Dünyanın qəribə gərdişi və ya Prokurorluğun müstəntiqi cinayətkarı xilas edir
29-01-2018, 12:39

Abşeron və Xəzər rayonlarında törtədiyi torpaq fırıldaqçılığına görə həbsə alınmış və bu günlərdə qəfildən azadlığa buraxılmış Vəsait Məlikovun əməlləri barədə əvvəllər də məlumat vermişik. Həmin şəxsin cinayətkar fəaliyyətindən maddi və mənəvi zərər görən adamların üzləşdikləri vəziyyət barədə “Haqqın.az” bu günlərdə bir yazı dərc etmişdi. “Prokurorluğun müstəntiqi cinayətkarı xilas edir” (https://haqqin.az/news/121629) bu mövzuda növbəti yazıdır. Aşağıda onu da dərc edirik:
Bir neçə gün əvvəl dərc olunmuş “Xüsusilə təhlükəli cinayətkarı müstəntiq niyə azadlığa buraxıb?” başlıqlı məqalədə qeyd etmişdik ki, Bakı Şəhər Prokurorluğunun müstəntiqi İlyas Seyidov xüsusilə təhlükəli cinayətkar Vəsait Məlikovu naməlum səbəblərdən azadlığa buraxıb.
Səbail Rayon Məhkəməsi həmin şəxsə qarşı 4 ay müddətində həbs qətimkan tədbiri seçmişdi. Məhkəmə aldatmaq yolu ilə vətəndaşların yüz minlərlə manatını mənimsəmiş cinayətkarın... istitintaq getdiyi bir vaxtda azadlıqda qalmasını mümkünsüz hesab etmişdi.
Amma müstəntiq Seyidov zərərçəkənləri Vəsaitin onlara vurduğu çox böyük ziyanın əvəzini azadlığa çıxıb ödəyəcəyinə inandıraraq, yalnız özünə məlum olan səbəblərdən, bu şəxsin vaxtından əvvəl azadlığa buraxılmasına nail olub. Qəribədə olsa, zərərçəkənlər, bu dəfə vəzifəli şəxsin – müstəntiqin iştirakı ilə, yenidən fırıldaqçının toruna düşüblər. Yenidən qarmağa keçdiklərini isə tezliklə anlayıblar. Azadlığa çıxandan sonra Vəsait və adamları hədə-qorxu gəlməklə onların üstünə düşüblər, kompensasiya barədə heç söhbət də olmayıb. Seyidov isə sanki əvvəlki adam deyil. Fırıldaqçının həbsinə qədər o, həqiqətən də, özünü müstəntiq kimi aparırdısa, indi özünü Vəsaitin vəkili yerinə qoyub. Dindirmələrin, sənədlərin rəsmiləşdirilməsinin qərəzkarlıqla aparılması və zərərşəkənlərin öz ilkin ifadələrini dəyişməyə təhrik edilməsi cəhdləri belə bir şübhəyə əsas verir.
Bir daha qeyd etmək istəyirik ki, bütün bunlar barədə “haqqın.az”a zərərçəkənlər özləri bi neçə gün əvvəl danışıblar. Onların bu gün soyuqdan üşüyə-üşüyə yenidən redaksiyamıza şikayətə gəlməsinə isə əməlli-başlı təəccübləndik.Əslində, bu, təzə şikayət deyildi, əvvəlkinin davamı idi. İşlərin gedişindən o qədər qorxuya düşüblər ki, bu soyuq gündə yenidən yığışıb redaksiyaya gəliblər.
Çaşqınlıqla danışdıqları onların narahatlıqlarının səbəbini göstərir və həqiqətən, təşviş doğurur. Ötən gün Vəsait pıçıltı ilə deyil, lap uca səslə və tam əminliklə ətrafdakılara deyib ki, asanlıqla aldatdığı digər şəxslərə borcunu ödəyə bilsin deyə,müstəntiq Seyidov ona lazım olan məbləği “bu zərərçəkmişlər”dən yığıb verəcəyini vəd edib.Çünki həmin şəxslərin əlindən asanlıqla yaxaqurtara bilmir. Bəlkə də o iş başqa müstəntiqdədir. Hər halda, Vəsait “digər zərərçəkənlərlə” hesablaşmaq üçün artıq bir dəfə aldatdığı adamlardan əlavə pul yığmaq fikrinə düşüb.Onun xasiyyəti belədir. Axı əvvəllər Bakıda “ilk zərərçəkənlər”dən yığdığı pulu da o, 2010-cu ildə Şamaxıdakı seçki dairəsindən Milli Məclisə deputatlığını irəli sürməyi qərara alarkən özünün seçkiqabağı kampaniyasına xərcləmişdi.
Şikayətçilər bir ağızdan soruşurlar: “Bu necə işdir? Vəsait bizi aldatdığına görə ondan prokurorluğa şikayət etdik. Onu məsulyiyyətə cəlb etdirəcəyimizi və pulumuzu geri qaytaracağımızı düşünürdük. Amma soyub-taladığı pullar azmış kimi, o, indi də əlimizdə qalanı qopartmaq istəyir. Ədalətin bərpasında istintaqın bizə kömək edəcəyini fikirləşirdik, əksinə alınır. Şəhər prokurorluğu kimi nüfuzlu bir təşkilatın adı altında müstəntiq Seyidovun bu cür addım atması mümkündürmü?”
İlk baxışda mənasız görünən, əslində isə, həmin adamlar üçün həyati əhəmiyyət daşıyan bu suala necə cavab vermək olar. Əlbəttə, ilk baxışda, normal adamın ağlına batmayan məsələdir. Prokurorluq – dövlət orqanıdır və dövlət adından çıxış edir, bütün işlərə də qərəzsiz baxmağa borcludur. Prokurorluğun müstəntiqiisə bu zaman heç bir maraq güdməməli və ya bir tərəfin zərərinə digərinə kömək etməməlidir. Amma zərərçəkənlər artıq bütün bunlara inanmırlar. Əgər prokurorluq öz müstəntiqinin timsalında, heç bir əsas olmadan, azğın cinayətkarı vaxtından əvvəl həbsdən azad edə bilibsə, onda Vəsaitin təzə hədələrini gerçəkləşdirmək onun üçün nədir ki...
Amma ictimai rəy də var axı. Düzdür, birinci yazının dərcindən cəmi bir gün keçib və aidiyyəti strukturlardan ona operativ cavab gözləmək hələ tezdir. Ancaq hadisələrin gedişi göstərir ki, bu məsələdə ləngimək olmaz. İndiki halda zaman zərəçəkənlərin və istintaqın deyil, ittiham edilən şəxsin xeyrinə işləyir. Üstəlik də, həbs olunanadək onlarla adama yüz minlərlə manat pul atmış fırıldaqçının həbsdən sonra da öz əməllərini davam etdirmək istəyəcəyi istisna deyildir. Axı necə lazımdır cəzalandırılmayıb. Bax, onda, görünür, əl-ayağa düşən təkcə hüquq-mühafizə orqanları olmayacaq. Bunu niyə indidən etməsinlər ki?