“Vaqif Mustafayev Mehriban Zəkinin gününə min manat verir, bizim pulumuzu kəsir" — ƏMƏKDAR ARTİSTDƏN İLGİNC AÇIQLAMALAR

24-04-2019, 12:37           
“Vaqif Mustafayev Mehriban Zəkinin gününə min manat verir, bizim pulumuzu kəsir" — ƏMƏKDAR ARTİSTDƏN İLGİNC AÇIQLAMALAR
Əməkdar artist Arzu Hüseynov "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Arzu müəllim, hazırda nə işlə məşğulsunuz?
- Bir seriala çəkilmişəm, amma efirə verilib-verilməyəcəyini bilmirəm.
- Bəs teatrda çalışmadan, seriallara, filmlərə çəkilmədən necə dolanırsınız?
- Təqaüdlə dolanıram. "Space"də yayımlanan "Anaya" serialının 3-4 seriyasına çəkildim, hələ də pulumu ala bilmirəm. Amma Anaya rolunu oynayan Mehriban Zəkinin gününə min manat pul yazılır. Digər aktyorlar isə dekabrdan bu yana qonorar almırlar. Mehriban Zəki deyib ki, günümə min manat verin, çəkilim. Heç öz səsi də deyil. O gün bunu eşidəndə dəli oldum. Aktyorlar deyirlər ki, Mehriban Zəkiyə görə pulumuzu ala bilmirik. Düzdür, hər kəsin öz qiyməti var. Əslində, onun təqsiri yoxdur, öz qiymətini deyib, sən də istəmirsənsə çəkmə. Rasim Balayev də o vaxt hansısa seriala dəvət alanda deyibmiş ki, günümə iki min manat istəyirəm. Qonorarı ödəməyə pulları olmadığı üçün çəkmədilər. Vaqif Mustafayevin aktyorlara yazığı gəlmir. And içirlər ki, dekabrda aktyorlara 100-200 manat pul veriblər. Mən həmin seriala onuncu seriyadan sonra çəkilmişəm, altı gün çəkilişlərim olub.
- Serial harada çəkilir?
- Bakıxanov qəsəbəsində çəkirlər.
- Sizcə, qonorarla bağlı problem Mehriban Zəkinin hər çəkiliş günü üçün min manat qonorar tələb etməsidir?
- Onu deyə bilmərəm. Sözüm ondadır ki, bir adama ayda dörd min pul verirsən, o biri atkyorlara isə beş aydır qonorar vermirsən. Əgər pulun yoxdursa, bir az ucuz qiymətə çəkilən aktrisa tap da.
- Siz "Anaya"ya çəkiləndə qiymət danışmışdınız?
- Mənimlə müqavilə bağlanmadı, qiymət də deyilmədi. Serialın rejissoru Nicat Manafov dostumdur, onun heç bir günah yoxdur.
- Bəs sizi seriala çəkilməyə kim dəvət edib?
- Nicat Manafov zəng vurdu ki, gəl, səni seriala çəkək. Qonorarı soruşdum, dedi ki, olacaq. Amma bundan əvvəl də bir seriallarına çəkilmişdim, pul verməmişdilər. Əvvəlcə günümü yazmışdılar, sonra pulumu istəyəndə dedilər ki, pul yoxdur. Ən məşhur sözləri də puldur. Serialın çəkildiyi villanın sahibi vəfat etdiyinə görə məni klinikada çəkdilər.

- Belə anladım ki, serial başqa məkanlarda çəkiləcək?
- Ümumiyyətlə, serialın çəkilişi dayandırılmışdı.
- İndiyə qədər başqa hansı rejissorlar pulunuzu kəsib?
- Elçin Cahangirli mənə heç vaxt pul verməyib (gülür). Digər aktyorlar da deyir ki, pul almamışıq.
- Əvvəlcədən deyir ki, qonorarsız çəkiləcəksiz?
- Mən bir az üzüyumşağam da. Başqa aktyorlar da and içir ki, vermir. Məsələn, "Xəzər" televiziyasında Ramin Hacıyevin çəkdiyi "Ay yay yay" serialına dəvət etdilər. İki gün çəkildim, iki yüz manat pul verdi, yola saldı, narazı qalmadım. Əslində, bütün rejissorlar mənim maddi durumumu bilirlər.
- Yadımdadır ki, beş il əvəvlki müshaibəmizdə bildirmişdiniz ki, bəzən aylarla evə ət ala bilmirsiniz...
- Söhbət ətdən getmir e. Evdə kimsə xəstələnəndə dərman ala bilmirik. Aldığım təqaüd dolanışığımıza güclə çatır. İraq olsun, kimsə xəstələnəndə həkimə gedə bilmirik. Neçə ildir dişim yaman gündədir, dişlərim mırıqdı. Bəlkə də dişimə baxıb deyirlər ki, bunun nəyiniu çəkək? Dişimi düzəltdirməyə pul tapa bilmirəm.
- Aktyor olduğunuz üçün peşmansınızmı?
- Əslində, yaxşı layihələr də yazıram, amma televiziyalara təqdim edəndə deyirlər ki, sponsor da gətir. "Lider" və ARB kanallarına "Məsləhətxana" adlı layihə göndərdim, qəbul etmədilər.
- Yenidən teatrda işləmək istərdinizmi?
- O vaxt gözümə görə Bakı BƏlədiyyə Teatrından ayrıldım. Çünki qaranlıq səhnələrdə oynaya bilmirdim. Gözüm əməliyyat olunsa da, sol gözüm demək olar ki, görmür, sağ isə əməliyyatdan sonra bir az düzəlib. İndi işə götürsələr, işləyərəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.