ABŞ-la Çin arasında tarixi razılıq

4-12-2018, 10:18           
ABŞ-la Çin arasında tarixi razılıq
Fikrət Yusifov: “Gərginliyin uzun çəkməyəcəyi gözlənilən idi”
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən G20 sammitində Amerika ilə Çin arasındakı ticarət qalmaqalının aradan qaldırılması ilə bağlı ilkin razılıq əldə olundu. Çin ABŞ-la ticarət kəsirini azaltmaq üçün sonuncudan “olduqca böyük həcmdə” məhsul almağa razılıq verib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders prezident Donald Tramp və Çin rəhbəri Si Tzinpin arasında 2,5 saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

Razılığa əsasən Çin ABŞ-dan kənd təsərrüfatı, energetika, ağır sənaye və digər sahələrə aid olan böyük miqdarda məhsul alacaq. Bu anlaşma kənd təsərrüfatı məhsullarına dərhal tətbiq ediləcək.

Bunun əvəzində isə Tramp 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək, Çin mallarına aid edilən rüsumların 10%-dən 25%-ə qədər çıxarılması barədə fərmanının icrasını təxirə salacaq. Sandersin sözlərinə görə, əvvəlki rüsumlar rəsmi Vaşinqton və Pekin arasında tam razılıq əldə olunana qədər 90 gün ərzində qüvvədə qalacaq.

Xatırladaq ki, 2018-ci ildən bu yana ABŞ və Çin arasında “ticarət müharibəsi” gedir. ABŞ Çindən alınan 250 milyard dollarlıq həcmdə bütün əmtəə nişanlarına əlavə gömrük rüsumları tətbiq edib. Buna isə Çin ABŞ-dan gətirilən 110 milyard dollarlıq həcmdəki əmtəələrə eyni rüsumlarla cavab verib.

Tramp hakimiyyətə gəldiyindən bu yana iki ölkə arasındakı ticarət kəsirinin (Çinin xeyrinə 181 milyard dollar) həddindən artıq böyük olmasından şikayətlənir.

Əldə olunan bu anlaşmadan hansı tərəfin uduşlu çıxdığı barədə müxtəlif fikirlər səslənir. Çoxları bu razılığın hər iki tərəf üçün sərfəli olduğunu düşünür. ABŞ-Çin razılaşmasının dünya iqtisadiyyatına müsbət nəticələr verəcəyi də qeyd olunur.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, kompromisə gəlmək hər iki dövlət üçün sərfəli oldu: “Əslində belə bir razılığın əldə olunacağı gözlənilirdi. Ticarət qalmaqalının belə davam etməsi mümkün deyildi. İki ölkə birlikdə dünya iqtisadiyyatının az qala 40%-ni verir. Proseslərin bu şəkildə davamı təkcə Amerika və Çin iqtisadiyyatına deyil, bütövlükdə dünya iqtisadiyyatına zərbə olardı. Məsələn, Beynəlxalq Valyuta Fondunun iki ölkə arasındakı ticarət müharibəsi ilə bağlı apardığı təhlillər onu göstərdi ki, bu müharibə belə davam edərsə, bir il ərzində dünya iqtisadiyyatı bütövlükdə 0,7% itkiyə məruz qala bilər. Bu da çox ciddi bir rəqəmdir. Təsəvvür edin ki, iki ölkə arasındakı qalmaqala görə dünya iqtisadiyyatı 0,7% itkiyə məruz qalsın. Bütün bunlara görə ölkələrarası bu gərginliyin uzun çəkməyəcəyi gözlənilən idi. Hər iki ölkənin rəhbərləri bu məsələnin ciddiliyini dəyərləndirirlər, həm öz dövlətləri, həm də dünya iqtisadiyyatı üçün. Onu da yaxşı bilirdilər ki, məsələnin bu cür davamı heç birinə sərf etmir. Bu baxımdan hesab etmirəm ki, hansısa tərəf uddu. Bütövlükdə dünya iqtisadiyyatı uddu. İki dövlət də uduşlu çıxdı. Münaqişə heç bir tərəfə yaxşı heç nə vəd etmir. Çin Amerikaya bir il ərzində 500 milyarddan yuxarı məhsul ixrac edir. Bu böyük bir həcmdir. Həcmin azalması Çin iqtisadiyyatına ciddi zərbə vurardı. Bu baxımdan Çin müəyyən kompromislərə getdi. Açığı, düşünmürəm ki, bunlar Amerika və Çin rəhbərlərinin son görüşündə ortaya çıxmış məsələ olsun. Əvvəlcədən hər iki tərəfin aidiyyəti strukturları bunu işləyib hazırlamışdılar. Yəni anlaşmanın bir neçə variantı hazır idi. Bu variantlar görüş zamanı ortaya qoyuldu və onun ətrafında razılıqlar əldə olundu. Bəziləri belə dəyərləndirir ki, Çin tərəfi uduzma mövqeyindədir və bunun üçün Amerikadan lazım olan kənd təsərrüfatı məhsullarının alınmasına razılıq verdi. Açığı, mən belə düşünmürəm. Bir gedişdə deyilən uduzmaq varsa, digər gedişdə udmaq var. Çünki rüsumlardakı güzəştlər o deməkdir ki, Çin əvvəlki qaydada ABŞ bazarlarında olacaq. Bu da Pekin üçün çox önəmlidir. Əldə olunan razılıqlar qarşılıqlıdır. Hər iki tərəfin maraqlarını reallaşdıracaq güzəştlərdir. Bu həm də iqtisadi, ticarət münasibətlərində balansı qorumağa xidmət edən güzəştlərdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.