Azərbaycan-ABŞ- la yeni savaşa başlayır?
10-06-2015, 12:14
ATƏT-in Bakı ofisinin bağlanması haqda qərar ABŞ-da kifayət qədər sərt reaksiya doğurub. “Turan” İnformasiya Agentliyinin məlumatına görə, Vaşinqton bu qərardan dərin narahatlıq keçirdiyini bəyan edib və Azərbaycan hökumətini öz qərarına yenidən baxmağa çağırıb. İyunun 8-də Amerikanın ATƏT-dəki səfiri Daniel Baer Vyanada, ATƏT Daimi Şurasının iclasında bu xüsusda öz ölkəsinin reaksiyasını diqqətə çatdırıb.
“Ötən cümə günü biz baş katibdən eşitdik ki, Azərbaycan Bakıda ATƏT layihələrinin koordinatorunun funksiyasını nəzərdə tutan memorandumdan imtina etmək niyyətində olduğunu açıqlayıb. Bu, dərin məyusluq doğurur”, - deyə diplomat qeyd edib. “Eyni zamanda yada salmaq vacibdir ki, layihələr üzrə koordinatorun ofisi ATƏT-in 57 üzv dövləti ilə razılaşdırılmış siyasi mandat əsasında fəaliyyət göstərir. Odur ki, həmin dövlətlərin konsensusu əsasında qəbul olunmuş istənilən qərar kimi bu qərar da yalnız konsensus əsasında ləğv oluna bilər” - səfir vurğulayıb. O, həmçinin deyib ki, ofis fəaliyyətini davam etdirməlidir və baş katibi yeni daimi Layihə Koordinatoru təyin olunanadək Bakıdakı ofisə müvəqqəti rəhbər təyin etməyə çağırıb.
ABŞ rəsmisi daha sonra bildirib: “Hökumətin kompleks təhlükəsizliyin yaxşılaşdırılmasına sadiqliyini nümayiş etdirmək yollarından biri onun vətəndaşlarının ATƏT ilə birbaşa qarşılıqlı münasibətlərə malik olmasıdır. ATƏT-in yerlərdə iştirakı, hökumətlər və vətəndaşlarla iş aparması ATƏT qarşısında uğurlu islahatlara və öhdəliklərin icrasına xidmət edir. Hökumət başa düşməlidir ki, QHT-dən və beynəlxalq tərəfdaşlardan gələn tənqidə təhlükə kimi deyil, problemlərin siyasi həlli və vəziyyətin yaxşılaşdırılması imkanları kimi baxmaq lazımdır”.
Baer bildirib ki, Azərbaycanda ATƏT layihələri koordinatorunun ofisinin faydalı işlər görmək üçün potensialı var ki, bu da yerli özünüidarəetməyə yardım göstərəcək, ATƏT öhdəliklərinin icrasını yaxşılaşdıracaq: “Ofis işləməlidir və biz Azərbaycan hökumətini öz niyyətinə yenidən baxmağa çağırırıq”. Sonda o qeyd edib ki, əgər Bakı ATƏT ofisini bağlamaqda israrlı olarsa bu, ölkənin ilk növbədə insan haqları və əsas azadlıqların təminatı sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi məsələsinə mənfi təsir göstərəcək: “Bu isə ölkədə hərtərəfli təhlükəsizlik üçün, Azərbaycan hökuməti və ya adamlar üçün yaxşı deyil”.
* * *
Yada salaq ki, ofisin fəaliyyəti ötən həftə qapadılıb və bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi quruma xüsusi məktub-nota göndərib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Bakı Fransa vətəndaşlığı daşıyan Aleksis Şahtaxtinskinin ATƏT-in Bakı layihə əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləmir. Bununla da ilk və son koordinator kimi Şahtaxtinskinin mandatı faktiki dayandırıldığından, o, prezident İlham Əliyevlə vida görüşü edərək ölkədən gedib.
Arayış üçün qeyd edək ki, ATƏT-in Bakı ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna 2014-cü ilin yanvarından transformasiya olunmuşdu. Bu haqda qərar ATƏT-in Daimi Şurasında 26 iyul 2013-cü ildə qəbul edilib. Aleksis Şahtaxtinski də vurğulandığı kimi, ilk əlaqələndirici idi. Onun fəaliyyətinin dayanmasına ilkin reaksiya Azərbaycan rəsmilərindən gəlmişdi.
Belə ki, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter hesabında yazmışdı: “Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Alexis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şahtaxtinski səfir Baerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.
Şahtaxtinski ətrafında proseslər də məhz bu statusdan sonra sürətlə pik həddinə çatıb. Bir çox siyasi şərhçilər baş verənləri ABŞ-Azərbaycan, Qərb-Azərbaycan arasındakı gərginliyin kontekstində izah etməkdədirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin məsələyə faktiki, ultimativ xarakterli reaksiyası buna şübhə yeri saxlamır.
Digər qisim analitiklər isə məsələnin kökündə Aleksis Şahtaxtinskinin həqiqətən hakimiyyətlə yaxın olması, onun özünün də bunu gizlətməməsi gerçəyinin durmasını düşünürlər. “Şahtaxtinski bir illik fəaliyyəti zamanı da hökumətin ünvanına hansısa tənqid səsləndirməyib. O, iqtidara loyal olub. Ancaq bu cür davranış beynəlxalq təşkilatlarda qəbuledilməz haldır, çünki o halda diplomat sanki çalışdığı dövlətin təmsilçisinə çevrilir ki, bu da yolverilməzdir” - demişdi ekspertlərdən biri.
***
Məsələ də ondadır ki, Şahtaxtinskinin məhz Azərbaycan hakimiyyətinə qarşı ABŞ-ın tənqidi sözünü deməkdən imtina etdiyi üçün geri çağırıldığı deyilir. Rəsmi Bakı da buna adekvat cavab verib: Şahtaxtinski geri çağırılandan dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiçlə görüşündə diplomatın məhz bu ittihamlarla geri çağırılmasına etiraz bildirib, məsələnin araşdırılmasını tələb edib. Ardınca Azərbaycan XİN koordinatorluğun bir ay ərzində bağlanmasına dair rəsmi xəbərdarlıq notası göndərib.
Ancaq diqqət edildisə, Bakının qərarını ABŞ öz diplomatının dili ilə faktiki, qanunsuz elan edib və Azərbaycan hökumətini qərarı geri götürməyə çağırıb. Üstəgəl, cavab reaksiyasının leksikonu da yetərincə sərtdir. Bakının buna reaksiyası hələlik bəlli deyil.
Yeni Müsavat