Kreml qorxusu: Rusiyanı Şərqə çəkən üç səbəb...

8-10-2015, 01:01           

Rusiyanın sentyabrın 30-dan başlayaraq Suriyada hava əməliyyatlarına başlaması 4 il yarımdır davam edən vətəndaş müharibəsinin gedişatını kəskin dəyişdirdi. Aralıq dənizinin sahillərinə sıxışdırılan Bəşər Əsəd rejiminə rus qırıcılarının bombardmanları ilə demək olar ki, ikinci həyat verildi. Rusiya bütün tənqidlərə baxmayaraq, iddia edir ki, onun Suriyada həyata keçirdiyi hava əməliyyatları İŞİD və digər terror qruplaşmalarına qarşı yönəlib. Və bunu yayımladığı görüntülərlə də sübut etməyə çalışır. Amma Suriya müxalifətinin ən yaxın müttəfiqlərindən olan Türkiyə Rusiyanın İŞİD-i vurmadığını iddia edir. Türkiyənin baş naziri Əhməd Davutoğlu bugünkü açıqlamasında rus qırıcılarının 57 bombardmanda iştirak etdiyini, bunlardan 55-ində müxalifətin vurulduğunu bildirib. Əgər Rusiya İŞİD-i vurmursa, o halda Moskvanın Suriya siyasətinin arxasında nələr gizlənir!? Publika.az xəbər verir ki, Türkiyənin “A Haber” kanalının efirində gedən bir analizdə Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatların detallarına toxunulub. Rusiyanı Suriyaya çəkən üç səbəb Analizdə bildirilir ki, Suriya ilə həmsərhəd olmasa da Rusiya artıq Suriya müharibəsinin tam mərkəzindədir. Bəs Rusiya Suriya müharibəsinə niyə qoşuldu? Sualın bir neçə cavabı var. Bu cavablardan birincisi odur ki, Rusiyanın silah sənayesinin inkişaf etdirilməsi üçün müharibəyə ehtiyacı var. Ukraynanın şərqindəki separatçıların qısa müddətli silahlandırılması və rus hərbi birliklərin əməliyyatlarda iştirakı silah sənayesinin inkişafına təkan vermədi. Bu baxımdan Suriya müharibəsində iştirak Moskvanın məqsədinə çatmasına kömək edə bilər. Əlavə edək ki, Rusiya Əfqanıstandakı Talibana qarşı da müharibəyə daxil olmaq istəyir. Analizə görə, Moskvanın Suriya müharibəsinə aktiv şəkildə qoşulmasının digər bir səbəbi Rusiyanın enerji maraqlarıdır. Suriya yüzlərlə milyard dollar dəyəri olan İraq neftinin Aralıq dənizinə çatdırılması üçün strateji əhəmiyyət daşıyır. Rusiyanın Suriyada hakim olması strateji enerji kəmərlərinə də nəzarəti asanlaşdırır. Moskvanın Suriya müharibəsinə aktiv şəkildə qoşulmasının digər bir səbəbini isə Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalın açıqlayıb. O, “Daily Sabah” qəzeti üçün qələmə aldığı bir yazısında Rusiyanın Suriya siyasətinin pərdəarxasını bu şəkildə şərh edib: “İran və Rusiya Suriyada ittifaq yaradaraq İŞİD-dən bir alət kimi istifadə edir. Rusiyanın Suriya müharibəsinə qatılması yalnız Dəməşq rejiminin işinə yarayacaq və Rusiyanın ərəb dünyasında yalnız qalmasına səbəb olacaq”. Qlobal güc tarazlığının yeni mərhələsi “Rusiyanın Suriyada əməliyyatlarına başlaması gedişi gözəl bir addım deyil. Çox böyük bir oyun gedir. Oyunun içində İran və Suriya, hətta Çin var. Çinin rolunu da kiçiltmək lazım deyil”, - “A Haber”in analizində deyilir. İbrahim Kalının sözlərinə görə, Rusiyanın Suriyadakı hava əməliyyatları dünyadakı güc tarazlığı baxımından yeni mərhələdir. O, hətta bir qədər də irəli gedərək mövcud qlobal böhranın daha da dərinləşəcəyini bildirir. İbrahim Kalın ABŞ, Avropa Birliyi, NATO, Türkiyə və Körfəz ölkələrinin Rusiyaya cavab verməsinin vacib olduğunu düşünür. Böyük müharibə olacaqmı? Ukrayna böhranı ilə ortaya çıxan və sonradan gündəmdən çıxan III Dünya Müharibəsi qorxusu Rusiyanın Suriyada başladığı hava əməliyyatları ilə yenidən qayıtdı. Rusiya ordusu II Dünya Müharibəsi və Əfqanıstan müharibəsindən sonra ilk dəfə yuvasından çıxdı. “A Haber”in analizinə görə, Putin və əsgərləri uzun müddətdir olmadığı qədər özlərində cəsarət tapıblar. Bildirilir ki, Ukrayna böhranı zamanı Qərbdə lider boşluğunu görən Putin özünü daha inamlı aparmağa başlayıb. Şərhdə həmçinin bildirilir ki, Əsəd rejimi əvvəlki kimi İŞİD-in barbarlığından istifadə edir: “İşin maraqlı tərəfi də budur. İŞİD maraqlı bir təşkilatdır. Görüntü budur ki, təşkilat həm İran və Suriyaya, həm də ABŞ və Türkiyəyə düşməndir. Buna baxmayaraq, İŞİD hələ də ayaqdadır. Deməli, biriləri “İŞİD mənim düşmənimdir” deyəndə yalan söyləyir. Gəlin, “İŞİD-ə qarşı mübarizə aparıram“ deyən Rusiyanın əslində kimə xidmət etdiyini araşdıraq. Suriyanın özündə bir neçə güc var: Əsəd rejimi, İŞİD, müxalifət və PYD. Əsəd müxalifətə düşməndir. Dəməşqin eyni düşmənliyindən PYD və İŞİD üçün bəhs etmək mümkün deyil. PYD Əsədə əsgər verir, İŞİD isə paytaxt Dəməşqə hücum etmir. Yəni, Rusiya “mən İŞİD-lə vuruşuram” deyəndə sadəcə Əsədi cəsarətləndirir. Rusiyanın Suriyaya müdaxiləsi Əsədin müxalifətə hücumlarının gücləndirilməsindən başqa bir işə yaramır”. Qeyd edilir ki, Rusiya Suriya əməliyyatları ilə Türkiyə və Qərbə Əsədin getməsini istəmədiyini daha sərt şəkildə nümayiş etdirir. “Hegomonluq savaşı da məhz bu nöqtədə ortaya çıxır. Körfəz ölkələri, ABŞ, Avropa Birliyi, NATO və Türkiyə Əsədin getməli olduğunu bildirirlər. Hətta xeyli fasilədən sonra ABŞ-ın hərbi gəmiləri Aralıq dənizində dolaşmağa başlayıb”, - müəllif əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.