"Cənubi Qafqaz ölkələri ilə daha yaxından işləməyə hazırıq" - Amerikalı diplomat

30-04-2015, 13:04           
"Cənubi Qafqaz ölkələri ilə daha yaxından işləməyə hazırıq" - Amerikalı diplomat
“Biz Şərqlə Qərb arasındakı əlaqələrin gücləndirilməsi üçün Cənubi Qafqaz ölkələri ilə daha yaxından əməkdaşlıq etməyə hazırıq”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin birinci müavini Riçard Hoqland “Latviyanın Avropa İttifaqına sədrliyi və Aİ-nin Mərkəzi Asiyaya yönəlmiş siyasəti” adlı forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qlobal ticarət axınının yaranması üçün ABŞ bu sahədə Avropa İttifaqı, Çin, Hindistan və Mərkəzi Asiya ilə işləməyə hazırdır. Hoqland bildirib ki, ABŞ-ın Yeni İpək Yolu təşəbbüsü daha çox Mərkəzi Asiya ilə Cənubi Asya arasında şimal-cənub əlaqələrinin möhkəmləndirilməsinə yönəlib: “Lakin biz Şərqlə Qərb arasında əlaqələrin inkişafına yardım edəcək yollar barədə də düşünürük. Bununla bağlı son 6 ildə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə “Şimal Paylama Şəbəkəsi” proqramı çərçivəsində məhsulların Əfqanıstana və Əfqanıstandan Avropaya daşınması istiqamətində əməkdaşlıq etmişik. Hazırda eyni proqram çərçivəsində Çin və Hindistandan keçməklə, Mərkəzi Asiyanı Xəzər dənizi və Şimali Qafqazdan keçməklə, Türkiyə və Avropa ilə birləşdirən şərq-qərb ticarət şəbəkəsini inkişaf etdirməyə çalışırıq”.

Diplomat bildirib ki, ticarət dəhlizlərinin inkişafı üçün digər layihələr də həyata keçirilir: “Biz həmçinin Avropa İttifaqının dəstəklədiyi “Şərq Tərəfdaşlığı” proqramını və TRACECA layihəsini yaxından izləyirik. Biz ölkələri bu istiqamətdə işləri davam etdirməyə çağırırıq. Bacardığımız qədər bu layihələrə dəstək verməyə hazırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.