Əmir Mərdani: İran Azərbaycanında övladlarına türk adı seçənlərə belə pan-türkist damğası vurulur

Bu gün, 16:38           
Əmir Mərdani: İran Azərbaycanında övladlarına türk adı seçənlərə belə pan-türkist damğası vurulur
Tehran qəzetləri Məsud Pezeşkianın prezident seçildiyindən bəri başda Təbriz olmaqla, İran Azərbaycanında “pan-türkist və bölücü” fəaliyyətlərin çoxaldığı iddiası ilə yazılar dərc edirlər. Tanınmış Şərq qəzeti bazar ertəsi günü sayında mövzu ilə bağlı 3 köşə yazısı dərc edib.

Amerikanın Səsinə danışan siyasi fəal Əmir Mərdaninin sözlərinə görə, Tehran “pan-türkist” damğası ilə fərqli qrupları Azərbaycan Milli Hərəkatına qarşı səfərbər etmək istəyir.

“Milli Hərəkat genişləndikcə millətin içində daha çox diqqət gördükcə, İran hakimiyyəti milli hərəkatı millətdən qoparmağa, ayrıca İranda yaşayan digər millətləri bu hərəkata qarşı səfərbər etməyə çəhd etmişdir. Bunu, o cümlədən elə damğa yapışdırmaq yolu ilə edir. İran hakimiyyəti yaxşı bacarır ki, özəlliklə qeyri-türklərin içində bu pan-türkizm damğası ilə onları milli fəalların əleyhinə səfərbər etsin,” Mərdani söyləyib.
Siyasi fəal müsahibədə İran hakimiyyətinin müxalif fikirləri “damğa yapışdırmaq” yolu ilə susdurmaq tarixinə diqqət çəkib.

“Bu hakimiyyət çox yaxşı bacarıb ki, fərqli dönəmlərdə özünə qarşı olan siyasi qüvvələri bu damğalara məruz qoysun. İnqilabın ilk illərində ən çox yayğın olan bu damğalardan ziddi-inqilab damğası, dinsiz damğası idi. Siyasi fəallara Səddamın yanında durursunuz deyirdilər. Orta illərdə daha çox mədəni mübarizəyə şahid oluruq, gəlir deyir, bunlar cinsi azadlıq üçün savaşır, bunlar narkotik maddələr ilə uğraşır. Oğurluq və korrupsiya damğalarına məruz qoyurdular siyasi fəalları. Son dönəmə gəlincə, bu mədəni mübarizələrin qeyri-fars bölgələrdə şiddətləndiyi zaman gəlir başqa damğalar ortaya qoyur ki, onlardan biri pan-türkist damğasıdır”, o deyib.
Əmir Mərdani “pan-türkist” etiketi ilə əlaqədar nümunələrə işarə edərək deyib: “Son vaxtlar görürük ki, insanlar çox sadə işlərdən dolayı, hətta öz övladlarının adlarını türkcə seçdikləri zaman bu pan-türkizm damğasına məruz qalırlar. Hətta buradan yola çıxaraq türk olmağı belə yanlış bir şey kimi göstərir və dolayısı ilə gəlir deyir, siz azərisiniz və azərizm siyasətini yürüdür... Təbii, bu göstərir ki, hakimiyyət milli hərəkatın güclənməsindən qorxur.”

Siyasi fəal son vaxtlar bu növ basqıların artmasının İran İslam Respublikasının xarici siyasətdə qarşılaşdığı böhranlarla da əlaqədar olduğunu ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.