“Nə cürət edib mənim Rusiyapərəst olduğumu deyirlər?..”
3-11-2015, 14:04
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimli Milli Məclisə keçirilən seçkilərdə qalib gələrək, deputat seçiliblər.
Hər iki yeni deputatın bundan sonrakı fəaliyyəti çox maraqlıdır. Dünənə kimi bəziləri onların Rusiyapərəst olması barədə fikirlər səsləndirirdilər. Rusiyapərəst mövqeyi ilə seçildikləri deyilən deputatlar bundan sonra da Kremlin siyasətini dəstəkləyəcəkmi?
Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, onun Rusiyapərət olması ilə bağlı fikirləri necə cürət edib səsləndirə biliblər:
“Fəaliyyətimin ilk vaxtlarından həmişə demişəm ki, bütün dünya dövlətləri qurban olsun Azərbaycana. Rusiya da onun içində. Mən azərbaycanlıyam, Azərbaycanpərəstəm. Xalqım üçün, Azərbaycanım üçün nə lazımdırsa, onu da edəcəm. Bunu sizlər də görəcəksiniz. Azərbaycanım uğrunda başımı qoymağa da hazıram”.
ASDP-nın sədri Araz Əlizadə də onun haqqında belə fikirlərin səslənməsini qəbul etmir:
“Mən Azərbaycanpərəstəm, belə də qalacam. İnsanda bir pərəstlik olar. O da öz vətəninə olan pərəstliyi. İkincisi, baxın görün Rusiya prezidenti Putini mən çox tənqid edirəm, yoxsa, millətçilər?!. Boris Yeltsin prezident olarkən onunla çox yaxşı münasibətlərimin olmasına baxmayaraq, Putinə açıq məktub yazıb Yeltsini cinayətkar adlandıran mən olmuşam, yoxsa bizim müxalifət nümayəndələri?! Odur ki, bunların fikirləri “adımı sənə qoyuram, səni yana-yana qoyuram” sistemi davam edir. Azərbaycanın xarici siyasəti məni qane edir. Biz hamı ilə bərabər münasibətlər qururuq. Həmçinin, Azərbaycan nə Rusiyapərəst, nə Türkiyəpərəst, nə də Qərbpərəst olmalıdır. Azərbaycan öz maraqlarından çıxış etməlidir. Biz özümüzə böyük qardaş axtarmamalıyıq”.