Hacıbala Abutalıbova həbs proqnozu
9-06-2015, 09:59
Moderator.az tanınmış hərbi ekspert və siyasi şərhçi Üzeyir Cəfərovun statusunu təqdim edir:
"Siz bilirsiniz ki, mən ixtisasca hərbi jurnalistəm və daha çox hərbi-siyasi mövzularda yazılar yazır, şərhlər verirəm. Amma Azərbaycanımızın paytaxtı Bakı şəhərinin çoxillik sakini olduğuma görə, zaman-zaman paytaxtımızda, o cümlədən respublikamızda olan ictimai-siyası hadisələrə də münasibətimi, mövqeyimi açıqlayıram. Bəzən olur ki, yazdıqlarımı anlayışla qəbul edənlər də olur, narazılıq edən və hətta bəziləri öz tərbiyyə və qanacaqlarına uyğun olaraq, bəzən yersiz təhqirlərə də yol verirlər. Mən tənqidə dözməyi bacarıram. Amma təhqir və bəzi özündənrazıların məntiqsiz, mənasız davranışlarını isə heç cür qəbul etmirəm və nə qədər ki, yazdıqlarımızı faktlarla deyil, yalan və məddahlıq üzərində qurulan söz yığnağı ilə "təkzib etməyə" cəhd edəcəklər, bunu onlara qətiyyən tanıtmayacağıq.
Onu da xüsusi olaraq qeyd etməyi vacib sayıram ki, son günlər mənim indiyə kimi göstərmədiyim ictimai yazarlıq fəaliyyətim də ondan irəli gəlmir ki, özümü kimlərəsə göstərmək istəyirəm. 1981-ci ildən aktiv hərbi-siyası jurnalistikada ən müxtəlif vəzifə və ranqlarda olmağımı bir daha qeyd edirəm və bir daha təkrar etməyə məcburam ki, mənim hansısa tanitıma-reklama əsla ehtiyacım-filanım yoxdur və ola da bilməz.
Əziz dostlarım və hörmətli həmkarlarım. Məqsədim və məramım çox sadə və aydındır. Ulu Yaradanın möcüzəsi olan ölkəmizin, onun rayon və şəhərlərinin daha da müasir və yaraşıqlı, cazibədar olması və Azərbaycanımızın insanlarının firavan, layiq olduqları həyat yaşamalarıdır. Amma son vaxtlar daha çox üzgün və bədbinəm. Xüsusən də, son aylar bir-birinin ardınca baş verən xoşagəlməz hadisələr, insan itkiləri və digər hallar məni həddən çox məyus və pərişan edib. Axı belə olmamalıdır.
Ölkə başçısı tərəfindən ayrı-ayrı vəzifələrə təyin edilmiş şəxslər ya göstərilən etimadı doğrultmurlar, ya da onlar özlərinə o qədər arxayındırlar ki, sabah heç nəyə görə cavabdehlik daşımayacaqlarına son dərəcə əmindirlər. Dəfələrlə qeyd etmişəm ki, Prezident İlham Əliyevin komandasında ən uğursuz, ən parodoksal məmurlardan biri və bəlkə də birincisi Bakı şəhərinin hələ ki, meri kimi bizi az qala barmağına və başqa yerlərinə dolayan Hacıbala Abutalıbov adlı bir şəxsdir. Dəfələrlə qeyd etmişəm ki, bu adamı görən xarici və yerli vətəndaşlar bunu az qala fransuz aktyoru Lui De Fünesə bənzədirlər. Həm gülür və həm də dəhşətli dərəcədə təəccüblənirlər ki, normal davranışa malik vəzifəli şəxs axı özünü bu qədər, üzr istəyirəm ifadəmə görə, "əzib-büzməməlidir"? Bu adamın hansı "dahiyanə" sözlərini yazım ki, siz mənim nə demək istədiyimi tam şəkildə başa düşəsiniz. Səhv etmirəmsə 2013-cü ilin aprel ayında paytaxtın Füzuli küçəsindəki binanın sürüşdürülməsi prosesi həyata keçiriləndə 18 min ton ağırlığında binanın yanında jurnalsitlərə söylədiyi o "müdrik kəlam" hələ də qulaqlarda və lətifələrdə dolaşmaqdadır. Professor, gələcəyin "akademiki" Hacıbala Abutalıbov "gəlin sürüşən binanın üstündə oturaq" kimi məntiqsiz və gülünc ifadəni bütün dünyaya car edəndə, mən xəcalət təri tökdüm. Yaxud, Hacıbala Abutalıbovun ötən il “Sovetski” sakinləri ilə görüşündə “bu ölkədə bir kişi var, o da cənab prezidentdir” deməsi fikri sonralar onu necə gülüş və qınaq hədəfinə çevirdiyini də yəqin ki unutmamısınız. Ötən ayın ortalarında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın baş verəndə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Şəxsi telefonuna edilən zəngə özünün əvəzindən ....köməkçi xanım cavab verərək "bu məsələ Hacıbala müəllimlik deyil” kimi məsuliyyətsiz bir cavab verilmişdi. Amma sonradan orada kamera və mikrofonlar qarşısında hamıdan çox özünü çox məzlum və yazıq göstərən, məharətlə "artistlik" edərək "öldürən" məhz çoxdan həbs edilməli olan Hacıbala Abutalıbov idi. Onun orada özünü "qurban olum ağlama", "mən ölməyə hazıram" və sair kimi qeyri-səmimi, boğazdan yuxarı sözləri vəziyyəti dərindən bilən hər kəsdə ikrah və nifrət hissi oyatdı.
Ən sonda isə Səbail rayonu ərazisində Dostluq parkı ərazisində qanunsuz tikilmış 45 villa ilə bağlı açıqlamalarına görə isə o dərhal həbsə göndərilməli və onun səsi Bakı şəhərindən yığışdırılmalıydı. Bu qədər məsuliyyətsiz və səriştəsiz bir adam açıq şəkildə etiraf etdi ki, o Bakı şəhərinə qətiyyən rəhbərlik etməyə layiq deyil və bunu bacarmır. Kameralar qarşısına çıxan bu adam daha bir "gül" vurdu. Özü də nə gül??!! Faktiki olaraq o əsl təxribata əl atmış oldu. Onun düşünülməmiş və məsuliyyətsiz açıqlamasına görə minlərlə şəhər sakini və məktəb kollektivi böyük üzüntü və sarsıntı keçirtdi. Bir qrup vicdanlı və narahat sakinlər isə onlardan daha çoxu adı çəkilən 20 nömrəli məktəbin müəllimləri və valideynləri idilər, çox əsəbi şəkildə etiraz aksiyası da keçirtdilər. Etiraza səbəb də məsuliyyətsiz Bakı meri Hacıbala Abutalıbovun 2 gün öncə televiziyada sökülən məktəbin yerində park salınacağını ilə bağlı dediyi sözlər olmuşdu. Məktəbin girişində toplaşan şikayətçilər Bakı merini prezidentin sərəncamına məhəl qoymamaqda ittiham etdilər.
Əraziyə gələn polis əməkdaşları və Yasamal rayon icra başçısının müavini Təravət Muradova valideynlərə bildirənə kimi ki, burada park yox, məktəb tikiləcək, insanları sakitləşdirmək mümkün deyildi.
Tam məsliyyətimlə deyirəm ki, bu adam Bakı meri kimi yəqin ki, Avropa Oyunlarından sonra vəzifəsindən çıxarılacaq və bəlkə də həbs olunacaq. Çünki, bu gün minlərlə qonağın şəhərdə olması və Bakını sanki 1941-45-ci illərdə olduğu bir görkəmdə - hər yerdə maşın və mexanizmlər binaların qarşısında təmir-tikinti işlərini avral qaydada aparmasının ən böyük günahkarı HacıBala Abutalıbov və onun yarıtmaz komandasıdır. Böyük xəcalət və təəssüf hissi ilə qeyd edirəm ki, belə adamın Bakı kimi dünya miqyaslı şəhərə rəhbərlikdə saxlanması bizim həm xarici qonaqların qarşısında, həm də milyonlarla sakinlərimizin qarşısında rüsvayçılığımızdır. Yola salın bu uğursuz və xalqı addımbaşı təhqir edən şəxsi, cənab prezident!!! Belə şəxslərin öz vəzifə səlahiyyətlərinə belə məsuliyyətsiz yanaşmaları başdan ayağa bizim hamımıza həqarət və təhqirdir!! Siz buna çox tezliklə bir daha əmin olacaqsınız!!"