YAP-a BİRLƏŞDİYİ ELAN EDİLƏN PARTİYANIN SƏDRİ FİKRİNDƏN DAŞINIB? - "Hazırda müxtəlif versiyalar üzrə söhbət gedir"

6-03-2021, 20:15           
YAP-a BİRLƏŞDİYİ ELAN EDİLƏN PARTİYANIN SƏDRİ FİKRİNDƏN DAŞINIB? -
"Martın 5-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında iştirak etdim. Öncə onu deyim ki, müasir çətinliklər nəzərə alınarsa, qurultay çox yüksək səviyyədə keçirildi. Edilən çıxışların əksəriyyəti qəlbimcə oldu. Qurultayda ölkə prezidenti və YAP sədri İlham Əliyevin hərtərəfli siyasi manevrlərlə əhatə olunmuş nitqi, sadəcə bir ölkə vətəndaşı olaraq qəlbimi fərəhləndirdi, sabahımıza olan inamımı daha da artırdı".
"AzPolitika.info" xəbər verir ki, bunu dünən YAP-a birləşdiyi elan olunan Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu sosial şəbəkədəki hesabında yazıb.
O qeyd edib ki, təmsilçisi olduğum partiya adından, YAP-ın qurultayında seçilmiş rəhbər orqan nümayəndələrinə uğurlar diləyir, qarşıya qoyduqları məqsədə çatmalarını arzulayır.
"Sosial şəbəkədə bəzi adamlar haqqımda xoşagəlməz hədyanlar danışırlar. Bunu sensasiya yaratmaq xatirinə etdiklərini nəzərə alaraq, çox da qabartmıram. "Amma bu sensasiyaya xalqımızın ehtiyacı varmı sualına" hələ ki, cavab tapa bilmirəm",- deyə Turabxanoğlu vurğulayıb.
Partiya sədri hələlik YAP-a birləşmədiklərini iddia edib: "Prezident qrultayda təklif etdi ki, YAP üç ay müddətinə yeni proqram hazırlayıb təsdiq etsin. O proqram səviyyəli hazırlanarsa, buna söz ola bilməz. Hazırda müxtəlif versiyalar üzrə söhbət gedir".
Maraqlıdır ki, qurultaydan qabaq Rafiq Turabxanoğlu YAP-a birləşəcəkləri xəbərini təsdiqləmişdi: “Dövlətimiz, xalqımız üçün mənim nəzərdə tutduğum bir sıra mühüm məsələlər, həllini gözləyən ideyalar var ki, onların həyata keçirilməsinə mütləq dövlət səviyyəsində aparılan işlə nail olmaq mümkündür.
Bunun üçün də, xüsusilə mən Vətən müharibəsindən sonra qərara gəldim ki, partiyamız hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasına qoşulsun. Biz də hakimiyyətdə olan partiyanın təmsilçisi kimi həmin vacib ideyaların reallaşması işində iştirak edək. Dövləti güclü dövlət etməliyik. Mən digər partiyalara da bununla bağlı müraciət edəcəyəm. Hamımız birləşməli, dövləti gücləndirməliyik. Ölkədə çoxlu sayda partiyanın olmasındansa üç-dörd güclü partiya fəaliyyət göstərməlidir”.
R.Turabxanoğlu həmçinin qeyd etmişdi ki, partiyasının rəhbər strukturları bu qərarı qəbul ediblər.
Dünən qurultayda YAP-a birləşən partiyaların arasında Azərbaycan Xalq Demokratik Partiyasının da olduğu qeyd edilib. Partiyadan da bu təkzib edilməyib.
Maraqlıdır, qurultaydan bir gün sonra R.Turabxanoğlunun mövqeyinin dəyişməsinə səbəb nə olub?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.