Xaləddin İsgəndərov FHN-in şefini hədəfə gətirdi.

22-05-2015, 09:31           
Xaləddin İsgəndərov FHN-in şefini hədəfə gətirdi.
Binəqədinin icra başçısı “Yeni Müsavat”a danışdı; Xaləddin İsgəndərov: “Bu yanğınla bağlı şəxsən mənə heç bir irad olmayıb”

Azadlıq prospektində, Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğının əks-sədası davam edir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov “Yeni Müsavat”a müsahibəsində baş vermiş yanğın və onunla bağlı bütün suallara aydınlıq gətirdi. Müsahibimiz öncə son durumla bağlı məlumat verdi.

- Son durum belədir ki, hər kəs yerləşdirilib, dəfn mərasimləri təşkil olunub. Hansı bina ilə bağlı ekspert rəyi verilib ki, üzlüyü sökülsün, onlarla bağlı prospektdə bu gündən söküntülərə başlanılıb.

- Analoji binalar var ki, onların da üzlükləri həmin materialdan hazırlanıb. Onlarla bağlı qərar necədir?

- Hamısına bir-bir baxılır, ekspert o gündən rəyini verib. Hansına ki, rəylər verilib ki, üzlükləri sökülsün, onları sökürlər. Hazırda 5 binada söküntü başlanıb.

- Azadlıq prospektindəki binalarda da?

- Bəli, həmin 16 mərtəbələrdə. Dördündə başlanıb, birində də artıq başlanır.

- Onlar söküləndən sonra yerinə nə vurulacaq?

- Hələ bilmirəm nə qərar verəcəklər. Fövqəladə Hallar Nazirliyi də baxacaq, qərar verəcək. İlkin qərar budur ki, boya ilə olacaq. Amma indi hələ dəqiq deyil.

- Təkliflərdən biri budur ki, üzlüklər çəkilənə qədər binaların yanına polislər qoyulsun. Bir başqa məmur təklif edir ki, yanğınsöndürən maşınlar binaların yanında hazır vəziyyətdə saxlanılsın və sair... Siz necə düşünürsüz, bu təklifləri həyata keçirmək olarmı?

- Fövqəladə hallar naziri də cənab prezidentə müşavirədə bildirdi ki, özləri də o binalarla bağlı xüsusi “naryad” ayırıblar, binalar nəzarətdə saxlanılır. Yəni nazirlik bunu nəzarətə götürüb. Özünüz də bilirsiniz ki, bina yanarsa, onun yanma təhlükəsi o qədər sürətlidir ki, adi yanğın söndürən maşınla alovun qarşısını almaq çətindir. Bununla paralel, ekspertin sökülmə rəyi verdiyi binaların üzlüklərinin də sökülməsi gedir.

- İddia var ki, üzlükləri kafel kimi divara xüsusi mata ilə yapışdırmaq lazımdır və ancaq bu halda təhlükəsiz olar...

- Onu mən deyə bilmərəm. Bunu Fövqəladə Hallar Nazirliyi deyə bilər. Bu sahə üzrə fəaliyyət göstərən şirkətlər var. Onlara xüsusi lisenziya verilir - olar, olmaz, necə olar... Bu, mənim işim deyil. İcra hakimiyyəti olaraq baxırıq ki, hansının sertifikatı var, yoxdur. İşləməyə xüsusi lisenziyası varmı? Biz bu sahə ilə məşğuluq. Yoxsa ki, kimsə gəlsin ki, belə gözəldi, yaraşıqlıdır... Biz bununla iş görmürük ki...

- Amma baş prokuror dünənki iclasda bunun əksini deyib. Bildirib ki, bu şirkətlərin icazəsi olmayıb...

- Yox, onlara sertifikat verilib. Necə yəni verilməyib? Baş prokuror isə dedi ki, onlarla müqavilə imzalanmayıb.

- O müqavilə kiminlə imzalanmalı idi?

- O müqavilə sahibi həbsdə olan şirkətlə imzalanmalı idi. Bütün binaları üzləyən o şirkətlə. Bilirsiniz ki, şəhərin bir çox yerində çoxmərtəbəli binalardan tikilib. O şirkət də bu üzlənməni həyata keçirirdi. Fövqəladə Hallar Nazirliyi də gəlib baxıb. Birmərtəbəli bina deyil ki, kiminsə görmədiyi iddia edilsin. Hər bir kəsin gözünün qabağında tikilib. Bizsə sertifikata baxandan sonra icazə vermişik ki, üzlənmə işi aparılsın.

- Bu binalar sizin Binəqədi rayon icra başçısı təyin olunmanızdan sonra üzlənib?

- Bəli.

- Prezidentin keçirdiyi sonuncu iclasda sizin iştirak etməməyiniz də bir çox versiya və şayiələrə səbəb oldu...

“Mən o materialın tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var, görüntüsü gözəldir...”



- Xeyr, siz də gördünüz ki, orda ancaq yaradılan komissiyanın üzvləri iştirak edirdilər.

- Siz o komissiyanın üzvü olmalıydızmı?

- Mən onu deyə bilmərəm, çünki bu, cənab prezidentin səlahiyyətindədir. Mən nə deyə bilərəm?

- Kompensasiya və kirayə pullarının ümumi həcmi nə qədərdir? Onların paylanması prosesi nə zaman başlanacaq? Hesablamalar yekunlaşıbmı?

- Xeyr, hələ hesablama gedir. Binalar çıxarılır, əhali sayı, mənzillərin sahəsi-filan... Hələ bilinmir. Maliyyə Nazirliyi hələ onun üzərində iş aparır, hesablama yekunlaşmayıb.

- Çünki Hacıbala Abutalıbov dedi ki, hər sakinə 1000 manat olmaqla pul vermişik.

- 1000 manat ilkin olaraq verildi ki, əyin-baş yoxdur. İndi qərargah yaradılıb, sakinlər müraciət edir, biz onları yerləşdiririk. Kimin ki, burda uşaqları oxuyur, özləri bu yaxın ərazidə işləyirlər, onlar müvəqqəti də olsa uzaq yerə köçmək istəmirlər. Məsələn, Goradilə, Bilgəhə... Məsələn, onlara bu yaxınlıqda ev tuturuq, kirayə pulunu da veririk. 1000 manat da əlavə. Gedib orda kirayədə qalırlar. Hər birinin ünvanı da nəzarətimizdədir ki, hər dəqiqə əlaqə saxlayıb, nə problemləri olduğunu öyrənək. Biz bunları özlərinin istəyi ilə edirik.

- Axşamlar insanlar bura gəlib, gül qoyur, bir yerə yığışır və kədərlərini bu formada ifadə edirlər. Amma hər dəfə polislər və mülki məmurlarla əhali arasında qarşıdurma yaranır. Bunun sivil formada həll yolu varmı?

- Qarşıdurma olmur. Bilirsiniz necədir? Heç kim istəmir ki, orda təxribat olsun və sair. Amma adət-ənənəmiz var, insanlar yanğında həyatını itirib, dəfn olunub, gedib orda da gül qoya bilərlər. İnsanların hərəsi öz ağrısını, kədərini bir cür nümayiş etdirir. Bu gün mənə 100 yerdən zəng edib, başsağlığı verirlər. Allaha and olsun, indi sizinlə danışıram, amma elə bilirəm, öz evimdən 15 meyit çıxıb. O vəziyyətdəyəm, inanın, özümdə deyiləm. Bina da, dünya malı da... hamısı gəldi-gedərdi. Amma o insanların ölümü böyük faciədir. Mən neçə gündür hadisə yerindəyəm, orda da olmalıyıq. O uşaqların şəklinə də baxırsan, ürəyin ağrıyır. İnsanlar da hansısa formada gəlib öz kədərlərini ifadə edirlər. Sadəcə, polis kütləviliyin olmasını istəmir ki, birdən kimsə təxribat törədər. İlk əvvəl bir az anlaşılmazlıq yarandı ki, təxribat olmasın-filan. Amma indi heç bir problem yoxdu, insanlar gəlib-gedə bilər.

- Bu yanğın hadisəsindən sonra qəzetlərdə də belə versiyalar yer alır ki, ayrı-ayrı məmurlar hədəfə alınıb. Sizi də belə bir təhlükə gözləyirmi? Şəxsən özünüzə hər hansı bir irad olubmu?

- Deyə bilmərəm. Siz jurnalistsiz, siz araşdırın, mən nə deyim? Şəxsən mənə heç bir irad olmayıb. Çünki bu binalar 3 ildir ki, üzlənib. Olsaydı bu müddət ərzində olardı. Yeni başlamamışam ki, indi irad bildirilə. Mən Binəqədi rayonuna icra başçısı təyin olunandan 15 gün sonra binaların üzlənməsi başlanıb. Amma yenə də istintaq gedir, nə olacaq, bilmirəm.

- Binaların üzlənməsi konkret kimin tapşırığı ilə oldu?

- Ölkədə, hər bir yerdə abadlıq işləri gedir. Biz də bununla bağlı layihələrimizi vermişik, işlər gedib. Yəni belə... Xüsusi bir tapşırıq olmayıb bununla bağlı. Hər bir kəsə tapşırılıb ki, gedin orda xidmət eləyin. Biz də baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi...

“İnsanlar öz ağrısını, kədərini bir cür nümayiş etdirir. Bu gün mənə 100 yerdən zəng edib, başsağlığı verirlər. Allaha and olsun, indi sizinlə danışıram, amma elə bilirəm, öz evimdən 15 meyit çıxıb”



- O üzlüklərin tərkibi, keyfiyyəti ilə bağlı daha öncədən ekspertiza keçirilməmişdi ki?

- Onu deyə bilmərəm. Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm.

- Üzlüklər çəkiləndən sonra Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlar işə baxıb, onu təhvil aldılarmı?

- Onu şirkətlə özləri eləməlidirlər. Bu, icra hakimiyyətinin işi deyil. Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir.

- Bəs Bakı Şəhər İcra Hakimiyyətinin üzlənmə prosesində hər hansı iştirakı olubmu?

- Konkret burda yox.

- Məlum yanğından zərərçəkmiş ailələrin sizinlə birbaşa ünsiyyəti, müraciət etməsi mümkündürmü? Necə əlaqə saxlaya bilərlər sizinlə?

- Qərargahımız var. Ola bilər ki, yasa, digər işlərlə bağlı harasa gedib-gələk. Hər an orda olmaya bilərik. Amma qərargah 24 saat fəaliyyət göstərir. Onunla bağlı kimin müraciəti olursa, mənə çatdırırlar, mən dərhal əlaqə saxlayıram. Belədə də bütün gün xalqın yanındayam.

- Özünüz bu hadisənin araşdırılması üçün daxildə bir komissiya yaratmısızmı?

- Xeyr, amma cənab prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu iş araşdırılır. Mənim yeni komissiya yaratmağım... xeyr, yaratmamışam.

- İlkin versiyalar nədir? Hansı səbəbdən baş verib bu yanğın, bilmirsiniz?

- Müxtəlif versiyalar deyilir. Bunun özü də bir sualdır ki, qısa müddətdə, belə bir yerdə yanğın necə başlanıb, necə şiddətlənib və sair... Mən deyə bilmərəm, istintaq gedir, nəticələri də istintaq deyə bilər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.