“Yeni gələnlər köhnələri pisləyir, təhqir edir” — Çingiz Abdullayev
15-07-2016, 10:18
“Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan Makedoniya “Şkendiya”sı ilə ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Terefş.info Futbolinfo.az-a istinadən müsahibəni təqdim edir:
- Qolsuz heç-heçə sizi əsəbləşdirmədi?
- Hesab edirəm ki, şansımız var. Görürsünüz, pis oynamamışıq. İnanıram ki, növbəti mərhələyə keçə bilərik. Səfərdə yaxşı oynayacağımıza ümid edirəm. Orada 1:1 hesablı bərabərlik bizə sərf edir.
- Baş məşqçi Vəli Qasımov mətbuat konfransında bildirdi ki, komandanın müdafiə xəttində problemlər var. Amma sıxıntı daha çox hücum xəttində hiss olunur. Komandaya yeni hücumçu cəlb etməklə bağlı işlər nə yerdədi?
- Biz də bunu istəyirik, yaxın vaxtlarda həll edəcəyik. Transfer məsələləri ilə klubun prezidenti və ya Müşahidə Şurasının sədri məşğul olmur. İdman direktoru var. Baş məşqçi hansı mövqeyə futbolçu istədiyini söyləməlidi və buna uyğun iş aparılmalıdı. Sizə bir sirri açım: yalnız bir hüçumçu yox, 2-3 oyunçu ala bilərik.
- Baş məşqçi bildirib ki, istədikləri oyunçunu tapa bilmirlər. Problem nədədir? Maliyyə sıxıntısı var?
- “Neftçi”də? Xeyr, bizim maliyyə problemimiz yoxdu. Sağ olsun sponsorumuz, hamısından yaxşıdı. Mən klubun köhnə rəhbərliyinə təşəkkür edirəm, klubu qaldırmışdılar. Düzdü, bəzi problemlərimiz var idi, biz onları yavaş-yavaş həll edirik. Yəqin ki, ilin sonuna qədər, bəlkə də, avqustadək həmin problemləri bir dəfəlik bağladıq.
- Problem Emil Mpenzanın 1 milyon borc məsələsidi?
- Onu siz demisiz, biz yox. Amma biz ödəyirik. - “Neftçi”nin sabiq rəhbərliyinə təşəkkür etdiniz. Bu, 1 milyon borca görədi? - Mən ona görə təşəkkür etdim ki, bura gələndən sonra klubda, xüsusən də “Neftçi”də işləməyin necə çətin olduğunu gördüm. Bu cür peşəkar kluba rəhbərlik etmək çətindi. Bu bir pis ənənədi ki, yeni gələnlər köhnələri pisləyir, təhqir edir. Mən isə onların gördükləri işləri çox bəyənirəm. Bəzi məsələlər qalıb ki, onları da 2-3 aya həll edəcəyik.
- Bu heyətlə klubun hədəfi nədi?
- Hədəf ən azı ilk “üçlüy”ə düşməkdi. Hər dəfə tənqid yox, təhqir edəndə, fikirləşirəm ki, bir klub ard-arda 2 il finala çıxsaydı, onu hər yedə tərifləyərdilər. Siz elə bilirsiz ki, “Qəbələ”ni səfərdə udmaq asandı? “Qəbələ” yaxşı oynayır, Qriqorçuk gözəl məşqçidi. Amma biz buna nail olduq. Təbii ki, bu il də ən azı kubolda finala çıxmaq və çempionatda “üçlüy”ə düşmək istəyirik. Buna inanırıq və çalışırıq.
- Cavab oyunu Milli Mətbuat gününə təsadüf edir. “Neftçi” mərhələ keçməklə jurnalistləri təbrik edə biləcək?
- Mən inanıram. İnanın ki, dünyada bunu mənim qədər istəyən ikinci adam yoxdu. Mən jurnalistika ilə bağlı insanam. İnanıram ki, bəzi jurnalistlər də bizimlə Makedoniyaya gedəcəklər.
- Hər bir komandada yerli futbolçulardan çox şey asılıdı. “Neftçi”dəki futbolçuların işi sizi nə qədər qane edir?
- Doğrudan da, bizdəki uşaqlar çox cavandılar. Əksəriyyət 20-22 yaşlarındadı. Bəlkə də, bu pisdi. 30 yaşında 1-2 nəfər lider də ola bilərdi. Amma bizim Araz Abdullayevimiz də var. İnanıram ki, indiki gənclər gələcəkdə daha da yaxşı olacaqlar. Siz görürsüz ki, komanda dəyişir. Ötən mövsüm də son turlarda yaxşı çıxış edib, avrokuboklara vəsiqə qazandıq. Çox böyük problemlərimiz vardı, onları aradan götürdük. İnanırıq ki, növbəti mövsüm daha uğurlu olacaq.
- Növbəti mövsüm Premyer Liqada 8 komandanın olması sizin işinizi asanlaşdırır?
- İnanmıram asanlaşdırsın. İndi “Qarabağ” doğrudan da güclüdü. Digərləri bərabər səviyyədə idi. Ötən mövsüm “Rəvan”, problemləri olan “Xəzər Lənkəran” vardı. Hesab edirəm ki, yeni mövsüm daha çətin keçəcək.
- “Neftçi”nin əzəli rəqibi “Xəzər Lənkəran”ın dağılması sizi məyus edir?
- Belə gözəl, minlərlə azarkeşi olan komandanın olmaması mənə təsir edir. İstərdim daha çox komada olsun. AFFA da qarşıya belə bir məqsəd qoyub.