“Tegeta Motors”u mətbuata kim sifariş verib?

5-02-2018, 11:52           

Artıq neçənci yazıdır ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin həmyerlisi Xaliq Abbasovdan dərc edirik.
Məlumat üçün bildirək ki, “Şurataz LTD” şirkətinin sahibi Xaliq Abbasov ölkəyə avtomobil təkərlərinin və akkumulyatorların idxalı ilə məşğul olur. Ancaq keçən ildən Xaliq Abbasov Azərbaycanda fəaliyyətini yeni başlayan Tegeta Motors şirkətini özünə rəqib saymağa başladığı üçün Tegeta Motors şirkətindən xoşagəlməz məlumatları mətbuata sızdırmağa başlayıb. Hətta Tegeta Motors şirkətinin piar meneceri Natiq Zərbəliyev bu günəcən Tegeta Motors barədə mətbuata məlumat sızdıran şəxsin axtarışını davam edir.
Qeyd edək ki, “Aztech & Tegeta Motors” şirkətinin 15.02.2017-ci il tarixində Bakıda , Badamdar şosesi 1C-də təntənəli açılışı olub. Bu möhtəşəm tədbirdə dünyanın 30 müxtəlif ölkəsindən “Aztech & Tegeta Motors”la sıx əməkdaşlıq əlaqələri quran dünya markalarının nümayəndələri iştrak ediblər. Tədbir böyük marağa səbəb olduğu üçün həm yerli, həm də xarici KİV nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, “Aztech Tegeta Motors” şirkəti Gürcüstanın “Tegeta Motors” şirkətinin törəməsidir. “Tegeta Motors” isə Gürcüstanda böyük şirkətlərdən biri hesab olunur. “Aztech & Tegeta Motors” “International Groupauto”nun rəsmi üzvlüyünə qəbul edilib və bununla belə, Azərbaycan ehtiyat hissələri bazarına “Bridgestone”, “Michelin”, “Hankook”, “Varta”, “Exide”, “Optima”, “Shell”, “Motul”, “Meguin”, “Hengst”, “ZF Parts”, “Lemforder”, “Sachs”, “Philips”, “Bosch”, BPW, “Thermo King”, “Febi”, “Federal Mogul” və s. kimi 300-ə qədər dünya brendlərini təqdim edir. Mərkəzdə hər marka avtomobil və xüsusi təyinatlı avtotexnika üçün ehtiyat hissələrinin satışı, servisi və diaqnostikası kimi yüksək keyfiyyətli, sərfəli və zəmanətli xidmətlər təklif edilir. “Aztech & Tegeta Motors” həm pərakəndə, həm topdansatışlar həyata keçirir.
“Tegeta Motors”u mətbuata kim sifariş verib?
365info saytına daxil olan məlumata görə Xaliq Abbasovun Tegeta Motors şirkətini qaralamasında öz şəxsi biznes maraqları var. Belə ki, oxucuların nəzərinə çatdıraq ki, Tegeta Motors şirkətinin sahibi gürcü millətindən olan Temur Koxodzedir, ancaq şirkəti Azərbaycana dəvət edən Sabir adlı şəxsdir. Xaliq Abbasovun şirkətinin uzun illərdir SOCAR -a avtomobil təkərlərini baha qiymətə satması barədə keçən yazımızda söz açmışdıq: “Mənbə bildirir ki, “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov Mikayıl İsmayılovla yaxın dost olduğu üçün iki ildir SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır.
Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur. “İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən “Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır. Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir.

Bundan başqa, X.Abbasovun “IFO Tire LTD” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “IFO Tire LTD” ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib.
Həmçinin, qeyd olunur ki, “Şurataz LTD” dünyada məşhur təkər istehsalçısı olan “Goodyears”, “Michelin”, “Rosava” və “Continental”ın Azərbaycandakı distribüteridir”. Qeyd edək ki,Xaliq Abbasovu SOCAR-ın vitse-prezidenti ilə görüşdürüb onların arasında dostluq münasibəti qurulmasına yardımçı olan Vergilər Nazirliyində böyük nüfuza malik olan bir şəxs olub. Vergilər Nazirliyinin işçisi olan həmin şəxs özü də Xaliq Abbasovun şəriklərindən biridir. Keçən il Tegeta Motors SOCAR-a avtomobilə aid ehtiyat hissələri verilməsi üçün normal qiymət təklif edib tenderdə iştirak etməsinə baxmayaraq, “nədənsə” SOCAR vitse-prezidenti Mikayıl İsmayılov, Xaliq Abbasovun yuxarı qiymətlərə mal təqdim etdiyi şirkətlərini tender qalibi elan etdirir.

Bundan başqa Xaliq Abbasov gələcəkdə SOCAR -ın tenderlərindən ofsaytda qalmağından ehtiyat edərək Tegeta Motors şirkətini və bu şirkəti Azərbaycana gətirən Sabir adlı şəxs barədə mətbuata neqativ məlumatlar ötürməyə çalışır. Ancaq bütün bu təxribatlara baxmayaraq Tegeta Motors Azərbaycanda öz işini qurmağa nail olub. Tegeta Motorsun SOCAR -ın keçirtdiyi tenderlərdə iştirak etmək üçün tələb olunan mallara verdiyi normal qiymətlərə baxmayaraq, Mikayıl İsmayılov hələ də Xaliq Abbasovun şirkətlərini tenderlərdə qalib çıxarır.
Hətta keçən il mətbuat Xaliq Abbasovdan və onun dostluq etdiyi Mikayıl İsmayılovdan yazandan sonra, Mikayıl İsmayılov əsəbləşib Xaliq Abbasovu onunla tanış edən vergi işçisinə öz iradlarını bildirərək bir daha Xaliq Abbasovla iş görməyəcəyini bildirib. Ancaq görünür həmin vergi işçisi Mikayıl İsmayılovdan da çox böyük gücə malik olduğu üçün Xaliq Abbasov bu günəcən də SOCAR -ın tenderlərində iştirak edərək, qalib gəlməkdə davam edir. Və iştirak edib qalib gəlməyinə baxmayaraq hələ özünə rəqib sayan Tegeta Motors şirkətini də mətbuatda “vurduraraq” nüfuzdan salmaq istəyir.
Şamil Əfəndi
365İNFO.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.