Fətullah Gülənlə 3 dəfə görüşən Azərbaycanın məşhur jurnalisti danışdı
27-08-2016, 22:29
Qulu Məhərrəmli: "Şeir müsabiqəsində görmüşəm ki Erdoğan çıxış edib, kövrəlib, Gülenin ünvanına tərifli sözlər deyib"
Qulu Məhərrəmli Azərbaycan Dövlət televiziyası və "Xəzər" telekanalında işləyərkən Fethullah Gülənlə görüşüb.
Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhdindən sonra Azərbaycan hökuməti bir neçə AXCP üzvünü "FETÖ" ilə əlaqələrdə və Fethullah Gülənə aid yayılması "məqsədəuyğun sayılmayan" kitab və diskləri daşımaqda ittiham edərək həbsə alıb.
Media eksperti, professor Qulu Məhərrəmli vaxtı ilə Fethullah Gülənlə keçirdiyi görüşlərə görə adı Gülənə yaxın şəxs kimi hallanır.
Cənab Məhərrəmli Azərbaycan Dövlət televiziyasında işlədiyi dövrdə iki dəfə Türkiyədə, hakimiyyətə yaxın "Xəzər" telekanalında işləyəndə isə bir dəfə Pensilvaniyada (ABŞ) Fethullah Gülənlə görüşüb.
İlk ünsiyyət 1992-ci ildə Azərbaycanın jurnalist nümayəndə heyətinin tərkibində kollektiv görüşdə olub.
Jurnalistin öz təşəbbüsü ilə 1998-ci ildə baş tutmuş ikinci görüş zamanı geniş müsahibə hazırlanıb. Bu müsahibə Azərbaycan dövlət televiziyası vasitəsi ilə Qulu Məhərrəmlinin "Gerçəklik" adlı müəllif proqramında yayınlanıb.
- Biz hər şeydən danışdıq. Suallar cəmiyyətdə təhsilin rolu, Azərbaycanın, Türkiyənin gələcəyi, Orta Asiya türklərinin taleyi, Osmanlı imperiyasının tarixi, Roma papası ilə görüşü ilə bağlı idi. Siyasi suallar demək olar ki, yox idi. Daha çox təhsil mövzusuna aid söhbət etdik.
2011-ci ildə Amerikada olanda cəhd elədim ki, bir də görüşüb müsahibə alım.
Bir tədbirdə onunla görüşdüm, amma vaxtı olmadığını deyib müsahibə vermədi.
-Fethulah Gülən şəxsiyyətinə yaxından tanış olan jurnalist kimi son 2 ayda baş verən durumu necə dəyərləndirirsiniz? Azərbaycan üçün "Gülən terrorist təşkilatı" təhlükəsi varmi?
-Mənə elə gəlir ki, hadisələr kifayət qədər şişirdilmiş formada təqdim olunur. Məsələn, gülənçilər Azərbaycanda ne edib?! Hansı təhlükəni yarada bilib?! Hansısa siyasi proseslərə müdaxiləsi varmı?
Ümumiyyətlə, bunlar bir qurum olaraq, təhsildən və biznesdən başqa, daha nə ilə məşğuldurlar? Siyasi fəaliyyətlə məşğuldurlarmı?! Hakimiyyətə iddiaları varmı? Bax, bu suallara mən müsbət cavab verə bilmirəm.
İkincisi, mənə elə gəlir ki, bu bir dalğadır. Məsələn, Türkiyədə gedən proseslərə adam təəssüflənir ki, 80 milyonluq Türkiyə bir adama qarşı dayanır. Bunun özündə də bir az ədalətsizlik var.
Əgər, doğrudan da Gülən siyasi proseslərə qarışıbsa, hərbi çevrilişə aidiyyatı varsa, şübhəsiz ki, o, mühakimə olunmalıdır.
Yox, əgər doğrudan bunu bəhanə edib istər Türkiyədə, istər Azərbaycanda layiqli adamlara zərər verirsə, bu, dərin təəssüf hissi doğurur.
-Fethullah Gülənin kitablarının hazırlanmasına iştirak etmiş Azərbaycanın bir sıra tanınmış yaradıcı şəxsləri Gülənlə əlaqələrə görə adları hallanır...
- Kitab məsələsi, ümumiyyətlə, qeyri-ciddi alınır. Əgər Gülən doğrudan terrorçudursa, həm Türkiyə, həm də Azərbaycan parlamenti onu terrorçu elan etməlidir. Ondan sonra hər kəs bilməlidir ki, Gülən düşməndir, onunla münasibətdə olmaq olmaz. Onun haqqında yaxşı fikir demək olmaz, o, zərərli adamdır.
Hüquqi cəhətdən ortada heç nə yoxdur. Siyasi cəhətdən heç bir bəyanat yoxdur.
Gülən məsələsini haqq-hesab predmetinə çevirmək, bununla bağlı opponentlərin bir-biri ilə haqq-hesab çəkməsi, insanların xoşlamadığı adamları Gülənlə bağlaması - məsələnin bu dərəcədə şişirdilməsi qeyri-ciddi situasiya yaradır.
Mən hesab edirəm ki, bu, təhlükəli dalğadır.
Bu, istər Türkiyədə, istərsə də Azərbaycanda içtimai psixologiyanı zədələyir. İnsanların davranışına, psixologiyasına istər-istəməz mənfi təsir göstərir.
- Azərbaycandakı bu dalğanın səbəbi nədir - Türkiyənin tələblərinə cavab vermək məcburiyyəti qarşısında fəaliyyət nümayişi, yoxsa rəqiblərlə haqq-hesab marağında irəli gələn fürsətcillik?!
- Mətbuatda bunun Türkiyənin təzyiqi ilə olduğu barədə fikirlər səslənir. Amma bilmirəm bunu nə dərəcədə ciddi hesab etmək olar.
Telekanalın bağlanması, müəyyən proseslərə müdaxilə edilməsi - sutuasiyasında sui-istifadə etmək məqamı güclüdür. İstər-istəməz müəyyən keçid anlarında bu çür kampaniyallarda hər kəs fürsətdən istifadə edir, rəqibindən qisas almağa, onu ləkələməyə çalışır. Belə hadisələr olub.
Bu, keçici bir dalğadır. Güman etmirəm ki, bu, uzun sürəcək.
- Bu həbslər və təqibolunmalar hakimiyyət düşərgəsinə də sirayət edə bilərmi?
- Onu söyləməyə çətinlik çəkirəm. Çünki Azərbaycan balaca ölkədir. Hamı bir-birini tanıyır. Kim nə işlə məşğuldur, bilinir.
Gülənin Azərbaycanda məktəbləri var. Bu məktəbləri yüzlərlə insan bitirib. Qafqaz Universiteti var idi - minlərlə tələbə oranı bitirib. Bu və ya başqa formada əksəriyyətin bu işlə bağlılığı var. Çox çətin, mürəkkəb vəziyyət yarana bilər ki, niyə orda oxuyub təhsil almısınız, niyə o adamlarla görüşmüsünüz və s.
Ona görə də Güləni qorxulu bir müqəvvaya çevirmək, sui-istifadəyə çevirmək, cəmiyyətdə süni gərginlik yaradır.
Türkiyə ABŞ-da mənzillənən Fethullah Gülənin esktradisiyasını tələb edir.
Mən arzulamazdım ki, bizim cəmiyyətimizdə bu cür gərginlik olsun.
- Vaxtilə Fethullah Gülənle etdiyiniz müsahibələrə görə istintaqa cəlb olunmusunuzmu?
- Niyə istintaqa cəlb olunmalıyam ki?! Nə etmişəm ki?!
- Fethullah Gülənin kitablarına ön söz, rəy yazanlar, redaktorların adları mətbuatda çox halanır son zamanlar...
- Olsun da... Mən də onun hansısa kitabına ön söz yazmışam. Mən Gülənin təhsil sahəsində atdığı addımları çox bəyənirəm, qəbul edirəm və təqdir edirəm.
Hesab edirəm ki, o təhsil metodikası, o təhsil sistemi çox gözəl mütəxəssislər yetişdirməyə imkan verir. O təhsillə ərsəyə gələn insanlar cəmiyyətin çox dəyərli, yararlı insanlarıdır.
Onlar yaxşı komputer mühəndisləridir, yaxşı proqramçıdırlar, yaxşı müəllimlərdir, bank, maliyyə-kredit, işçiləridir və s.
Biz münasibətimizi küləyə görə müəyyənləşdirmirik. Biz görəndə ki, bu hərəkətin faydası, insanlara xeyri var, şüura müsbət təsir edir, insanları mənəvi cəhətdən saflaşdırır, təbii ki, ona müsbət münasibət bəsləyirik.
-Fethullah Gülənin təhsil sahəsindəki fəaliyyətini təqdir edirsiniz. Amma Türkiyədə belə fikirlər səslənir ki, Fethullah Gülən təhsil sahəsinə diqqət yönəltməkdə gələcəkdə özünün inanılmış kadrlarını yetişdirmək məqsədi olub...
- Hər şey yanaşmadan asılıdır. Bu fikri istənilən məktəbə, istənilən təhsil sisteminə aid etmək olar. Sovet məktəbi Leninin ideyaları əsasında qurulmuşdu. Gandinin fikirləri və ardıcılları vardı...
Belə şeyləri istənilən adam haqqında demək olur. O sistem ki, məni maarifləndirir, təhsilləndirir - gözümü dünyaya açır. Təhsil verən, insanı terrora doğru aparmaz.
Ərəb ölkələri terrorçu təşkilatlarının hamısı nadan, təhsilsiz və dünyagörüşsüz insanlardır. Bunlar təhsilsizliyin acısını çəkir. Mən bilmirəm, bəlkə doğrudan Gülənin siyasi proseslərə qarışması var, bəlkə, doğrudan da siyasi fəaliyyət aparır - amma bunlarla bağlı bilgim yoxdur.
Amma mən bir-iki dəfə şeir müsabiqəsində iştirak etmişəm. Orda da görmüşəm ki Erdoğan gəlib çıxış edib kövrəlib, dəstəkləyib. Gülənin, bu hərəkatın ünvanına tərifli sözlər deyib. Biz də elə düşünmüşük ki, bu adam Türkiyənin dostudu, ölkənin baş naziri də bunu tərifləyir. Biz belə görmüşük. Biz görsəydik ki, o, Türkiyənin düşmənidir, ondan nə müsahibə alarıq, nə də onun haqqında yaxşı danışarıq.
O vaxt belə idi. Bundan sonra fikirləşərik.
BBC