“Şeyxlə ilk tanışlığım Bilgəhdəki mağazamda olub”- Qudası onu belə təbrik etdi (MÜSAHİBƏ)
26-08-2016, 15:28
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.
O, 1949-cu il avqust ayının 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub.
Qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadə Unikal.org-a Şeyxlə bağlı müsahibəsindən maraqlı məqamlara toxunub.
-Hacı, bu gün şeyxlə bərabər, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür. Bu iki insanla bağlı ürək sözlərinizi eşitmək istərdik...
-Mehriban Əliyevanın və Şeyxülislam Hacı Allah Şükür Paşazadənin Azərbaycan üçün gördüyü işlərin qiyməti yoxdur. Bunu nə iləsə qiymətləndirmək olmaz. Hesab edirəm ki, onların gördüyü işlərə milyardlarla qiymət qoysaq, yenə azdır. Allah onları nəzərdən saxlasın. Hər ikisi Azərbaycan xalqının fəxridir. Mehriban xanım dünya səviyyəsində tanınmış, dünya qadınları arasında ulduz kimi parıldayan bir şəxsiyyətdir. Eyni zamanı Şeyxülislam da Müsəlman aləmində və dünyada tanınmış insandır. Mən bu insanlar üçün nə qədər yaxşı söz desəm də yenədə az olar. Mehriban xanımın bu günləri 52 yaşı tamam olur. Gördüyü işlər saysız-hesabsızdır. Azərbaycan xalqı fəxr eləməlidir ki, belə bir dünya şöhrətli xanımı var.
Bunların hər ikisinin zəhmətinə ölkə prezidenti İlham Əliyev qiymət verib. Prezident Şeyxin hər zaman hörmətin saxlayır. Allah onların balaların, nəvələrini xoşbəxt eləsin. Balalarının, nəvələrinin xeyrini görsünlər. Hər ikisinə Allah uzun ömür versin.
- Şeyxi bu gün təbrik etmisinizmi?
-Şeyxi bəlkədə qohumları arasında ilk dəfə mən təbrik etmişəm. (gülür-red.) Mən şeyxi dünən axşam təbrik etmişəm.
-Şeyx ad gününü qeyd edirmi?
Xeyr... Mənim bildiyimə görə şeyx özünə heç vaxt ad günü keçirmir. Ancaq, qohum əqraba, dostlar gəlir onu təbrik edir. Zəng edənlərdə olur. Bilirəm ki, bu günlərdə şeyxin telfonlarına düşmək çətindir. Onu təbrik edənlər çox olur. Mən bunu nəzərə alaraq dünən axşam təbrik elədim.
-Şeyxin 67 yaşı tamam oldu. Sizcə özünü necə hiss edir bu yaşda?
-Maşallah, şeyx necə lazımdırsa özünü yaxşı hiss edir. Gümrahdır. Allah ona uzun ömür can sağlığı versin. Şükür Allaha ki, hər şey qaydasındadır və heç bir problemi yoxdur.
-Qohumluqdan əlavə siz həmdə yaxın dostsunuz...
-Bəli. Şeyx mənim yaxın qohumum olmaqdan əlavə, həmdə yaxın dostumdur. Mənim elə bir xasiyyətim var ki, dostluqda hər zaman möhkəm olmuşam. Təkcə şeyxə qarşı deyil, bütün dostlarıma qarşı bu cür münasibətdəyəm. Mənim üçün dost kəlməsi hər şeydən üstündür. Hər adama mən dost deməmişəm. Dostluqda hər çətinliklərə dözən adamam.
-Hacı, şeyxlə dostluğunuz necə başlayıb?
-1986-87-ci illərdə Bilgəhdə tanış olmuşum. O vaxt mənim Bilgəhdə tikinti materialları mağazam var idi. Şeyx də Bilgəhdəki bağında təmir işləri aparırdı. O vaxtdan tanışlığımız başlayıb və sonradan bu tanışlıq dostluğa çevrildi. Hardasa, 30 il var ki, bizim dostluğumuz davam edir. Şeyx dosta, qohum-əqrabaya qarşı çox ciddi adamdır. Mən onda olan dostluq keyfiyyətini, mərdliyi görmüşəm. Ən ağır günlərimdə şeyx mənim arxamda dayanıb. Məni dost kimi heç zaman atmayıb.
-Siz ağır günlər deyəndə nəyi nəzərdə tutursuz?
-Mən 1995-ci ildə çox ağır xəstə idim. Şəxsən özü məni Almaniyaya aparıb müalicə elətdirdi. Başımın üstündə dayanmışdı. Eyni zamanda 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi məni həbs edəndə şeyx məni müdafiə etdi və məni türmədən çıxartdırdı. Bu balaca işlər deyil. İndiki zəmanə kimi deyil, pulu, vəzifəsi olduğuna görə adama dost desinlər. Bəziləri nəyinsə xətrinə bir-birləri ilə dostluq edirlər. Şeyxlə dostluğumuz təmənnasızdır. Şeyxlə dostluq edənlər ona qarşı mərd olmalıdırlar. O bu keyfiyyətə çox önəm verir. Dostluqda çox həssas adamdır. Kimə desən ki, Azərbaycanın Şeyxülislamı işini-gücünü atdı Qalibi müalicəyə apardı, buna heç kim inanmaz.
-Qeyd etdiniz ki, sizin ilk dostluğunuz ticarətlə başlayıb...
-Xeyr.Ticarətlə başlamayıb. Bizim tanışlığımız Mağazadan başlayıb, amma fərqli dostluq olub. O vaxt Bilgəhdə cəmi bir tikinti materialları mağazası var idi. Şeyxin əvvəlcə Cavaşir qardaşı ilə tanış olduq. O gəldi dedi ki, şeyx burada bağda təmir işləri aparır. Bundan sonra özü ilə tanışılığımız oldu. O heç vaxt insanlarla nəyinsə xatirinə salam-əleyk eləmir. Hazırda şeyxin yaxın dostları Vasif Məmmədəliyev, Hacı Madərdir. Şeyx ancaq insanlıq xatirinə dostluq edir.
-Bəs qohumluğunuz necə başlayıb?
ŞEYXİN İKİ QIZINI BİRDƏN ALMIŞAM...
-Vallah qohumluğunuz deyəndə ki, mən şeyxin qızının birini yaxın qohumuma, o birini də oğluma almışam. Əvvəl özüm getdim bildirdim ki, böyük qızınızı yaxın qohumuma, kiçik qızınızı da öz oğluma almaq istəyirəm. O da mənə dedi ki, sən gəlmisənsə, mən də Xeyr-Dua verirəm. Mənə yox demədi. Böyük qızını da istəyəndə soruşmadı ki, qarşı tərəf kimdir?, nəçidir? Çünki, məni yaxşı tanıyır. Bu dərəcədə aramızda yaxın dostluq və qohumluq münasibəti var.
-Şeyxlə heç dost kimi istirahətə getmisinizmi?
-Birlikdə Həcc Ziyarətində olmuşuq. Nə o, nə də mən bir-birimizə əziyyət verən adam deyilik. (gülür-red). Səfərlərdə nə zaman lazımamsa onun yanında oluram. Demək olar, hər gün, günaşırı görüşürük, zəngləşirik. Şeyxin qızıyla evlənən oğlumun 4 övladı var. İkisi qız, iksi oğlandır. Şeyx də tez-tez nəvələri axtarır, soruşur və heç birini gözdən qoymur. Allahşükür Paşazadə həddən artıq ailə canlı adamdır. Ümumiyyətlə cənub bölgəsinin adamları ailə canlı olur. Allah can sağlığı versin. O gün olsun 100 yaşını qeyd eləsin.