Rusiya Xəzərdən Azərbaycana və Türkiyəyə barmaq silkələdi - TƏHLİL

8-12-2015, 11:37           
Rusiya Xəzərdən Azərbaycana və Türkiyəyə barmaq silkələdi - TƏHLİL
Rusiya Xəzər dənizində “əzələ nümayişi”ni davam etdirir. Dünən şimal qonşumuzun donanmasına məxsus gəmiləri akvatoriyada yeni hərbi təlimlərə başlayıb. Rusiyaya aid qaynaqların bildirdiyinə görə, təlimlər gəmilərin döyüş hazırlığı ilə bağıdır və hava hücumundan müdafiə xarakteri daşıyır.

Geniş miqyaslı təlimlərdə 50 gəmi iştirak edir. Onların arasında “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Uqliç”, “Volqodonsk”, “Mahaçqala”, “Həştərxan”, “Qrad Sviyajsk” artilleriya gəmiləri də var. Yada salaq ki, məhz “Dağıstan” gəmisindən ötən ay İŞİD mövqelərinə iki dəfə qanadlı raketlər atılmışdı.

Əksər analitiklərə görə, həmin olay İŞİD-dən daha çox region ölkələrini, ələlxüsus Azərbaycan daxil, sahilyanı neft-qaz ölkələrini qorxutmaq, hədələmək niyyəti güdüb, eyni zamanda Türkiyə kimi regional güclərə hərbi müşkül göstərmək məramı daşıyıb.

***

Maraqlıdır ki, məhz həmin hadisədən az sonra Türkiyə Rusiyanı yerində oturacaq bir cəsarətli addıma getdi - qardaş ölkənin hava məkanını pozan “Su-24" hərbi təyyarəsini vurdu. Xəzərdəki son təlimlər də ən əvvəl ”Su-24" insidentindən sonra Rusiya-Türkiyə münasibətlərinin xeyli gərginləşdiyi və prezident Vladimir Putinin Ankaraya ünvanlı hədələyici bəyanatlar səsləndirdiyi dövrə təsadüf eləməsi ilə diqqət çəkir.

Xatırladaq ki, Putin keçən həftəsonu Federasiya Şurasına etdiyi müraciət zamanı Türkiyəni yenidən və daha sərt şəkildə hədələmiş, “Əgər onlar düşünürsə ki, pomidorla, hansısa tikinti sektorunda məhdudiyyətlərlə canlarını qurtaracaqlar, möhkəm yanılırlar” demiş, ardınca “Biz nə edəcəyimizi yaxşı bilirik”, “Onları öz hərəkətlərinə hələ çox peşman edəcəyik” tipli həqarətli ifadələr işlətmişdi. Rusiya prezidenti çıxışında belə bir hədələyici ifadə də işlətmişdi ki, “Cavabımızı başqa yollarla da verəcəyik”.

Bu xüsusda diqqətçəkici detallardan biri də Xəzərdəki genişmiqyaslı təlimlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu həftə Türkmənistana nəzərdə tutulan səfəri ərəfəsində start götürməsi ilə ilgilidir. Baş nazir Əhməd Davudoğlunun Bakı səfərinin ardınca Ərdoğanın digər türkdilli ölkənin paytaxtı Aşqabada edəcəyi ziyarət şəksiz ki, əsasən transxəzər qaz kəməri və Türkiyənin enerji təhlükəsizliyini daha etibarlı eləmək, Rusiyanın hədələri fonunda ondan qaz asılılığını minimuma endirmək planları ilə bağlıdır.

Kremlin Xəzərdə mütəmadi güc nümayişi şübhə yox ki, həm də elə transxəzər qaz kəməri layihələrinə potensial təhlükə yaratmağa hesablanıb. Təsadüfi deyil ki, gələn il Rusiya Xəzər dənizində nə az, nə çox- 20-yə yaxın iri hərbi təlim keçirməyi planlaşdırır. Hərçənd gün kimi aydındır ki, Rusiyanı Xəzərdə heç bir ölkə nə qurudan, nə də havadan hərbi cəhətdən hədələmir, ona təhlükələr yaratmır. Deməli, hədəf rəsmən elan edildiyi kimi deyil, ayrıdır...

***
Moskva bununla dəfələrlə işarə edib ki, dənizin de-fakto sahibi odur və onun “dobrosu” olmazsa, Xəzərin karbohidrogen qaynaqlarının istismarı və nəqlinə maneələr yaradacaq. Xəzərdəki Rusiya gəmilərindən guya İŞİD mövqelərinə qanadlı raketlərin atılması da müstəsna olaraq sahilyanı iri qaz ölkələri kimi Azərbaycan və Türkmənistana ünvanlı şantaj idi.

Ondan qabaq isə Rusiya XİN-in xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç transxəzər qaz kəməri layihəsinin reallaşması uçun bütün sahilyanı ölkələrin razılığının alınmalı olduğunu bildirmişdi. “Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli fəaliyyət Xəzəryanı ölkələr arasında inamsızlığa gətirib çıxaracaq. İstisna deyil ki, layihənin regiondan olmayan lobbiçiləri ”strateji tərəfdaş" və qaz kəmərinin bütün siyasi dividentlərinin tərəfdarı qismində buna nail olmağa çalışırlar. Həştərxanda keçirilən Xəzər sammitində beş ölkənin liderləri Xəzərin gələcəyi ilə bağlı həmrəy məsuliyyət daşıdıqlarını təsdiqlədilər. Hesab edirik ki, bu məsələyə şübhəsiz ki, qaz kəməri mövzusu da aiddir", - deyə Rusiya rəsmisi hədələyici şəkildə vurğulamışdı.

Bu hədədən keçən zaman kəsiyində indi, üstəlik, Ankara-Moskva əlaqələri korlanıb və Türkiyəyə, onun bölgədəki əsas müttəfiqi Azərbaycana təzyiqlər üçün transxəzər qaz kəmərinin önəmi daha da artıb. Xəzərdə intensivləşən hərbi təlimlərə öncəliklə bu baxış buçağından nəzər salmaq lazım gəlir.

***
Kremlin Xəzərdə özünü belə “bespardonnı” aparmasının bir səbəbi də sözsüz ki, dənizin hüquqi statusunun indiyədək qeyri-müəyyən qalmasıdır. Bu da şimal qonşumuza öz hərbi qüdrətinə arxalanıb akvatoriyada özünü daha sərbəst aparmasına şərait yaradır.
Dənizin yekun hüquqi statusunun dəqiqləşməməsində isə qonşu İranın zaman-zaman yaratdığı süni və əsassız əngəllər də mühüm rol oynayıb. İndi bəlli olur ki, bu əngəllər Rusiya və İrandan yan keçən və keçəcək, Qərbə, Türkiyəyə ünvanlı transxəzər qaz kəmərlərinə “sualtı maneələr” yaratmaq üçün gərək imiş.\\musavat.cim\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.