"Mətanətlə nə işimiz vardı? Özü üçün "şpaqat"ını açırdı da..."

22-05-2015, 17:09           
"Mətanətlə nə işimiz vardı? Özü üçün "şpaqat"ını açırdı da..."
Tanınmış telejurnalist, ANS-in əməkdaşı Ləman Ələşrəfqızının keçmiş iş yoldaşı, ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva haqda hazırladığı süjet dünəndən mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur. Bəziləri Ləmanı, bəziləri isə Mətanəti haqlı hesab edir. Maraqlıdır, bu süjetin hazırlanmasında həmkarların şəxsi münasibətləri nə dərəcədə rol oynayıb?

teref.az Ləman Ələşrəfqızının ölkə.az-a verdiyi müsahibəni təqdim edir:

- Ləman xanım, əvvəlcə ondan başlayaq ki, Mətanət Əliverdiyeva barədə hazırladığınız süjet böyük rezonansa səbəb olub. Ümumiyyətlə, keçmiş iş yoldaşınızla münasibətləriniz bu süjetə qədər necə idi?

- Mətanətlə münasibətlərim həmişə normal olub və bu süjetdən sonra da normal qalacağına inanıram. Çünki Mətanətə bir dost və həmkar kimi məsləhətlərimi verdim, təhqir etmədim, söymədim. Əgər "şpaqat" açmağa təhqir kimi yanaşsaydı, Mətanət verilişində bu hallara yer verməzdi.

- Amma sizin süjetinizdə şpaqat məsələsi xüsusi qabardıldı. Nəzərə alaq ki, ANS-in də "ştatnı şpaqat ustası" var - Telli Hüseynova. Əgər pisdirsə, niyə ANS-in efirində də buna icazə verilir?

- Yəqin Telli "şpaqat"ı şalvarda açıb deyə diqqət çəkməyib (gülür) Yenə deyirəm, mən bu halları təqdir etmirəm, istər Telli olsun, istər Mətanət. Əlbəttə, seçim onlarındır, verilişlərinə maraq qatmaq onların haqlarıdır, amma əndəzəsində. Görünür, Mətanət əndazəni aşdı.

- Çoxları belə hesab edir ki, bu süjet Ləman Ələşrəfqızının fikirlərindən, düşüncələrindən daha çox sifariş üzərində qurulub. Doğrudanmı belə bir təklif, sifariş olub?

- Niyə? Ləmandan qabaq bu məsələ sosial şəbəkələrdə müzakirə olunanda, ölkənin tanınmış qələm sahibləri köşə yazanda, teleaparıcıları münasibət bildirəndə sifariş deyildi, Ləman yazdı sifariş oldu?

- Bu süjeti həm də ANS-lə ATV arasında uzun müddətdir davam edən "soyuq müharibə"nin açıq müstəviyə keçməsi kimi də dəyərləndirənlər var. Yəni ilk zərbə ANS-dən gəldi. Cavab zərbəsinə hazırsınızmı?

- Bilirsiz, mən bilmirəm kim soyuq müharibə, kim ulduz müharibəsi aparır, bir onu bilirəm ki, bizim cəmiyyətdə normal polemika mədəniyyəti yoxdur. Əgər problem varsa, bunu göstərmək lazımdır. Mən heç kimin süddən çıxan ağ qaşıq olduğunu zənn etmirəm. Hamının işində problemlər ola bilər. Sadəcə, bu gərək göz deşməsin. Əgər bu gün hədəf Mətanətdirsə, deməli, bu problem onun fəaliyyətində daha qabarıq göstərdi özünü. Sabah bu mən də ola bilərəm, başqası da. Burda nə var ki?

- Gündəmi dəyişdiyinizin fərqindəsinizmi? Yəni indi insanlar 16 nəfərin həyatını itirməsində günahkar olanlardan daha çox ATV-ANS qarşıdurmasından danışır. Sizcə belə bir həssas məqamda bu süjetə nə ehtiyac vardı?

- Məncə bu sualın cavabını özünüz verəcək qədər ağıllı jurnalistsiz. Əgər Mətanətin hadisə ilə bağlı açıqlaması olmasaydı, Mətanətlə nə işimiz vardı? Özü üçün "şpaqat"ını açırdı da..

- Jurnalistikadakı təcrübəniz səhv etmirəmsə 20 ilə yaxındır, amma cəmi 2-3 iş yeriniz olub. Gələcəkdə iş yerinizi dəyişib, məsələn, ATV-yə keçməyiniz mümkündür? Çünki ANS-in bir neçə tanınmış kadrı hazırda ATV-də çalışır...

- Onu Allahın ixtiyarına buraxaq. "Heç vaxt demə, heç vaxt" deyə bir söz var. Harda olursansa, ol, vicdanını və abır-həyanı itirmə. Mənim üçün əsas meyar budur. Məncə jurnalistin də, aparıcının əsas missiyası xalqı maarifləndirmək olmalıdır.

- Yəni nə zamansa ATV-də işləməyiniz istisna deyil. Düz başa düşdüm?

- Məncə mənim cavabımdan sonra bu sualın yeri yoxdur. On iki ildir ANS-dəyəm. Əgər on iki il işləyə bilmişəmsə, deməli, daha bir on iki il də işləyə bilərəm. Əlbəttə, əgər ömür vəfa eləsə. Bu gün mənim kimi telejurnalist üçün ən ideal mühit ANS-i sayıram.

-Cavabınız tam anlaşılmadığına görə dəqiqləşdirici sual verməyə məcbur oldum. İlkin Həsəni hazırladığınız süjeti "şərəfsizlik" ANS-i isə "konslager" adlandırıb. Bu telekanalda çalışan biri kimi səsləndirilən ifadəyə görə məhkəməyə, yaxud MTRŞ-yə müraciət edib hər hansı cəza tədbirinin görülməsini tələb etmək fikriniz varmı?

- "Şərəfsiz" dedikləri cəbhədə döyüşəndə İlkin heç bozbaş da bişirə bilmirdi. Bu gün də o ən yaxşı halda dediyimi edir. Məncə onu məhkəməyə vermək də mənim yox, rəhbərliyin işidir.

- Son olaraq, qayıdaq "şpaqat" mövzusuna. Doğrudanmı şalvarlı, şalvarsız, yaxud ətəkdə "şpaqat" açmağın arasında böyük fərq var?

- Hətta deyərdim ki, çox fərq var. Bir də ki, Telli aktrisadır, o, səhnəyə teatrdan gəlib. Mətanət isə jurnalistikadan. Ciddi xəbərdən!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.