Valyuta dəyişmə məntəqələri yalnız Milli Bank sektorunda fəaliyyət göstərməlidir - deputat
13-01-2016, 12:28
"Təklifimiz var ki, valyuta dəyişmə məntəqələri yalnız Milli Bank sektorunda, o cümlədən banklarda, hava limanı və digər yerlərdə fəaliyyət göstərsin".
Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
O bildirib ki, hər tində valyuta dəyişmə məntəqələri olmasa, istənilən qiymət ilə valyutanı dəyişmək mümkün olmayacaq.
Həmçinin millət vəkili qeyri-neft sektorunun inkişafının bu gün Azərbaycan üçün ən önəmli məsələ olduğunu vurğulayıb:
"Qeyri-neft sektorunun inkişafının qısa müddətdə həyata keçirilməsi üçün kənd təsərrüfatı məhsullarının qonşu dövlətlərə ixracına diqqət artırılmalıdır. 2016-cı ildə neftin qiymətində müəyyən problemlər olsa da, qeyri-neft sektorunun inkişafı üçün müsbət addımlar atılarsa, ciddi sahələrə diqqət edilərsə, biz problemin qarşısını müəyyən qədər almış olarıq".