Məğlub deputatlığa namizəddən ibrətamiz addım: "Azay Quliyevin qələbəsi hər birimizin qələbəsidir"

3-11-2015, 22:16           
Məğlub deputatlığa namizəddən ibrətamiz addım: "Azay Quliyevin qələbəsi hər birimizin qələbəsidir"
2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə Böyük Quruluş Partiyasının (BQP) namizədi kimi 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Dürdanə Aslanzadə bəyanat verib.

Trend-ə daxil olan bəyanatda qeyd olunur ki, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü və uzaqgörən siyasətin nəticəsində müstəqil Azərbaycan çoxsaylı uğurlara imza atıb: “Bu uğurlar ölkəmizin daxili sabitliyinə və xalqımızın inkişafına zəmin yaratmaqla, beynəlxalq aləmdəki nüfuzunun günbəgün artmasına səbəb olub. Azərbaycan xalqının maraq və mənafeyinə xidmət edən bu siyasətin bariz nümunəsi kimi ölkəmizdə tətbiq edilən demokratik seçki təcrübəsini göstərmək olar. Azərbaycanın qanunvericiliyi ilə təsbit olunmuş və 18 yaşına çatmış hər bir vətəndaşımıza seçmək, seçilmək hüququnu verən bu qanunvericilik, əslində Azərbaycan dövlətinin xalqına verdiyi yüksək dəyərin ifadəsidir”.

D.Aslanzadə bildirib ki, Milli Məclisə keçirilən seçkilər də ölkəmizin uğurlu seçki təcrübəsinin tərkib hissəsi olaraq xalqımızın iradəsinin təntənəsi kimi qiymətləndirilə bilər: “Bu seçkilər mənim və təmsil etdiyim siyasi partiya üçün də yaddaqalan oldu. Belə ki, mən də bu seçkilərdə ölkəmizin nüfuzlu siyasi partiyalarından biri olan Böyük Quruluş Partiyasının 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədi kimi iştirak etdim. Seçkilərdə siyasi mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq, hər bir namizədə bərabər şəraitin yaradıldığını, onların qeydiyyata alınması prosesindən başlayaraq təbliğat-təşviqat dövründə, xüsusilə də seçkilər günü heç bir problem və maneə ilə rastlaşmadıqlarının şahidi oldum”.

Onun sözlərinə görə, hətta seçki prosesini izləmək üçün dairə və dairənin 40 seçki məntəqəsi üzrə qeydiyyatdan keçmiş müşahidəçilərə də hər cür şərait yaradılmışdı: “Bir sözlə, dövlət bütün namizədlərə siyasi marafonda sərbəst mübarizə aparmaları üçün öz dəstəyini əsirgəmədi. Mən də Böyük Quruluş Partiyanın deputatlığa namizədi olaraq yaradılan bu şəraitdən razılığımı bildirir və seçkilərin demoktarik, ədalətli və şəffaf keçirildiyini bəyan edirəm. Seçkilər siyasi rəqabətdir, burada udmaq da, uduzmaq da qələbədir. Önəmli olan seçkilərdə öz gücünü sınamaq və sağlam rəqabətin nəticəsi olaraq uduzacağın təqdirdə belə xalqının istək və arzularına hörmətlə yanaşmaqdır

Mən də deputatlığa namizəd olaraq Binəqədi seçicilərinin iradəsini əks etdirən seçkilərin nəticəsini alqışlayır və seçicilərin etimadını qazanaraq qalib namizəd olan Quliyev Azay Əjdər oğlunu təbrik edirəm. Onun qələbəsi hər birimizin qələbəsidir. Çünki o, Binəqədi seçicilərinin seçimidir. Seçicilərin seçimi isə sorğu-sual olunmur. Xalqımız istənilən vaxtda öz müdrik qərarlarını verir və sevib-seçdiyi namizədi dəstəkləyir. Bizə də qalib namizədləri dəstəkləmək və təbrik etmək düşər.

Mən bir daha Azərbaycanda, eləcə də deputatlığa namizədliyimin irəli sürüldüyü 8 saylı Binəqədi I seçki dairəsində parlament seçkilərinin Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinə uyğun keçirildiyini bəyan edir və biz namizədlər üçün yaradılan bərabər mühitə görə ölkə rəhbərliyinə öz səmimi minnətdarlığımı ifadə edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.