Prezident İlham Əliyevin İRİB-ə müsahibəsi:“İran davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir”

22-02-2016, 00:21           

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gedəcək. Səfər öncəsi Azərbaycan prezidenti İran dövlət radio və televiziyasına (İRİB) müsahibə verib. Prezident Tehran səfərinin məqsədi və iki ölkə arasındakı əlaqələr barədə sualları cavablandırıb.
teref.az Strateq.az-a istinadən Prezident İlham Əliyevin İRİB-ə müsahibəsinin tam mətnini təqdim edir:


– Zati-alinizin İran İslam Respublikasına səfərinin məqsədi nədir və İranla əlaqələri genişləndirmək üçün hansı proqramlarınız vardır?
– Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhanin dəvəti əsasında baş tutacaqdır. Qeyd etmək istərdim ki, biz İran Prezidenti ilə bundan əvvəl artıq dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycana rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılmış, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanmışdır.
İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaqdır. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaqdır.

– İranla Azərbaycan həm də iqtisadi sahədə sıx əməkdaşlıq edirlər. Lakin ölkələrimiz arasında uzun sərhədlər, çoxlu müştərəkliklər və yaxşı iqtisadi potensial olmasına baxmayaraq, ticarət dövriyyəsi bir o qədər də böyük deyil. Belə olan halda ticarət dövriyyəsinin artırılması üçün hansı proqramlarınız vardır?

– Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf etmişdir. Bununla yanaşı, hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək.
Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyaların təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış etmişdir. Hal-hazırda həmin təkliflər nəzərdən keçirilir.
Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilmişlər. Biz respublikamızın tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdənsə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir.

– Regionda təkfirçi qrupların terrorizmi genişləndirməyə çalışdıqlarını nəzərə alaraq, Siz bu məşum fenomen ilə mübarizədə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?

– Terrorizm hazırda sivil beynəlxalq münasibətlər sistemini, regional təhlükəsizliyi və ayrı-ayrı ölkələrin sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini, o cümlədən bizim regionu və ayrı-ayrılıqda hər bir dövləti ciddi narahat edir və etməlidir. Afrika qitəsində, postsovet məkanında, Yaxın Şərqdə müharibə və lokal silahlı insidentlər nəticəsində milyonlarla insan öz torpaqlarından didərgin salınmış, milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxmış, humanitar fəlakət günümüzün acı reallığına çevrilmişdir.
Qeyd edim ki, 1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkmişdir. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törətmiş, Dalıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə yeksan edilmiş, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və təəssüf ki, bu gün də davam etdirilir. Buna görə də biz terrorla üzləşmiş ölkələri və xalqları çox yaxşı anlayırıq.
Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk. Çünki hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir.
Azərbaycan İranla və digər dövlətlərlə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır.

– Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçilik fəaliyyətini necə dəyərləndirirsiniz? Münaqişənin həlli üçün islam və region ölkələrinin imkanlarından istifadə etmək barədə fikriniz nədir?

– 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, xalqımız etnik təmizləməyə məruz qalmış, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş torpaqlarda bütün iqtisadi və sosial infrastruktur, mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılmışdır. Ermənistan BMT başda olmaqla dünyanın aparıcı təşkilatlarının işğal altında olan torpaqların azad olunmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Təəssüf ki, dünya birliyi bu günə kimi problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməmişdir. O cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu günə kimi heç bir nəticə verməmişdir. Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyildir. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan – dini ayrı-seçkilikdən qaynaqlanır. Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik.
Qeyd etmək istərdim ki, İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişlər. Buna görə İran İslam Respublikasına minnətdarlığımızı bildirir və bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk.
İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənmiş və işğal faktına son qoyulması tələb olunmuşdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq.

– Bəzi şayiələr gəzir ki, Azərbaycan Respublikasında müsəlmanlar, xüsusilə şiələr öz dini fəaliyyətlərinin icrasında məhdudiyyətlərlə üzləşirlər. Bu barədə nə deyə bilərsiniz?

– Sizin qeyd etdiyiniz kimi, bu tipli məlumatlar yalnız şayiə ola bilər. Azərbaycanda tarix boyu heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmamışdır, fərqli millətlərin, konfessiyaların, dini cərəyanların nümayəndələri daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Ölkə Konstitusiyası və mövcud qanunvericilik vicdan və dini etiqad azadlığına tam təminat verir və gündəlik həyatda da dindarların fəaliyyətinə heç bir maneçilik törədilmir.
Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərmişdir. Müstəqillik illərində dini məbədlərin, məscidlərin sayı xeyli dərəcədə artmışdır. Hazırda Bakıda və digər yaşayış məskənlərində 2 mindən artıq məscid mövcuddur. Ölkənin ən böyük məscidi olan Heydər məscidi mənim sərəncamımla dövlət vəsaiti hesabına inşa edilərək dindarların ixtiyarına verilmişdir.
Azərbaycan bütün dünyada İslam mədəniyyətinin təbliğinə böyük diqqət göstərir və maliyyə vəsaiti ayırır. Buna misal kimi ölkəmizin Avropada və dünyanın digər bölgələrində təşkil etdiyi aksiyaları, keçirilmiş sərgiləri göstərmək olar. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyaya nümunə kimi qəbul olunur. İslam Konfransı Təşkilatı Azərbaycanda İslam dininin vəziyyəti, dinlər və konfessiyalararası münasibətləri həmişə yüksək qiymətləndirmişdir.
Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar.
İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə biz İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəmizi veririk. Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi neqativ meyllərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.