“Min manata görə qaladan aşağı düşdüm, Yuli Qusman isə məni aldadıb, pulumu vermədi...”

25-04-2022, 09:37           
“Min manata görə qaladan aşağı düşdüm, Yuli Qusman isə məni aldadıb, pulumu vermədi...”
“Yaş kompleksim yoxdur, heç vaxt da olmayıb. İnsan cavan olanda yaşının üstünə yaş qoyur, məsələn 20 yaşı varsa deyir ki, 25 yaşım var. Amma 30 yaşdan sonra yaşını azaldır. Mən heç vaxt yaşımı gizlətməmişəm, 65 yaşım olur, yubiley doğum günüdür. Bir dəfə Eldar Quliyevin “Burulğan” filminin çəkilişində idik. Orada baş rolda Litvalı aktrisa Eqle Qabrenayte çəkilirdi. O zaman 35 yaşı var idi. Operator ona dedi ki, Eqle, ağ saçlarını gizlət! O da pərt oldu, dedi ki, mən bu ağ saçlara illərimi vermişəm, onu zəhmətim hesabına qazanmışam”. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Həmidə Ömərova deyib. O daha sonra əlavə edib.

“Keçdiyim ömür yoluna, sənət yoluna yuxu kimi baxıram. Hərdən düşünürəm ki, həqiqətən də bunlar yaşanıb? Həyat anlardan ibarətdir, hər anımızı yuxu kimi xatırlayırıq. Təki yaxşı yuxu kimi xatırlayacağımız anlar çox olsun. Təbii ki, pis anlar da olub. O anlara tez-tez qayıtmıram. Əgər sənətim olmasaydı yəqin ki, həyata tez təslim olardım. Xatirələr insanı yaşadır. Mənim kinoda yəqin ki, bəxtim gətirib. Soruşsanız ki, ilk filmin hansı olub? Deyərəm ki, "Anlamaq istəyirəm" və "Qızıl uçurum" filmləri. Çünki bir ildə, eyni vaxtda iki filmdə çəkilirdim” deyə aktrisa bildirib.

Xalq artisti filmlərdəki təhlükəli səhnələrdən də danışıb.

“"Qorxma mən səninləyəm" filmində hər birimizin öz kaskadyoru var idi. Amma mənim kaskadyorum son anda çəkilməkdən imtina etmişdi. Filmin rejissoru Yuli Qusman mənə dedi ki, sən filmdəki roluna görə nə qədər qonorar alacaqsan? Dedim ki, min manat. Dedi ki, mən sənə min manat artıq verirəm, sən iplə bu qaladan aşağı düşərsən. Min manata görə 11 metr hündürlüyündəki qaladan aşağı düşdüm, əvəzində isə aldandım (gülür). Biz o vaxt kinoya canımızı qoyurduq, həqiqi mənada kino fədailəri idik. Kino canlı tarixdir, lentdə həmişəlik qalır. Vaxt gələcək biz olmayacağıq, amma bizim çəkildiyimiz filmlər efirdə göstəriləcək” deyə xalq artisti bildirib.

Həmidə Ömərova oynamaq istədiyi rollardan da danışıb.

“Biz 44 günlük müharibədə qalib gəlmiş ölkəyik. Düzdü bu müharibəni biz asanlıqla qazanmadıq, şəhidlər verdik, qazilərimiz oldu. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə şəfa versin. Biz elə bir dənə Şuşanın alınması haqda film çəkə bilərik. Görün qəhrəman övladlarımız oranı necə azad etdilər.. Canları, qanları hesabına, əlbəyaxa döyüşərək. Çox istərdim ki, oğlunu müharibəyə yola salıb, onu qarşılayan, gözü yolda qalan ana obrazları oynayım. Əsas odur ki, bu mövzuda maraqlı ssenarilər yazılsın” deyə xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.