“Korrupsioner nazirlər var ki, hər gün ibadət edir” - Partiya sədri

22-04-2022, 19:10           
“Korrupsioner nazirlər var ki, hər gün ibadət edir” - Partiya sədri
Ramazan ayının artıq 21-ci günüdür. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, ölkədə oruc tutanlar arasında möminlərlə yanaşı əvvəllər spirtli içki qəbul edən çoxlu sayda insan, o cümlədən müxtəlif vəzifələrdə çalışan məmurlar da var. Bu isə bəzən müzakirələrə, hətta mübahisələrə səbəb olur. Cəmiyyətdə belə rəy var ki, rüşvət alan oruc tutmamalıdır. Lakin elələri var ki, oruc tuta-tuta da rüşvət alırlar. DİA.AZ-ın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu Yenisabah.az-a açıqlamasında deyib ki, heç vaxt rüşvət almayan insanlar var ki, islam dininə mənsub deyillər:

“Onların dinləri başqadır və ya dinsizdirlər. Söhbət insanlıqdan gedir. İnsan olan şəxs heç vaxt rüşvət almaz. Korrupsiyaya qurşanıb, başqasının haqqına girməz. Bizim bəzi insanlarımız elə din içərisində din bəsləyirlər və özlərini qoruyub saxlayırlar. Haram yemir, yalan danışmırlar”.
M.Mirəlioğlu qeyd edib ki, bu gün elə korrupsioner nazirlər var ki, büdcəni talayıb, oruc tuturlar:

“Elə korrupsioner nazirlər var ki, hər gün ibadət edib, yalan danışırlar. Həm ibadət edir, həm də ev yıxırlar, başqasının haqqına girirlər. Oğurluq edib, büdcəni talayırlar. Bu yolverilməzdir. Bununla cəmiyyəti aldada bilərlər. Bəs özlərini necə, aldada bilirlərmi? Vicdanı, Allahı qarşısında həmin şəxslər günahkardırlar. Təbii ki, bunların cavabını verəcəklər.

Bu bizim əzəli və əbədi müzakirə mövzumuzdur. Tarixdə başqa məsələlər də var ki, Allahı çağırmaqla qan tökmək, baş kəsmək olmaz. Allahu-Əkbər deyib, insan başı kəsmək olmaz. Onun üçün də cəmiyyətimizdə dəyərlər bir-birinə qarışdığına görə, ədalətsiz cəmiyyətin dürüstə çevrilməsi üçün bu suallar ortaya çıxır. Bu günahı edirsə, niyə ac qalır? Oruc tutur əməlləri düz deyil. Şəriətdə bu düzgün deyil. Qurani-Kərimdə hamısı var. Yenilik gətirə bilmərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.