Bakıda turistləri “soyan” sürücülər – 10 manatlıq məsafə üçün 50 manat alırlar
28-04-2018, 20:24

Bakı hava limanında taksi biabırçılığı
Hindistanlı, alman ya da ingilis fərqi yoxdur, ölkəmizə gələn hər bir turist öncədən araşdırma aparır, mədəniyyətimizin, mətbəximizin şahidi olmaq üçün böyük ümidlərlə Azərbaycana təşrif buyurur.
Heç kimə sirr deyil ki, turistlər həm valyuta axını, həm də ölkənin imici baxımından çox böyük rol oynayır. Bakını seyr etmək arzusu ilə gələn turist elə ilk addımdaca – aeroportda yaşadıqlarından dəhşətə gəlir.
Onların təəccübünün səbəbkarı isə müştəri ovuna çıxmış taksi sürücüləridir. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından şəhərə müştəri gətirmək istəyən taksi sürücüləri xüsusi canfəşanlıq göstərirlər. Turistlərin üzərinə qaçan taksi sürücüləri onları Hava Limanı və “28 May” arası hərəkət edən “Ekspress Bakubuslar”a minmələrinə mane olurlar.
Taksi sürücüləri turistlərin çantalarını götürür, dil tökürlər, ödəniş terminalının işləmədiyini deyirlər. Təyyarədən düşən kimi bu mənzərə ilə qarşılaşan turistlər daha sonra məbləğdə də aldadılır. Bir çox xidmət sahəsində olduğu kimi nəqliyyat sahəsində də turistləri dollar şəklində görüb, maksimum onlardan pul qoparmağa çalışırlar.
Hava Limanından dayanmadan “28 May” metrostansiyasının yaxınlığına qədər gələn Bakubus avtobusları bu xidmət üçün 1.30 AZN tələb edirlər. Taksi şirkətləri isə 15-20 manat arası bir qiymət deyirlər.
Ancaq bu avtobusların fəaliyyətə başlamasından sonra xeyli müştəri itirən müstəqil taksi sürücüləri əllərinə keçən müştəridən bu kəsri bağlamağa çalışırlar. Onlar bu yolu 50 manatdan aşağı aparmırlar. Hələ ki, turist Səudiyyə Ərəbistanından gəlibsə, taksi sürücüsü 1 həftəlik gəlirini bircə dəfədən qazan bilir.
Təbii ki, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turistləri aldatmadan, onlara yanlış məlumatlar vermədən həyata keçirilə bilər.
Rəqabət mühitində hər kəs xidmətinə uyğun qiymət də təklif edə bilər. Ancaq fırıldaqçılığa yol vermək turistlərin ilk addımında artıq ölkəmiz haqqında mənfi düşünməsinə və hər zaman bizi belə xatırlamasına səbəb olacaq.
Dəniz Kərimzadə
Minval.info