Nemtsovun qızı erməni nazirə elə suallar verdi ki…

23-02-2017, 10:26           

Avrasiya İttifaqına üzv olduqdan sonra Ermənistanın ixracı 50% artıb.

Axar.az xəbər verir ki, bunu “Doyçe Velle” radiosunun müxbiri Janna Nemtsovaya (Boris Nemtsovun qızı –red.) müsahibəsində Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan söyləyib. Nemtsovanın sualları Nalbəndyanın kifayət qədər təzadlı cavablar səsləndirməsinə səbəb olub. Rusiyanın Ermənistan üzərində bütün təsirlərini inkar edən Nalbəndyan Avrasiya İttifaqı haqqında qərarı İrəvanın özünün verdiyini bildirib:

“Biz o zamanlar Avropa Birliyi ilə assosiativ əməkdaşlıq haqqında müqavilə barədə danışıqların yekun mərhələsindəydik. Bununla bərabər biz həmişə bəyan edirdik ki, Ermənistan Gömrük İttifaqında olmaq istəyir. Avrasiya İttifaqı yarananda isə biz bu ittifaqda olmaq istədiyimizi dedik. Mən o zaman deyirdim ki, bizim ümumi sərhədlərimiz olmadığına görə bunu etmək çətindir. Ümumi sərhədlər olmadan Gömrük İttifaqında olmaq mümkünsüzdür. Bunun üçün ekspertlərdən ibarət işçi qrupu yaradıldı. Onlar situasiyanı tədqiq edəndən sonra belə qənaətə gəldilər ki, Ermənistanın Gömrük İttifaqına girməsi mümkündür”.

Erməni nazirə görə Avrasiya İttifaqı Ermənistan iqtisadiyyatına böyük fayda verib. Jurnalistin “Axı üzvlükdən sonra sizin iqtisadi artımınız 2013-cü il səviyyəsinə düşüb” sualından sonra Nalbəndyan söylədiyi yalanlardan geri çəkilməli olub:

“Avrasiya İttifaqına üzvlüyümüzün nəticəsi çox yaxşı ola bilərdi. Ermənistan kimi kiçik, amma açıq iqtisadiyyatı olan ölkələrə xaricdən olan bütün mənfi iqtisadi tendensiyalar təsir edir. Bizim buraya üzvlüyümüz kifayət qədər böyük bazara çıxmağımıza şərait yaratdı. Ermənistanda istehsal olunan məhsul gömrük rüsumları və heç bir maneə olmadan bu bazarlara gedir. 2016-cı ildə Ermənistanın ixracı 50% artıb. Siz 2013-cü ilin göstəriciləri haqqında deyəndə haqlı idiniz. Bilirsiniz ki, qlobal problemlər ucbatından bəzi ölkələr böhran yaşayır. Bu böhran davam edir. Bizdə isə pozitiv olan tendensiyalar var”.

Nemtsova müsahibəsində həmçinin Ermənistanın erməni diasporunun hesabına yaşamasına da eyham vurub. Nalbəndyan isə buna cavab olaraq ölkəni suveren dövlət adlandırıb:

“Erməni diasporu hansısa başqa planetdə olan bir şey deyil. Ermənistanda demək olar ki, erməni diasporunda bir nəfər də olsun qohumu olmayan şəxs yoxdur. Erməni diasporunun dəstəkləməsi sayəsində Ermənistanın yaşadığını təsəvvür etmək doğru deyil. Bu heç də belə deyil. Ermənistan müstəqil dövlətdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.