Polad Həşimovu kimlər şərləmək istəyib? – Kamil Musəvinin xatirəsi

21-04-2022, 08:38           
Polad Həşimovu kimlər şərləmək istəyib? – Kamil Musəvinin xatirəsi
Qarabağ qazisi Kamil Musəvi əfsanəvi generalımız Polad Həşimovla bağlı olduqca maraqlı xatirəsini paylaşıb.

Yenipress.az keçmiş döyüşçünün xatirəsini təqdim edir:

“Bir neçə ay bundan öncə Polad Həşimovla bağlı yazı yazıb demişdim ki, zaman gələcək, o insanın mənə dediklərini sizlərlə bölüşəcəm. Bu da həmin zaman. Tərtər hadisələrinin yenidən araşdırılması Polad komutanın dediklərini sizinlə bölüşməyə imkan verdi.

General Polad Həşimov mənim xidmət etdiyim korpusun qərargah rəisi olmuş və yaralanandan sonra medalımı da şəxsən özü təqdim etmişdi. Aprel döyüşləri bitəndə Polad Həşimovun yerini Şəmkir korpusuna dəyişdirmişdilər. Günlərin birində komutanla Qazaxda görüşdük və Aprel döyüşləri haqqında mənə qaranlıq qalan bir çox suallar verdim. Polad Həşimov bütün suallarımı cavablandırandan sonra ağlımda olan son sualı da verdim, dedim, komutan, bu qədər qəhramanlıqdan sonra sizi niyə yüksək vəzifəyə yox, bura eyni vəzifəyə göndərdilər?

Polad Həşimov gülərək dedi:

- Yüksək vəzifə nədir? Hələ məni şərləyib başqa tədbirlər görmək istəyirdilər. Bəzi yüksək rütbəlilər döyüşdə etdiyim uğurlu əməliyyatları guya etməmişəm kimi üzərimə yıxmağa çalışırdılar. Mən də onları yaxşı tanıdığım üçün döyüş meydanında bir çox əməliyyatların video-çəkilişini etmişdim. O çəkilişləri göstərəndən sonra heç nə edə bilməyəcəklərini başa düşüb, məni yanlarından uzaqlaşdırıb, bura göndərdilər. Mən də ərizəmi yazmışam, ehtiyata çıxacam.

Komutanın ərizə yazdığını eşidəndə heyfsilənərək dedim:

- Sizi kimi komandirlər getsə, bəs biz kimlərə baxıb örnək alacağıq?

O da mənə dedi:

- Neyləyim, Kamil, bunlarla xidmət etmək heç cür mümkün olmadı.

Polad Həşimov kimi insana qarşı belə addımların atıldığının şahidi olandan sonra Tərtər hadisəsinin də bir qurama olduğunu anladım. Başa düşdüm ki, bu hadisəni təşkil edənlərin məqsədi döyüşdən qalib çıxan ordunu cəmiyyətə xain kimi təqdim edərək gözdən salmaq və şəxsi heyətin döyüş ruhunu sındırmaq idi.

Düşünürəm ki, əgər bu olaylar dəqiqlik və dürüstlüklə araşdırılsa, hadisənin altında rus agenturasının və onlara xidmət edən xainlərin barmağının olduğunun şahidi olacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.