Həkim yetişdirən məşhur siyasətçi: “Fırıldaqçılar olmasa, xəstələr xaricə getməz...” - VİDEO

20-04-2019, 10:49           
Həkim yetişdirən məşhur siyasətçi: “Fırıldaqçılar olmasa, xəstələr xaricə getməz...” - VİDEO
Azərbaycanda müxtəlif sahələrdə məşhur olan simaların bəziləri ixtisasca həkim və ya tibb təhsillidirlər. Medicina.az "Əslində həkim” layihəsində bu insanları tapıb, onların təcrübəsini, səhiyyə, sağlamlıqla bağlı tövsiyələrini tədim edəcək.

İlk qonağımız Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir.

Tanınmış siyasətçi, 2013 və 18-ci illərin Prezident seçkilərində namizədliyini irəli sürmüş, siyasi-ictimai fəaliyyəti ilə bu gün də gündəmdə olan Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev həm də Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədidir. Tibb Universitetini bitirmiş Əli Əliyev praktik tibbi seçsəydi, bəlkə də indi ölkənin tanınmış mütəxəssislərindən biri idi. İllər öncə Universitetin siyasi fəallarından olan bir tələbənin sonradan universitetdə qalıb çalışmasının maraqlı tarixçəsi var.

Əli Əliyevlə elə Tibb Universitetində dərs zamanı görüşdük. Tələbələrindən kiçik imtahan-kollokvium götürən müsahibimizlə səhiyyənin bugünkü problemlərindən, tələbə-müəllim münasibətlərindən danışdıq:

- Əli müəllim, Tibb Universitetini seçməyiniz öz seçiminizdi? Daha sonra siyasətə gəldikdən sonra bu ixtisası seçməyinizdən nə vaxtsa peşmançılıq keçirməmisiniz ki?

- Tibb Universitetinə daxil olmağım anamın istəyi, seçimilə olub. Mənim üçün fərqi yox idi. Tibb universiteti seçiləndən sonra artıq 10-cu sinifdən hazırlıqlarım da bu istiqamətə görə oldu. 1984-cü ildə orta məktəbi bitirən il Tibb İnstitutuna daxil oldum, 1991-ci ildə fərqlənmə ilə bitirdim.
Universitetdə qalıb iş fəaliyyətimi davam etdirməyimin maraqlı tarixçəsi var. Bilirsiz ki, sovetlər dağılanda o vaxt Xalq Cəbhəsi hərəkatı yarandı. Mən universitetin siyasi fəallarından idim. O vaxt rektor professor Yaqub Məmmədov məni yanına çağırıb, universiteti bitirdikdən sonra qalıb əmək fəaliyyətimi burada başlamağı təklif etdi. Mən böyüklərimlə məsləhətləşib, sabahı Yaqub müəllimin təklifi ilə razı olduğumu bildirdim. Öz seçimimlə bioloji kimya kafedrasında baş laborant vəzifəsində işə başladım.
1995-ci ildə namizədlik dissertasiyamı müdafiə etdim və həmin ildən müəllim vəzifəsinə keçirildim. 24 ildir burda dərs deyirəm. 2 ildir ki, doktorluq dissertasiyası üzərində işləyirəm, həm də kafedranın doktorantıyam. Görünür, bu seçim mənim taleyimlə bağlıdır və bundan narazı deyiləm. Hesab edirəm ki, zamanında düzgün seçim etmişəm.

- Bəs niyə istehsalatı yox, məhz siyasət və müəllimlik? Hesab etmirsiz ki, indi həkim olsaydız, imkanlarınız daha çox ola bilərdi?

- 1988-ci ildə hələ institutda oxuyanda artıq Qarabağ məsələsi başlamışdı. Sumqayıt hadisələri baş verdi. O vaxt Sovet ordusunda xidmət edirdim, təbii ki, orduda haylar –ermənilər də var idi. Onlarla söhbətdə, hadisələrin gedişində onların tarixi bilgi, siyasi fəallıq baxımından bizim millətdən daha hazırlıqlı olduğunu görürdüm. Ordudan qayıtdıqdan sonra sanki təhtəlşüurda siyasətə gəlmək kimi sifariş yarandı. Həm də tarixi mühit də yetişdi. Tələbə hərəkatı, meydan hərəkatı vüsət aldı. Mən də bu hərəkatda fəal iştirak etmişəm, meydanda olmuşam, 1989-cu ildə Xalq Cəbhəsi təsis edildikdən sonra Tibb Universitetində hərəkatın ilkin özəyinin qurulmasında iştirak etdim. O vaxtdan 1991-ci ilin sonlarına qədər Xalq Cəbhəsinin bütün tədbirlərində rəsmi nümayəndə olmuşam.

Elmi və əmək fəaliyyətimlə yanaşı siyasi fəaliyyətimi də paralel davam etdirmişəm. Universitetdə qalıb müəllim kimi işləyəndə də daxilimdə siyasətçi olmaq tələbi var idi. Hesab edirəm ki, mənim birinci və əsas peşəm elə siyasətdir. Günümün çox hissəsini bu işə sərf edirəm. Mənim müəllimlik və elmi fəaliyyətim siyasətdən sonra gəlir. Siyasətdə olmağım daxili səsimin tələbidir. Əgər o vaxt istehsalatı seçsəydim, peşəm üzrə çalışsaydım, siyasətlə məşğul olmağım çətin olardı. İllər keçdikcə yanılmadığım qənaətindəyəm.

- Kafedrada dərs dediyiniz tələbələr sizin bir siyasətçi olduğunuzu bilirmi və digər müəllimlərə nisbətən sizə münasibətdə fərqlilik varmı? Tələbələr siyasətlə maraqlanırmı?

- Bugünkü tələbələr bir qədər siyasətdən uzaqdırlar, apolitikdirlər. Amma bir yaxşı keyfiyyətləri var ki, müəllimin kimliyini dərhal araşdırırlar: rüşvət alır- almır, peşəsini bilir-bilmir... İndi informasiya məkanı açıqdır: internet, televiziya. Bunlar mənim kimi siyasət içində olan müəllim haqqında informasiya toplamaq üçün yetərlidir. Tələbələrdən narazı deyiləm. Hansısa səbəblərdən bu vaxta kimi hörmətsizlik görməmişəm.

- Sizdən qiymət almaq asandır, yoxsa çətin?

- Mən onlara da elan etmişəm ki, təhsildə olan problemləri tələbənin xeyrinə həll etməyə çalışan insanam. Mənim üçün birinci tələbənin intizamıdır. Mənim tədris etdiyim fənn çox çətindir. Bu fənn gələcək həkimin formalaşmasında vacib olan 4 fundamental fənndən biridir. Canlı orqanizmdə gedən kimyəvi-bioloji prosesləri öyrənir. Ona görə tələbələr bir az ehtiyatla yanaşır. Biz də çalışırıq ki, bu fənnin onlara gələcəkdə lazım olacağını izah edək. Söhbət fənnin tədrisindən də çox müəllim-tələbə münasibətlərində intizamlılıqdır. Bu mənim subyektiv fikrimdir. Tələbə yaxşı oxuyursa, intizamı, tərbiyəsi zəifdirsə, o mənim üçün aşağı keyfiyyətli tələbədir. Tələbə həm yaxşı oxuyur, həm intizamlıdırsa, ondan yaxşı vətəndaş və həkim ola bilər. Elə tələbənin qiymətini də yüksək yazırıq.

Mənim fikrimcə, tibb universitetini bitirən tələbə gələcəyin ziyalısıdır. Onun dünyagörüşü geniş olmalı, o dil öyrənməlidir, dünyada gedən proseslərdən xəbərdar olmalıdır. Yaxşı həkim olmaqla kifayətlənmək olmaz. Onlar seçdikləri ixtisasın gələcəkdə inkişafından, yeniliklərindən, məlumatlı olmalıdırlar, dünyaya açılmalıdırlar, həkim pasient münasibətlərində səmimiyyət, saflıq olmalıdır. Onlar həm də milli maraqlarımızın müdafiəçisi olmalıdırlar. Mən də bu baxımdan çalışıram öz nümunəmlə gəncləri cəmiyyətə faydalı bir insan kimi ötürməkdə rolum olsun.

- İmtahan zamanı tələbələrin çox suallara bir qədər çətinliklə cavab verdiyini gördük. Biokimyanı yaxşı bilmədən həkim olmaq mümkündürmü?

- Bioloji kimyanı bilmədən yaxşı həkim olmaq mümkün deyil. Bu aksiomadır. Bu gün tibb həm də biokimya üzərində dayanıb. Hazırda hər şey cihazlaşır, avromatlaşır. İnsan orqanizmini Allah-təala çox mükəmməl yaradıb. Orqanizmdə gedən hər bir prosesin kimyəvi gedişatı, formulu var. Bioloji kimya canlı orqanizmlərdə gedən kimyəvi proseslərin tədqiqini həyata keçirir. Bu gün praktik təbabətdə bioloji kimyəvi analizlərsiz heç bir xəstəliyin diaqnostikası mümkün deyil. Diaqnoz yoxdursa, düzgün müalicə də mümkün deyil. Ona görə gələcəyin həkimləri xəstəlikləri gedişatını, onların diaqnoz edilməsi üçün bütün kimyəvi proseslərin gedişatını öyrənməlidir. Tələbə hələ III kursa kimi hara gəldiyini, gələcəkdə ona hansı fənnin daha çox lazım olduğunun fərqinə varmır. Fiziologiya, anatomiya, histologiya, bioloji kimyaya barmaqarası baxmaq olmaz.

- Bu il ölkədə bir çox sahələrdə ciddi islahatlar dalğasına start verilib. Eləcə də insanlar səhiyyə sahəsində islahatlar gözləyir. Sizin fürsətiniz olsaydı, bir siyasətçi kimi, səhiyyə sistemində ilk növbədə hansı dəyişikliyi edərdiz? Bu gün sizi qane etməyən məqamlar hansılardır?

- Səhiyyə, sağlamlıq keşiyində duran insanlar əvvəlcə bu sahənin məsuliyyətini dərk etməlidir. Təəssüf ki, Azərbaycanda yüksək səviyyəli səhiyyənin təşkilindən hələ ki danışmaq mümkün deyil. Bilirik ki, Azərbaycanda imkanı olan insanlar, məmurlar və ailələri çox vaxt burda müalicə almırlar. Amma Azərbaycanda elə sağlamlıq ocaqları, xəstəxanalar var ki, 100 ilə yaxındır ki, insanların sağlamlığının keşiyində durub. Bizdə də peşəkar, bacarıqlı həkimlər var. Mənə elə gəlir ki, milli səhiyyəmizin, formalaşması ADR dövründə, Xalq Cümhuriyyətinin tibb fakültəsinin təsis etdiyi dövrdən başlayıb. Problemlər çoxdur.

Səhiyyə strateji sahədir. Səhiyyədə ilk atılacaq addım əhalinin bugünkü istəyi olan tibbi sığortanın mükəmməl təşkilidir. Əhalinin normal müayinə və müalicəsini təmin etmək vədləri verirlər. Mənim buna düzü, inamım azdır. Tibbi maarifləndirmənin artırılması lazımdır. Səhiyyə hər bir vətəndaş üçün əlçatan olmalıdır. Xüsusən dərman təchizatı və istehsalında işlər axsayır.

Səhiyyə xalqın qulluğunda, dövlətin nəzarətində olmalıdır. Səhiyyə ayrı-ayrı oliqarxların himayəsindən, nəzarətindən çıxarılmalıdır. Yerliçilik, qəyyumçuluq aradan qaldırılmalıdır. Tibb sahəsində elmi potensial yüksəldilməlidir.

- Bəs Tibb Universitetində vəziyyət necədir? Axı gələcək səhiyyənin nümayəndələri burda yetişir. Tibb təhsillə bağlı nə kimi problemlər var?

- Bəli, mən bu sahənin içərisindəyəm və son illər tibb təhsilində xeyli işlər görülməsinə təşəbbüs göstərilir. Hesab edirəm ki, bu davamlı olacaqsa, iradə olacaqsa, gələcəkdə həkimlərimizin səviyyəsi yüksək olacaq. Bir fakt deyim. Ötən il Almaniyada Azərbaycan Tibb Universitetini bitirmiş keçmiş məzunlardan 100-dən artığı imtahan verərək, fəaliyyət üçün sertifikat əldə edib. Düzdür, tam ideallaşdırmaq istəmirəm, amma bizim universitetin divarları arasında tələbə olmuş insanlar yüksək səviyyəli Almaniya səhiyyəsində yer alacaq qədər yaxşı keyfiyyətli təhsil alıblar.

- Bəs siz sağlamlığınızı kimə etibar edirsiz? Heç siyasətçilərdən kiminsə xəstəliyinə diaqnoz qoyulmasında, müalicəsində rolunuz olubmu?

- Tibbin içərisində olmağım məni bu sahədə digər siyasətçilərdən bir qədər üstün edir. Həkim və alim kontingenti arasında fəaliyyət göstərirəm. Çalışıram bildiyim qədər əlaqələrimdən istifadə edib onların aldadılmaması üçün düzgün istiqamətləndirim. Olub belə hallar. Təmasda olduğum insanlara tibbi müayinə baxımından bilgilərim daxilində yardım edirəm. Mən diaqnoz qoymuram. Diaqnoz qoymaq üçün cihaz müayinələri, laborator analizlər və həkim təcrübəsi lazımdır. Amma biokimyəvi analizlərin nəticələrinə baxıb həmin insanda xəstəliyinin istiqamətini söyləyə bilirəm.


Öz sağlamlığımı isə tanıdığım yüksək səviyyəli həkimlərimizə etibar edirəm. Azərbaycanda çox yaxşı tibb məktəbləri, mütəxəssislər var. Mən öz həkimlərimizə inanıram. Hesab edirəm ki, insanlarımız həmin həkimləri tanısalar və müraciət etsələr, düzgün və tez müalicə olunarlar. Bizdə səhiyyədə narazılıqların çoxu düzgün mütəxəssisi tanımamaqdan irəli gəlir. Xüsusən, son illər yağışdan sonra göbələk kimi artan özəl müəssisələrdə, hələ həkim fəlsəfəsi və etikasının tam mənəmsənilməməsi ucbatından burda pasientlər aldadılır. O xəstəxanalar oliqarxlarındır, büdcədən oğurlanmış vəsait hesabına tikilmiş biznes obyektləridir. Bunlar aradan qalxmayana kimi, proses oturuşmayana kimi, səhiyyə sistemində bir aydınlıq yaranmayana kimi belə neqativ hallar olacaq.
Əgər pasient həkimini düzgün seçərsə, fırıldaqçılara rast gəlməzsə, müalicə üçün düzgün istiqamət seçərsə, Azərbaycanda əksər xəstəliklər üzrə sağalmaq mümkündür. Mən buna əminəm.

- Bəs bir biokimyaçı kimi sağlamlıq düsturunuz nədir?

- Çalışmaq lazımdır xəstəliyə yol vermədən profilaktik tədbirlər görülsün. Bunun üçünsə orqanizmi yaxından tanımaq, onun tələblərini bilmək lazımdır. Onun funksional fəaliyyəti nəticələrinin aradan qaldırılması – toksinlərin, şlakların çıxarılması, tullantıların neytrallaşdırılması çox vacibdir.

Orqanizmin tələb etdiyi qida maddələri qəbul olunmalıdır. Bu da səhiyyə maariflənməsindən asılıdır. Mən təəssüf edirəm ki, Azərbaycan vətəndaşlarının səhiyyə bilgisi çox aşağıdır. Bu yöndə sizin-tibbi saytların üzərinə böyük iş düşür. Ənənəvi və qeyri-ənənəvi təbabətin düzgün təbliği lazımdır. Yeri gəlmişkən, qeyri-ənənəvi təbabətin də öyrənilməsi vacibdir. Çünki bu sahə də kifayət qədər ciddi sahədir.

Orqanizmi şlaklardan, toksinlərdən təmizləmək üçün öz misalımda deyə bilərəm ki, səhər acqarına bir-iki stəkan çiy su içmək lazımdır. Əgər bura limon əlavə etsəz yaxşı olar. Gün ərzində, xüsusən səhərlər sarımsaq yeyə bilsəz təmizlənmə prosesinə kömək etmiş olarsınız.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.