Əhmədzadənin qardaşı Zaqatalada dövlətin yox, özünün siyasətini yürüdür
9-06-2015, 11:45
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə rayonda dövlət siyasətinə qarşı addımlar atır. “Meliorasiya və Su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan icra başçısı Prezidentin göstərişlərinə zidd hərəkət edərək rayonda sosial gərginlik yaradır.
TİA.AZ-ın əldə etdiyi məlumata görə, Əhmədzadə rayonun sosial problemləri ilə əhalini baş-başa qoyub. Qarşılığında isə başı rayonu çapıb talamağa, sərvətlərinə yiyələnməyə, hotel-restoran biznesini inkişaf etdirməyə qarışıb. Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Əhmədzadələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta hotelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur. Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir. Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir. Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir. Zaqatala şəhəri küçələrindəki evlərin divarlarına çay daşından üzlük çəkilir. Hətta ev sahibləri buna etiraz etsə belə, onların mülkiyyət hüququ pozulur və adı “şəhərin abadlaşdırılması” qoyulur. Həmin divarlara vurulan üzlük daşlarının haradan və neçəyə gətirildiyini araşdırdıqda maraqlı bir mənzərə ilə üzləşdik.
Büdcədən 1 kv.m çay daşı üçün 50 manat civarında pul icra başçısının inhisarında olan şirkətlərə köçürülür. Halbuki həmin çay daşı Əhmədzadə qardaşlarının böyük biznesinin yerləşdiyi Qax şəhəri İlisu kəndi ərazisində şəlalə ətrafındakı qayalardan hazırlanır. Həmin ərazidə Mübariz Əhmədzadə kənd əhalisindən bir neçə nəfəri günlük 10 manat müqabilində işlədir və hər bir işçi qazanacağı 10 manat üçün 50 kv.m çay daşı hazırlamalıdır. Sonra bu daşlar Zaqatala şəhərinə daşınır və burda şəhərin divarlarını “bəzəyir”.