“1 manata görə şivən salanlar 11,5 milyarda görə susdular...”

6-06-2015, 17:08           

Bir-iki ay bundan öncə 2 müğənni bacı efirdə 1 manatlıq əskinazı çırmışdılar. İqtidar və müxalifət deputatları, iqtidar və müxalifət camaatı, siyasi partiya liderləri, deputatların əksəriyyəti böyük bir həmrəylik nümayiş etdirərək bacıları asıb-kəsir, onları məhkəməylə hədələyir, pul vahidimizin dövlətin atributu olduğu haqqında metaforalar deyir, bir sözlə hamı qışqırırdı. İctimai qınaq mexanizmi heç bir kənar təzyiq olmadan bütün gücü ilə işə düşmüşdü. O zaman mən heç nə demədim, susdum. Fikirləşirdim ki, halal olsun bu insanlara, millətimizə və xalqımıza, iqtidarımıza və müxalifətimizə. Dinməsəm də hamı ilə həmfikir idim. O zaman milli hisslərimiz cuşə gəldi, biz bir yumruq kimi birləşdik, bir olduq. Mətbuatımız bu böyük birliyimizin ön cərgəsində idi. Sovet termini ilə desək, tərəqqipərvər Azərbaycan cəmiyyəti hamılıqla bacıların üstünə getdi. Beləcə biz hamımız iqtidarlı müxalifətli milli birlik nümayiş etdirdik.
Əminəm ki, müğənni bacılar bundan sonra pulumuzu-yəni milli valyutamızı nəinki efirdə, heç gizlində də cırmağa cəsarət etməyəcəklər.

Banklar bir gecədə 4,5 milyard manatımızı yandırdılar...

21 fevralda bir gecənin içində guya Azərbaycan iqtisadiyyatı çökdü, guya manatımız bir gecənin içındə devalvasiya elədi. Banklar dollarla götürülən kreditləri ödənişlərini 34% qaldırdılar.
1 manata görə şüvən salanlar adamlar. Tək-tük adamlar, təkəmseyrək qəzetlər və saytlar bu haqda yazdı, məmurları topa tutdu. Tək-tük deputatlar bundan yazdı.
Konstitusiya Məhkəməsi manatı və Azərbaycan iqtisadiyyatını müdafiə etmək əvəzinə dolları müdafiə etdi.
Tək-tük deputatlar zəif-zəif bu haqda mızıldandılar.
Yəni 1 manata görə yaratdığımız həmrəyliyimiz, 4,5 milyard manatın yandırılması prosesində dağıldı.

Əldəqayırma sahibkarlar 6 milyard manatımızı banklardan çırpışdırdı...

Bu sahibkarların əksəriyyəti Bandotdelə aparıldı. Burada mətbuat xeyli aktivlik elədi. İqtidardan da, müxalifətdən də pulumuzu çırpışdıranlara etirazlar oldu. Amma milli birlik nümayiş etdirə bilmədik. 1 manatın cırılmasına qarşı göstərilən təpgilərin yanında 6 milyarda görə göstərilən reaksiya çox sönük idi.

1 milyard manatımız penoplasta getdi...

Azərbaycanda analoqu olmayan yanğınlar oldu, axırıncı yanğında bina da yandı, insanlar da. Bu zaman həm iqtidar deputatları, həm də müxalifət deputatları susdular. Bəzi qəzetlər, və saytlar, bəzi insanlar bu haqda yazdı, məmurları kəskin tənqid etdilər. Amma binalara və yanan insanlara görə heç bir həmrəylik olmadı.
Prezident İlham Əliyev yanğın məsələsinə kəskin münasibət bildirdi. Məmurları hədələdi.
Məmurları pisləyən Arif Məmmədov isə vəzifəsini itirdi.

Nəticə olaraq onu deyə bilərəm ki, 1 manatlıq əskinasa görə spontan şəkildə əmələ gələn milli həmrəyliyimiz öz möhtəşəmliyinə görə zirvə oldu.

Amma heç kəs demədi ki, ay camaat noldu, axı 1 manat
4,5milyard manat+6milyard manat+1milyard manat=11,5 milyard manatın yanında heç nədir.

Azərbaycanımıza həqiqi milli birlik arzusuyla,

Prof. Dr. Qüdrət İsaqov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.