Gürcüstandan gələn azərbaycanlılarla bağlı təklif - “1 günə görə 400 manat cərimə ödəyirlər”
30-11-2018, 19:45
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.
BakuPost xəbər verir ki, iclasda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi ilə bağlı millət vəkili Əflatun Amaşov çıxış edib.
O bildirib ki, layihədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyata alınmaları üçün müddət 10 gündən 15 günə artırılıb: "Bunu müsbət qiymətləndirirəm. Ancaq diqqəti bir məqama yönəltmək istərdim. İl ərzində Azərbaycana gələn xarici ölkə vətəndaşlarının kifayət qədər çoxu Gürcüstanda yaşayan azərbaycanlılardır. Qonşu dövlətdə yaşayan 300 minə yaxın soydaşımızın demək olar, hər birinin aliəsi Azərbaycanla sıx surətdə bağlıdır. Tam əksəriyyəti Azərbaycanda bu və ya digər formada daşınmaz əmlaka malikdirlər. Elə ailələr var ki, ər bir dövlətin, onun həyat yoldaşı isə başqa bir dövlətin vətəndaşıdır. Bəzi hallarda onların uşaqları da belədir”.
Mətbuat Şurasının sədri təklif edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız, xüsusən də Gürcüstanda yaşayanlar üçün nəzərdə tutulan müddət daha çox olsun: "Çünki bir də görürsən ki, iki qoca valideyn paylı-pürüşlü öz övladına, doğmalarına baş çəkmək üçün gəlir, bir gün gecikəndə 400 manat cərimə ödəməli olur. Buna bənzər problemlərlə eyni zamanda digər ölkələrdə, əsasən də Rusiya Federasiyasında vətəndaşlıq almış soydaşlarımız da qarşılaşırlar.
Düşünürəm ki, belə problemləri operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – "Soydaş haqqında" Qanunun qəbuluna ehtiyac var. Axı biz Azərbaycanı dünyaya səpələnmiş bütün azərbaycanlıların vətəni hesab edirik”.