Rusiya qoşunları Azərbaycan-İran sərhəddində yerləşə bilərmi? - HƏYƏCAN TƏBİLİ...

9-04-2020, 10:14           
Rusiya qoşunları Azərbaycan-İran sərhəddində yerləşə bilərmi? -
Azərbaycan oxucusuna da yaxşı tanış olan, Rusiyanın Yaxın Şərq və Qafqaz üzrə eksperti, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakultəsini bitirmiş, amma bizə heç də dost münasibəti bəsləməyən, Stanislav Tarasov bu gün “ Rusiya, Azərbaycan və Ermənistan koronavirusu birlikdə dayandırmalıdırlar” məqaləsi ilə çıxış edib.

Bakı vaxtilə təxminən 15. 00 vaxtda yayılan məqalədə koronavirusla bağlı erməni ordusunda və Gümrüdəki Rusiya hərbi bazasındakı hərbçilərin test edilməsi ilə əlaqədar Rusiya hərbi təyyarəsinin Ermənistana gəlməsindən bəhs edilir. Rusiyanın erməniyə kömək etməsi yenilik deyil, buna adət etmişik, amma məqalənin birbaşa bizə aid olan hissəsi diqqətçəkicidir. Hələ məqalənin giriş hissəsində ekspert bizim biganə qala bilməyəcəyimiz bir məsələyə toxunub. Müəlif yazır: “bu məsələdə bəzi aydın olmayan tərəflər var: Rusiya hərbçiləri virus əleyhinə tədbirləri Dağlıq Qarabağ Respublikasında yerləşən hərbi hissələrdə də aparacaqmı”.

Birincisi, burda yanlış olan odur ki, ”Dağlıq Qarabağ Respublikası” adlı hüquqi statusa malik subyekt yoxdur. Rusiyalı ekspert RF vətəndaşı kimi heç olmasa “Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsinə nəzarət edən erməni hərbçilər” ifadəsi işlətməli idi. Adətən Tarasovun əsasən Rusiyanın, müəyyən qədər də Ermənistanın mövqeyini müdafiə etdiyi aydındır, o heç vaxt bunu gizlətməyib də, amma, beynəlxalq hüquq var və bir ekspert kimi Rusiya dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqqında rəsmi mövqeyini də bilməmiş deyil.

İkincisi, ekspert bəlkə özü də bilmədən Azərbaycanın ərazisinin Ermənistan hərbçiləri tərəfindən işğal olduğunu dolayısı ilə etiraf etmiş olur. Axı, Rusiya təyyarəsi Ermənistan ordusuna köməyə gəlib.

Amma, Tarasovun məqaləsinin əsas hədəfi koronavirusa qarşı tədbirlərin birlikdə keçirilməsi deyil, Azərbaycan-İran sərhəddidir. İran - Azərbaycan sərhəddinin işğal altında olan hissəsi məlumdur ki, Ermənistan Ordusunun nəzarətindədir. Koronavirusun İranda geniş yayılmasını bəhanə gətirən Tarasov, İran sərhəddini qorumağın vacibliyini DQR rəhbərliyinə məsləhət görməklə, necə deyərlər, dilinin altındakını belə çıxarır: “hadisələr elə inkişaf edə bilər ki, İranla sərhəddi daha ciddi şəkildə bağlamaq haqqında düşünülsün və mümkündür ki, bu Rusiyanın iştirakı ilə həyata keçirilsin”.

Bu, üzdə görsənən yalançı yanımcıllığın arxasında Rusiya qoşunlarının Azərbaycan-İran sərhəddində yerləşdirmək məqsədi dayanır. Ekspert Krımda “yaşıl adamlar”la işğalı həyata keçirən Rusiya Fedrasiyası hərbiçilərinin indi də sanitar –epidomoloq xalatında “ağ adamlar” adı altında Azərbaycan ərazisinə qayıtmağının çox hiyləgər variantını fikirləşir. Müstəqilliyin ilk illərində Rusiyanın Azərbaycana birgə sərhəd qoruma təklifi yaddan çıxmayıb. Sərhədə bu gün nəzarət edə bilməsək də, istənilən dövlətin ora hansısa yolla hərbçi yerləşdirməsi qeyri-mümkündür. Çox təəssüf ki, İran dövləti işğaldan sonra bu sərhəd xəttini tam bağlamaq əvəzinə, qanunsuz keçərək dost bildikləri Ermənistana və separatçılara hər cür yardımlar etməklə məşğuldur. Azərbaycan Respublikası isə yalançı islam həmrəyliyindən danışan İrana bu barədə rəsmi irad bildirməyib, qınamayıb.

Azərbaycan tezliklə Azərbaycan-İran sərhəddinə nəzarəti bərpa edə bilmədikcə iştahları geniş olan qonşu dövlətlər hər zaman burda min bir bəhanə ilə qoşunlarını yerləşdirmək planlarından əl çəkməyəcəklər. Bunu bir daha Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq. Üstəlik, ermənilər Araz kənarında yeni şəhər salmaq planlarını gizlətmirlər. Uzanan işğal Azərbaycan dövlətçiliyini qurd kimi çöldən də, içəridən də yeyir və uzandıqca hələ çox bəlalar gətirəcək. Koronavirus bəlası dövlətçiliyimizə qarşı olan bu bəlaların yanında toya gediləsi olacaq.

İlham İsmayıl












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.