəstəlik tapdı, 3ay sonra 57 yaşında rəhmətə getdi.Mən xəstələndim, əməliyyat oldum, çətinliklə ayağa durdum. Sonra anam rəhmətə getdi". Zülfüqar Məmmədov iddia edir ki, Rəmiyəddin Məmmədov onlara məxsus 4 evi girov qoyaraq ümumilikdə 600 min manata yaxın pul mənimsəyib.
Qeyd edək ki, evlər girov qoyularaq kredit götürülsə də, bankın borcu 5 ildən sonra da ödənməmiş qalıb. Bütün bunlardan sonra Zülfüqar Məmmədovun "Kapital Bank"ın Sabunçu rayonundakı 2 saylı filialında işləyən oğlu Faiq Məmmədov 2012-ci ildə işdən çıxarılıb: "Bundan sonra Rəmiyəddin Məmmədov kredit götürmüş müştəriləri mənim evimə göndərirdi ki, pulunuzu Faiq mənimsəyib.
Oğlum cinayətkar idisə niyə 7 il ərzində bankda kredit şöbəsində müdir işlədirdi? 2005-2012-ci illərdə bankda aparılan audit yoxlamalarının nəticələri pis idisə elə onda həbs olunardı. Qeyd edim ki, Rəmiyəddin Məmmədov kiçik oğlum Rafiqi aldadaraq evini ələ keçirib. Hələ bu azmış kimi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə oğlum Faiqlə bağlı şikayət edib. Sonradan məlum oldu ki, o, 2 il Faiqin maaş kartını özündə saxlayıb. Hədə-qorxu gəlib ki, bütün məsələləri boynuna götürməsə uşağını oğurladacaq".
Bu arada, məlumatlı şəxsin bildirdiyinə görə, hazırda "Əmrahbank" ASC-nin Sahil filialının direktoru vəzifəsində çalışan Rəmiyəddin Məmmədov Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin himayəsinə arxalandığı üçün özünü toxunulmaz hiss edir: "Yeri gəlmişkən qeyd edim ki, Rəmiyəddin Məmmədov həbs olunmuş Faiq Məmmədovun köməkçisi Turalı da yanına gətirib və bu gün o da "Əmrahbank"ın Sahil filialında çalışır. "Kapital Bank"ın 2 saylı filialının baş mühasibi İlmara da hazırda Rəmiyəddin Məmmədovla birgə işləyir. Görünür, filial müdiri adıçəkilən şəxsləri yanına gətirməklə onları nəzarətdə saxlamağa, yəni Faiq Məmmədovun başına açılan oyunla bağlı hardasa nəsə danışmalarını əngəlləməyə çalışır…"
Mövzu ilə əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq.
Gündəlik Bakı