"79 saylı İmişli dairəsində keçirilən bu seçki ermənilərlə döyüşümü kölgədə qoydu" - Qarabağ qazisinin ŞİKAYƏTİ
3-11-2015, 16:06
"79 saylı İmişli dairəsində keçirilən bu seçki ermənilərlə döyüşümü kölgədə qoydu"
Hörmətli həmvətənlərim!
Artıq Milli Məclisə seçki başa çatıb. Lakin onun qurtarmasından iki gün keçməsinə baxmayaraq gördüyüm mənzərədən hələ də özümə gəlməmişəm. 79 saylı İMİŞLİ seçki dairəsində baş verənlər deyərdim ki, dünyanın heç bir ölkəsində olmayıb.
Ölkə prezidenti hələ seçkilər başlamazdan öncə bütün icra strukturlarına göstəriş vermişdi ki, seçkilərə müdaxilə olunmasın. İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev isə bu göstərişə əməl etməmişdir. Əvəzində bütün məktəb direktorlarına, kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə, seçki komissiyasının sədrlərinə əmr etmişdir ki, nəyin bahasına olursa olsun, Əsabil Qasımov deputat seçilməlidir. Bu işləri isə qeyri - leqal şəkildə İmişli şəhərini demək olar ki, özəlləşdirmış Əsabil Qasımovun Saleh başda olmaqla yaxın qohumları yerinə yetirmişlər.
Cənab Ali Baş Komandan!
Mən həmin insanların arasında düşmənlə QARABAĞDA döyüşən kiməsə rast gəlmədım. Hətta Bakı və digər şəhərlərdə yaşayan İmişlidən olan imkanlı şəxslər də bu işə cəlb olunmuşdular. Bütün məntəqələrdə karusel əməliyyatı başladı, başqa məntəqələrdən olan seçicilərə imkan yaradıldı ki, Əsabil Qasımova ikinci dəfə səs versinlər. Ən acınacaqlısı o idi ki, bütün məntəqələrdə aztəminatlı ailələrin coxuna 5 - 10 manat pul muqabilində istəklərinin əksinə olaraq Əsabil Qasımova səs verilməsinə nail oldular. Axşam qaranlıqda bəzi məntəqələrin qarşısında seçicilərə pul paylandı.
Cənab Ali Baş Komandan!
Mən seçicilərimlə bütün görüşlərimdə QARABAĞ qazisi olaraq sizin əsgəriniz kimi özümü təqdim edirdim. Xalq isə məni qəhrəman döyüşçü kimi qəbul edirdi və reytinqim hamıdan yuxarı idi. Bütün QARABAĞ savaşını keçən birisi kimi 79 saylı İmişli dairəsində keçirilən bu seçki ermənilərlə döyüşümü kölgədə qoydu. Buradakı hadisələri analiz edərək belə nəticəyə gəldim ki, bunların məqsədi ölkə prezdenti ilə xalqın vəhdətini qırmaqdır.
Cənab Ali Baş Komandan!
Seçkilərə gedəndə Azərbaycanın əksər qaziləri mənim qələbəmə inanırdılar. Lakin bu mafioz ünsürlər ali qanunları ayaq altına atdılar və öz istəklərinə nail oldular. Məni isə SƏHİDLƏRİN ruhu sonadək mübrizəyə sövq edir.
Odur ki, SƏHİD ruhları xatirinə Sizdən xahiş edirəm ki, öz səlahiyyətinizdən istifadə edib 79 saylı İmişli seçki dairəsində keçirilən seçkinin nəticələrinin ləğv olunmasına göstəriş verəsiniz.
Hörmətlə, 79 saylı seçki dairəsindən deputatlığa namizəd, QARABAĞ qazisi Şirinov Habil Sabir oğlu.