“Neft manatın arxasında dayanıb... Əhalinin sosial durumunu yaxşılaşdırmaq lazımdır"

26-04-2022, 00:04           
“Neft manatın arxasında dayanıb... Əhalinin sosial durumunu yaxşılaşdırmaq lazımdır"
“İnflyasiya və qiymət artımı qlobal prosesdir. Dövlətimiz yeni sosial tədbirlər görməli və insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır”.
Bu sözləri millət vəkili Azər Badamov Bakupost.az -a verdiyi açıqlamada qeyd edib.
O, qlobal istiləşmə və quraqlığın qida istehsalı sahəsinə təsirini vurğulayıb:

“Qlobal istiləşmə, təbii ki, aqrar sahədə orta məhsuldarlığın azalmasına təsir göstərir. Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatına malik ölkədir. Yağıntıların az olması çaylardakı suyun səviyyəsini kəskin azaldır. Nəticədə becərilən kənd təsərrüfatı məhsullarının suvarılmasının vaxtında həyata keçirilməsində çətinliklər yaranır. Ona görə də dövlət başçımızın tapşırığı ilə su ehtiyatlarının təftişi aparılır və gələcəkdə çayların üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır. Quraqlığın davamlı olması həm də aqrar sahəyə yenidən baxılması üçün bir çağırışdır. Yəni ənənəvi suvarma sistemlərinin yerini daha qənaətli və keyfiyyətli innovasiyalı suvarma sistemləri əvəz etməlidir. Düzdür, bu, əlavə xərc tələb edir, amma bir dəfə qurulandan sonra bu sistemlərin verdiyi effekt ənənəvi üsulla suvarmadan qat-qat üstün olur”.
Millət vəkili milli valyutaların dəyəri ilə bağlı fikirlərini bildirib:
“Bu gün bahalaşma qlobal problemdir. Dünya bazarlarında malların bahalaşması bütün ölkələrin daxili bazarlarına öz təsirini göstərir. Dünya ölkələrinin milli valyutalarının alıcılıq qabiliyyəti aşağı düşür. Kimsə dolların və ya avronun alıcılıq qabiliyyətinin yerində qaldığını, manatın alıcılıq qabiliyyətinin isə aşağı düşdüyünü düşünürsə, çox səhv edir. Dollar da, avro da ucuzlaşır. O cümlədən, manatın alıcılıq qabiliyyəti də azalır. Azərbaycan dünyanın bir parçası olduğundan dünyada baş verən proseslər milli iqtisadiyyatımıza mənfi təsir göstərir. Amma əsas ixrac məhsulumuz olan neft manatın arxasında dayandığı üçün dünya valyutalarına nisbətdə manat ucuzlaşmır. Bu gün region ölkələrinin milli valyutaları avro və dollara nisbətdə kəskin ucuzlaşdığı halda milli manatımız öz sabitliyini qoruyub saxlayır. Bu, dünya iqtisadiyyatında baş verən proseslərdən iqtisadiyyatımızın müəyyən qədər qorunmasına imkan verir”.
A.Badamov ərzaqlıq buğdaya olan təlabat haqqında da danışıb:
“Ərzaqlıq buğdanın 25%-i ölkəmizdə istehsal olunur. Qalan hissəsini isə biz Rusiya və Ukraynadan idxal edirik. Bu gün Rusiya-Ukrayna müharibəsinin davam etməsi ərzaqlıq buğda ilə təminatın həyata keçirilməsində yeni çağırışlar meydana gətirib. Hökumətimiz bununla bağlı müəyyənn addımlar ataraq buğda ehtiyatının artırılması üçün işlərini davam etdirir. Amma ərzaqlıq buğdanın idxaldan asılılığının aradan qaldırılması üçün də bir neçə məsələnin həllinin tapılması vacibdir. İlk növbədə, ölkədə orta məhsuldarlığın artırılması istiqamətində tədbirlər genişlənməlidir. Yəni buğda əkinində intensiv üsullardan istifadə etməklə ölkə üzrə orta məhsuldarlıq 45 s-ə çatdırılarsa, taxıl idxalından asılılığı aradan qaldırmış olarıq. Həm də işğaldan azad olunmuş ərazilərdə taxıl əkini həyata keçirilməsi genişləndirilir. Ərazilər minalardan təmizləndikcə yenidən torpaqlar dövriyyəyə cəlb olunur və həmin sahələrdə də əkin işləri aparılır. Bu da uzunmüddətli prosesdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.