Qərblə Rusiyanın qaz savaşı: Azərbaycan uduşda
30-01-2018, 09:40

Ekspert: "Şimal axını 2"nin reallaşması bizim üçün daha əlverişlidir, çünki...”
ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı enerjini Avropaya qarşı “siyasi alət” kimi istifadə etməkdə günahlandırıb. Dövlət katibi bildirib ki, ABŞ Rusiya və Almaniyanın birləşdirilməsini nəzərdə tutan “Şimal axını 2" qaz kəmərinə qarşıdır. ”Polşa kimi Birləşmiş Ştatlar da “Şimal axını 2” kəmərinə etiraz edir" - Tillerson bildirib.
Xatırladaq ki, bu, son 3 ayda ABŞ dövlət katibinin Rusiya qazını Ukraynadan kənar keçməklə Avropaya çatdıracaq “Şimal axını 2" layihəsinə qarşı ikinci açıqlamasıdır. Onu da qeyd edək ki, Rusiyanın qaz nəhəngi ”Qazprom" 2011-ci ildən Baltik dənizi ilə Almaniyaya çəkiləcək “Şimal axını-2" layihəsini reallaşdırmağa çalışsa da, hələ də məqsədinə nail ola bilmir. Bundan əvvəl Rusiya ”Şimal axını-1"-i artıq reallaşdırıb. O zaman bu kəmər Polşa ilə Almaniya arasında kəskin fikir ayrılıqlarına və ziddiyyətlərə gətirib çıxarmışdı.
“Şimal axını-2" üzrə fəaliyyətlər nəzərdə tutulan müddətə reallaşarsa, həmin tarixdən Rusiya qazının 70 faizi Baltik marşrutu ilə nəql olunacaq. Bundan isə iqtisadi baxımdan ən çox uduzan Ukrayna olacaq - illik 2 milyard dollarlıq gəlir, üstəlik, Rusiyaya çox mühüm təsir alətini itirəcək. Avropanın da bu layihədən siyasi və iqtisadi cəhətdən uduşda olacağını söyləmək mümkün deyil: Rusiyadan qaz asılılığı güclənəcək, bu isə elə həm də siyasi asılılıq yaradır. Layihənin reallaşması həm də Avropa Birliyi daxilində parçalanmaya gətirib çıxara bilər. Belə ki, Polşa başda olmaqla, Avropa Birliyinin əksər ölkələri layihəyə qarşıdılar. Bundan əlavə, Avropa Parlamenti ”Şimal axını-2" layihəsinə dəfələrlə etiraz edib.
ABŞ prezidenti Donald Tramp isə ötən il Şərqi Avropa ölkələrinə Birləşmiş Ştatlardan maye qaz almağı təklif edib, bunun Rusiya qazından daha etibarlı enerji mənbəyi olduğunu deyib. Bundan əlavə, ötən il iyunun 14-də ABŞ Senatı “Şimal axını-2" və ”Türk axını"nın tikintisində iştirak edən şirkətlərə sanksiyalar paketini nəzərdə tutan qanunu təsdiq edib. Daha sonra qanun Konqresdən də keçib və Tramp tərəfindən təsdiqlənib.
NATO-nun sabiq baş katibi Anders Rasmussen isə layihə ilə bağlı mövqeyinə görə Almaniya hakimiyyətini tənqid edib. “Şimal axını - 2" layihəsini birbaşa ”Putinin silahı" adlandıran Rasmussen bildirib ki, bu layihədə Kremlə “dəm tutan” Almaniyanın sosial-demokratları çox “sadəlövh davranırlar”.
Onun sözlərinə görə, əgər bu gün Rusiya Avropa qaz bazarının 34 faizini əhatə edirsə, “Şimal axını - 2" layihəsi işə düşdükdən sonra bu göstərici 40 faizə kimi artacaq. Eyni zamanda AB-nin enerji konsepsiyaları və planları bazarda inhisarçılığı azaltmaq üçün milyardlıq investisiyalar nəzərdə tutub.
Beləliklə, Almaniyanın layihənin reallaşdırılması ilə bağlı tutduğu mövqe nəinki Ukraynanın dəstəklənməsi üzrə xarici siyasət cəhdlərinə, həmçinin AB-nin Almaniya hökuməti ilə birgə hazırlanmış daxili siyasət prioritetlərinə ziddir: “Almaniya de-fakto Avropa Birliyinin lideridir - bunu istəsə də, istəməsə də. Məsuliyyətli liderlik isə başqaları üçün nümunə olmaq deməkdir. Əgər Almaniya kommersiya maraqlarının qonşu ölkələrin həmrəy maraqlarından daha vacib olduğunu nümayiş etdirsə, onda bir gün başqa ölkələr də eyni cür hərəkət etsə, Berlin təəccüblənməməlidir”, - deyə o bildirib.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov hesab edir ki, “Şimal axını 2"-nin reallaşması yolunda açar nöqtə Almaniyanın mövqeyidir: ”Rusiyanın “Cənub axını” layihəsini Bolqarıstanın əli ilə dayandırdılar. “Şimal axını 2" layihəsinin əsas məqsədi Avropaya qaz nəqlində Ukrayna və Polşanı kənarda saxlamaqdır. Kəmər əsasən beynəlxalq sulardan keçərək Almaniyaya çıxmalıdır. Kimin layihəyə qarşı olmasına baxmayaraq, həlledici söz Almaniyanındır. Çünki kəmər hansısa dövlətin quru ərazisindən keçmir. ”Cənub axını" məhz quru ərazilərdən keçdiyinə görə əngəllənə bildi. Bu baxımdan, Rusiyanın əli daha güclüdür".
Mütəxəssis deyir ki, Rusiya layihənin ekoloji baxımdan təhlükəsizliyi ilə bağlı qiymətləndirməni həyata keçirib: “Bu məsələdə adətən Xəzər dənizi ilə bağlı xatırladılma edilir. Bildirilir ki, necə olur ki, Rusiya Xəzərin dibi ilə kəmər çəkilişinə ekoloji məsələləri önə çəkərək qəti etiraz edir, amma Baltikə gələndə təhlükə görmür. Hər bir halda, Baltiklə kəmər çəkmək üçün Avropa Birliyinin standartlarına əməl olunmalıdır, Rusiyanın bunu edəcəyi şübhəsizdir. Düşünürəm ki, bu layihə ilə bağlı Rusiyaya təzyiq imkanları xeyli məhduddur. Sanksiyalarla bankların kredit ayırmasını əngəlləmək olar, Rusiya özü pul tapar. Dənizin dibi ilə borudüzmə şirkətlərini çəkindirmək olar - buna da çarə tapılacaq. Yəni bunlar Rusiya üçün xırda problemlərdir. Bütün bunlar göstərir ki, bu layihə ilə bağlı əsas söz sahibi Almaniyadır. Hansı ki, Almaniyanın hazırda Tramp administrasiyası ilə münasibətləri heç də yaxşı deyil. Lakin yenə də Almaniyanın mövqeyinin necə olacağını söyləmək mümkün deyil: bir tərəfdən, Ukraynaya dəstək məsələsi var, digər tərəfdən isə Almaniya şirkətlərinin, Almaniyanın ölkə olaraq əldə edəcəyi iqtisadi gəlirlər. Şirkətlərin biznes maraqlarını önə çəkərək hökumətə təzyiq edəcəkləri də realdır”.
E.Sultanovun fikrincə, “Şimal axını 2"-nin baş tutub-tutmamasının Azərbaycana dolayı təsirləri mümkündür: ”Azərbaycan prizmasından baxdıqda, bəlkə də bu layihənin gerçəkləşməsi daha uyğun olardı. Çünki “Şimal axını 2" reallaşmasa, Rusiya Ukraynanı boykot etmək planlarından əl çəkməsə, bu, ”Türk axını"nın diqqət mərkəzinə gəlməsinə səbəb ola bilər. Əlbəttə, biz qardaş ölkəyə xeyir gətirəcək bir layihəyə qarşı deyilik. Lakin “Türk axını”nın Türkiyədən sonrakı rotası bizim “Cənub Qaz Dəhlizi” ilə üst-üstə düşə bilər. Söhbət 4-5 il sonrakı vəziyyətdən gedir: hətta Rusiyanın TAP-a qoşulması ehtimalı da yarana bilər. Bütün bunlar, “Şimal axını 2"-nin reallaşmasını bizim üçün daha arzuolunan edir”.
Onu da qeyd edək ki, Rusiya mənbələri ABŞ-ın layihəyə qarşı kəskin mövqeyini özünün maye qazını Avropaya satmaq istəyi ilə bağlayırlar. Bildirilir ki, Tramp administrasiyası Avropa Birliyinin Rusiya qazından daha baha olacaq ABŞ məhsulunu almağa təhrik etmək üçün “Şimal axını 2"-nin qarşısını almağa çalışır. E.Soltanov isə bu iddianın real olmadığı qənaətindədir: ”Əvvəla, ona görə ki, onsuz da Rusiya Avropaya bəlli həcmdə qaz satır - onun hansı rotadan keçərək Avropaya çatması həcmə ciddi bir təsir göstərmir. İkinci tərəfdən, bu, siyasi bir məsələdir və Rusiyanın Ukraynaya qarşı siyasətindən yaranıb. Rusiya əvvəla, istəmir ki, Ukraynanın əlində ona qarşı təsir rıçaqı olsun. İkincisi isə Ukraynanın onun qazının nəqlindən iqtisadi fayda götürməsini istəmir. ABŞ qazına gəlincə, düzdür, bu ölkədə son illərdə qaz hasilatında böyük həcmli artım var. Lakin ABŞ daxilində o qazın kənara çıxmasını istəməyən böyük maraqlar - əsasən biznes elitası var. Qazın qiymətinin aşağı olması biznes üçün çox əlverişli şərait yaradır. Tillerson da biznesə yaxın adamdır və vəziyyəti yaxşı bilir. Nəhayət, ABŞ qazı üçün Asiya bazarı Avropadan daha əlverişlidir - qiymət və tələbatın yüksəkliyi baxımından. Bütün bunlara görə hesab edirəm ki, Avropa və ABŞ-ın “Şimal axını 2"-yə qarşı mübarizəsi sırf siyasi amillərlə bağlıdır”.
Dünya SAKİT,
“Yeni Müsavat”