İqtisad Universitetində mərkəzləşmiş rüşvət sistemi
10-06-2015, 12:56
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) baş verən korrupsiya hallarının əsas iştirakçılarından biri universitetin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar”üzrə direktor müavini Nizami Musayevdir.
Bu barədə Bizimdovr.az-a verilən açıqlamada qeyd olunur ki, Nizami Musayev artıq uzun illərdir ki, bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən rüşvət yığımlarına nəzarəti öz əlində saxlayır. Maraqlıdır ki, bu universitetin rəhbərliyində 2000-ci ildən bəri baş vermiş artıq üçüncü dəyişiklik belə, Nizami Musayevin “statusuna” heç bir təsir göstərməmişdir.
Belə ki, mənbə Nizami müəllimin hal-hazırda Ədalət Muradov üçün həyata keçirdiyi əsas funksiyaları, yəni ilk növbədə tələbələrdən pul yığımı proseduruna nəzarəti, eyni ilə olduğu kimi bir müddət əvvəl Şəmsəddin Hacıyev və ondan da əvvəl Əli Abbasov üçün gördüyü iş kimi səciyyələndirir. Əlbəttə ki, bu dayanıqlığın təmin olunması böyük məharət tələb edir. Amma belə görünür ki, Nizami Musayev özünün “əvəzolunmazlığını” təmin etmək üçün tələb olunan bütün keyfiyyətlərə malikdir. Məsələn, elə götürək ötən il ADİU-nun rektoru vəzifəsində Şəmsəddin Hacıyevin Ədalət Muradovla əvəz olunduğu dövrü. Artıq qeyd olunduğu kimi Şəmsəddin Hacıyevin ADİU-nun rektoru olduğu zaman bir müddət müşavir vəzivəsində çalışmış professor Bədirxan Musayev tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra kütləvi informasiya vasitələrində “ifşaedici” yazıların dərcinə start vermişdi.
Ötən il, Şəmsəddin Hacıyevin rektor vəzifəsində Ədalət Muradovla əvəzlənməsindən sonra bu yazılar bir qədər səngisə də, bu ilin mart ayından etibarən kampaniya sanki yeni qüvvə ilə ikinci başlanğıc almış oldu. Həmin vaxt universitet daxilindən aldığımız bəzi açıqlamalara istinadən biz qeyd etmişdik ki, bu ikinci həmlənin Şəmsəddin Hacıyevin Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri seçilməsi ilə eyni vaxtda baş verməsi də təsadüf deyildi. Belə ki, bu yeni vəzifə Şəmsəddin Hacıyevin ADİU-nun rektoru vəzifəsindən alınması ilə onun nüfuzuna heç də xələl gəlmədiyini isbat etmiş oldu. Bu isə universitetdə artıq öz yeni “qayda-qanun”larını tam bərqərar etmiş Ədalət Muradov tərəfindən özünə qarşı bir təhdid kimi qəbul edildi.
Məhz buna görə də yeni rektor özünün “bulaşmayacağı” bir tərzdə Şəmsəddin Hacıyevə qarşı “keçmiş müşavir” kartını oynamaq qərarına gəldi. Lakin o zaman dərc olunmuş materialda Ədalət Muradovun məhz necə kölgədə qalaraq, Bədirxan Musayevlə təmasa girə bilməsinə aydınlıq gətirilməmişdi. Yeni aldığımız məlumatda mənbə bu xüsusda da açıqlama verir. Bildirilir ki, bu təmasın qurulmasında məhz Nizami Musayevin müstəsna rolu olmuşdur. Belə ki, sabiq rektorun sabiq müşaviri ilə qohumluq əlaqələrində olan Nizami müəllim, Ədalət Muradovun öz məqsədləri üçün bağlantı axtarışlarında olduğunu görüncə, ona öz xidmətlərini təklif etmişdir. Beləcə, işləriyi universitetin rektoruna deyil, məhz onun kürsüsünə olan sədaqətini isbatlamış Nizami Musayev qısa zaman ərzində öz əvvəlki prioritetlərini də qoruyub-saxlaya bilmişdir.
Digər tərəfdən isə, məlumatları təqdim edən mənbələr ADİU-nun “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosentini ümumiyyətlə olduqca tədbirli bir şəxs kimi təqdim edirlər.
Məsələn, vurğulanır ki, Nizami Musayev ADİU-nun çox az müəllimlərindən biridir ki, bu gün işə icimai nəqliyyat vasitəsilə gəlib-gedir. Halbuki, onun malik olduğu bağ evi, xüsusi villa, yeni tikili binada iki mənzil, habelə köhnə binada bir mənzil kimi daşınmaz əmlaklar, Nizami müəllimin ictimai nəqliyyat vasitələrinə heç də maddi imkansızlıqdan üstünlük vermədiyini göstərir.(bizimdovr.az)