“Vətən müharibəsinin digər iştirakçılarının sosial problemləri yaddan çıxarılır” - Deputat

21-04-2022, 09:09           
“Vətən müharibəsinin digər iştirakçılarının sosial problemləri yaddan çıxarılır” - Deputat
“Şəhid ailələrinin nümayəndələri, Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması üçün ayrı bir layihə lazımdır”.
Bu sözləri Bakupost.az -a millət vəkili Rüfət Quliyev şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması ilə bağlı problemlərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi şəxsləri ilə bəzi danışıqlar aparılıb:
“Dövlət şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması istiqamətində müəyyən proqramlar həyata keçirir. Cənab Prezident dəfələrlə qeyd edib ki, bu ailələrə, insanalara qarşı xüsusi diqqətli, nəzakətli, həssas olmaq və onlara kömək etmək lazımdır. Bu gün daha çox problem həmin həssas qrupun işlə təmin olunmasındadır. Regionlarda iş yeri yox vəziyyətindədir deyə bu insanları özünəməşğulluğa cəlb etmək daha məqsədyönlü olardı. Bununla əlaqədar mənim nazirliklə xüsusi danışıqlarım olub və bu danışıqlar davam edir. Başa düşürəm ki, bütövlükdə götürəndə şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçılarının hamısı sahibkar ola bilməz. Lakin bu həssas təbəqənin nümayəndələri üçün daha bir proqram tətbiq edib yenidən onlarla işləmək olar. Həqiqət belədir ki, bu insanların sahibkarlıqla məşğul olmaq istəkləri var. Bunun üzərində ciddi işləmək lazımdır. Məsələn, kənd təsərrüfatı ilə məşğul olmaq, iri və xırdabuynuzlu heyvanlar saxlamaq, əkin-biçin, usta sexləri açmaq kimi işləri həyata keçirmək mümkündür”.
R.Quliyev qeyd edib ki, şəhid ailələri və müharibədə yaralanmış qazilərin sosial məsələri ilə dövlət qurumları ciddi məşğul olur, amma nədənsə Vətən müharibəsinin digər iştirakçıları yaddan çıxarılır:
“Vətən Müharibəsi iştirakçılarını yaddan çıxartmaq olmaz. Ona görə ki, bu insanlar Vətən uğrunda müharibədə iştirak etmiş adamlardır. Onlara qarşı həssas və diqqətli olmağa ehtiyac var. Doğrudur, bir çox sosial problemlər həll olunub. Özüm də həmin insanlarla görüşürəm, gündəlik əlaqə saxlayırıq. Cənab Prezident, nə tapşırıq veribsə, çoxu həyata keçirilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.