Tramp üçün gərgin gün: kim qalib gələcək?

6-11-2018, 08:31           
Tramp üçün gərgin gün: kim qalib gələcək?
Konqresə keçiriləcək seçkilərdə demokratların şansının böyük olduğunu düşünürəm.

Bu sözləri Axar.az-a bu gün ABŞ-da Konqresə keçiriləcək növbəti seçkilərlə bağlı danışan politoloq İlqar Vəlizadə deyib.

“ABŞ-da hazırda Trampın tərəfdarları demokratlara dəstək verir. Çünki prezidentin atdığı son addımlar həm daxili, həm də xarici siyasətdə seçicilər tərəfindən birmənalı qarşılanmır. Demokratlar onun bu siyasətini tənqid etməklə daha çox rəğbət qazanırlar. Respublikaçıların arqumentləri də əsassız görünmür. Buna görə də hazırda seçki kampaniyası çox mürəkkəb keçir. Belə gərgin rəqabət fonunda proqnoz vermək çətin olsa da, demokratların şansının böyük olduğunu düşünürəm”, - ekspert bildirib.

Politoloq hesab edir ki, Konqresdə demokratlar üstünlük qazanarsa, bu, ölkədəki vəziyyəti dəyişəcək:

“Belə ki, ilk növbədə Trampın siyasətinə qarşı müqavimət artacaq. Birmənalı olaraq Tramp administrasiyasının verdiyi qərarlar əvvəlki kimi qeyd-şərtsiz qəbul olunmayacaq. Bu isə ölkədaxili proseslərin kifayət qədər gərginləşməsinə yol aça və Trampın impiçment məsələsini yenidən gündəmə gətirə bilər. Bütün hallarda Trampın hakimiyyətinin qalan iki ilinin mürəkkəb keçəcəyini düşünürəm. Ümumiyyətlə, demokratların qələbəsi sanksiyalar altında olan Rusiyanın da ürəyincə olmayacaq”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə bu seçkilərdə respublikaçıların sayının arta biləcəyini düşünür: “ABŞ-da adətən prezident hansısa partiyadan olanda, Konqresdə əks partiyadan olanların sayı çox olur. Ancaq məsələ burasındadır ki, Tramp daxili siyasətdə müəyyən uğurlar qazanıb, iqtisadiyyatda irəliləyişlər var, işsizlik 3,7%-ə enib, yeni iş yerləri açılıb. Tramp respublikaçıların daha çox yer qazanmasına çalışmaqla ölkədə istədiyi islahatları həyata keçirməyi hədəfləyir. Çünki Konqres və Senat demokratların əlində olsa, Trampın siyasəti və qanun layihələri böyük maneələrlə üzləşəcək”.

Qeyd edək ki, bu gün ABŞ-da Konqresə seçkilər keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.