“Bu, prezidentin çıxışıyla bağlıdır” – Çuval çıxarıldı, amma qalmaqal böyüyür (Yenilənib)

2-06-2015, 16:53           
“Bu, prezidentin çıxışıyla bağlıdır” – Çuval çıxarıldı, amma qalmaqal böyüyür (Yenilənib)
Sabir Rüstəmxanlı: “Musa Quliyevə cavabım olacaq”

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Gəncə şəhərinin Dəmir Yolçular parkında 4 ildir ki, Azərbaycan Demokratik Respublikasının qurucusu M. Ə. Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılmasından danışıb.
O, AzNew.az- a bildirib ki, M. Ə. Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılması birbaşa Azərbaycan prezidentinin Respublika günündəki çıxışı ilə bağlı məsələdir: “Bu problemin həll olunması əslində, daha çox İlham Əliyevin son çıxışı ilə bağlıdır. Prezident çıxışında dedi ki, ictimai rəyə diqqətli olmaq lazımdır. İctimai rəy olmasa, cəmiyyəti idarə etmək çətindir. Milli Məclisdə deyilənlər də ictimai rəyin bir hissəsidir. Biz xalqın narazılığını eşitdik və onu dilə gətirdik. Mənim çıxışım əslində, Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı tənqid deyildi. Musa Quliyev onları müdafiə etmək üçün yersiz şəkildə ortaya atıldı. Mən konkret olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin işinə qarşı etiraz etməmişən, sadəcə Rəsulzadə büstünün başına keçirilən çuvalın biabırçılıq, bunun millətə təhqir olduğunu bildirmişəm. Çox şadam ki, bu məsələ həll olundu və Rəsulzadə büstünə qarşı olan pis münasibət aradan götürüldü”.

S.Rüstəmxanlı əlavə edib ki, Musa Quliyevin çıxışı ilə bağlı özünün ayrıca mövqeyi olacaq: “Musa Quliyev mən iclası tərk edəndən sonra, nə yaşına, nə statusuna yaraşmayan bir çıxış edib. Həmin vaxt ona cavab verə bilmədiyimçün, bununla bağlı artıq yazı yazmışam və o, mətbuatda çap olunacaq. Məsələ bundadır ki, bu deputat yalnız ona görə belə çıxış edib ki, kiminsə xoşuna gəlsin. Öz aləmində Gəncə İcra Hakimiyyətinin başçısını müdafiə edib. Niyə? Ona görə ki, büstün qoyulduğu rayonun icra başçısı Musa Quliyevin qohumudur. Amma belə məsələlərdə müdafiə yox, ictimai fikri nəzərə alıb, düzgün yol göstərmək lazımdır. Bəlkə, diqqətindən qaçıb, bəlkə bu qədər qınaqdan xəbərsizdir... Məncə, Gəncənin deputatının Gəncəylə bağlı qaldırılan problemi art-basdır etməyə çalışması, fəaliyyətini bir neçə nəfərin müdafiəsinə həsr eləməsi ayıb işdir”.


***

“Mən Gəncə şəhərinin və eyni zamanda həmin ərazidən seçilən deputatıyam. O park da seçildiyim dairəmin ərazisidir, ona görə də Rəsulzadənin büstü ilə bağlı məsələyə müdaxilə etdim”. Bunu AzNews.az-a millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, büstün qoyulduğu park Gəncə Şəhər İcra Hakimiyyətinə tabe deyil: “Mən demişəm ki, parkın sahibi Nəqliyyat Nazirliyidir. Parkda aparılan işləri Nəqliyyat Nazirliyindən soruşmaq lazımdır. Mənim büstə etirazım olmayıb. Biz Sabir bəylə yoldaşıq, eyni zamanda millət vəkiliyik. O, bunu məndən soruşsaydı, mən də deyərdim ki, bunun icra hakimiyyətinə aidiyyəti yoxdur. Mənim də Gəncə Şəhər İcra Hakimiyyəti ilə heç bir qohumluq bağlantılarım yoxdur”.

M.Quliyev büstün başında çuval olmadığını və örtüklə bağlandığını vurğulayıb: “İstənilən yerdə təmir gedəndə heykəli, büstü belə örtüklə bağlayırlar. Çuval sözünü də Fazil Mustafa ilə Sabir bəy işlədib. Bu sözü işlətmək Məmməd Əminin özünü aşağılamaqdır”.

Millət vəkili, “4 il müddətində təmirmi olar və bu təmir işləri Milli Məclisdə məsələ qalxan kimi yekunlaşdı?” suallarına cavab verməyib.

Qeyd edək ki, M. Ə. Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılması məsələsi Milli Məclisin üzvü Sabir Rüstəmxanlı tərəfindən Milli Məclisin son iclasında gündəmə gətirilmişdi. Xalq şairi çıxışında xüsusilə vurğulamışdı ki, Gəncə Şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, bunu desin: “Yox , əgər belə deyilsə, zəhmət çəkib çuvalı onun başından çıxarsın”. Onun bu fikirləri isə qalmaqala səbəb olmuşdu.

Musa Quliyev Sabir Rüstəmxanlının bu fikirlərinə irad tutub: “Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb. Həmin park da Gəncə Şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin”.

Xatırladaq ki, Gəncə şəhərinin Dəmir Yolçular parkında 4 ildir ki, Azərbaycan Demokratik Respublikasının qurucusu M. Ə. Rəsulzadənin büstünün başına keçirilən çuval dünən axşam çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.