"Milli mənəvi dəyərlərin əsas tələblərindən biri də vahid dövlətə mənsubluq hissidir"

13-02-2016, 12:28           
 "Milli mənəvi dəyərlərin əsas tələblərindən biri də vahid dövlətə mənsubluq hissidir"
Azərbaycanda digər dinlərin nümayəndələri də yaşayır. Bununla belə, qeyri-islam dininə mənsub olan insanlar sıxışdırılmır, təqib olunmurlar. Əksinə, onlara böyük hörmətlə yanaşılır. Buna görə də Azərbaycandakı tolerantlıq və multikultural mühit bu gün bütün dünyada nümunə kimi göstərilir.

Report-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O qeyd edib ki, ölkədə multikultural mühitin formalaşması bir tərəfdən təbliğatla bağlıdırsa, digər tərəfdən rayonlarda, mərkəzi yerli icra hakimiyyəti orqanlarında təşkilatı tədbirlər görülməsini tələb edir:

"Bu mühitin formalaşması ilə bağlı dövlətin proqramları, müvafiq qanunvericilik aktları və müvafiq siyasəti var. Vətəndaş cəmiyyəti təsisatları fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi ilə vətəndaşların yaratdıqları birliklərdir. Yəni hər bir vətəndaş özü kimi düşünən insanlarla birlikdə vətəndaş cəmiyyəti təsis edə bilər. Bu isə fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi daşıyır. Azərbaycanda bu cür təsisatların ən geniş yayılan forması qeyri-hökumət təşkilatlarıdır. Ölkəmizdə QHT-lərin fəaliyyətinə dövlət dəstəyi konsepsiyası qəbul olunub, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin şuraya dövlət büdcəsindən təxminən 5 milyon manat vəsait ayrılıb. Bu ildən nazirliklər, komitələr, şirkətlər, eyni zamanda, mərkəzi yerli icra hakimiyyətinin digər strukturları üçün dövlət büdcəsindən ayrılan qrant fəaliyyətinin də tənzimlənməsini həmin şura həyata keçirir. Beləliklə, şura qrant fəaliyyətini koordinasiya edir".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda yayılan ən geniş vətəndaş cəmiyyətlərindən biri də həmkarlar ittifaqlarıdır:

"Bu qurum dövlətin sosial siyasət məsələləri üzrə tərəfdaşıdır. Həmkarlar İttifaqı insanların əmək hüquqlarının, o cümlədən işləyən bütün kateqoriyaların sosial hüquqlarının müdafiəsinin həyata keçirilməsində vahid standartlar müəyyən edir. Kütləvi informasiya vasitələri də vətəndaş cəmiyyətləri institutu təsisatlarına daxildir və hər bir vətəndaş istənilən informasiya vasitələri təsis edə bilir. Bundan əlavə, bəzən siyasi partiyaları da vətəndaş cəmiyyətləri institutlarına daxil edirlər. Amma biz onları hakimiyyət institutu adlandırır, vətəndaş cəmiyyəti institutları təfsilatına daxil etmirik. Buna görə də onlara QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant verilmir. Sadəcə olaraq, parlamentdə təmsilçilik normalarına görə, dövlət büdcəsindən ayrılan vəsait onlar arasında bölünür".

Prezidentin köməkçisi bildirib ki, "Milli mənəvi dəyər" dedikdə, fərdi və ictimai həyatın müxtəlif sahələrində hamının və ya əksəriyyətin qəbul etdiyi ictimai ideyalar, prinsiplər, normalar, baxışlar, etalon və standartlar, adət və ənənələr sistemi nəzərdə tutulur:

"Bu normalar birdən-birə yaranmayıb, bunlar tarix boyu formalaşmış dəyərlərdir. Bizim hamımız vahid vətəndaşlıq normaları əsasında fəaliyyət göstəririk. Bunun təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Milli mənəvi dəyərlərin əsasında duran başlıca prinsip azərbaycançılıq ideologiyasıdır. Bura bütün Azərbaycan xalqının qəbul etdiyi normalar, mənəviyyat, adət və ənənələr daxildir".

Azərbaycanda əhalinin böyük əksəriyyətinin İslam dininə mənsub olduğunu bildirən Ə.Həsənov qeyd edib ki, milli mənəvi dəyərlərin əsas tələblərindən biri də vahid dövlətə mənsubluq hissidir:

"Bu, Vətənin qayğıları və onun üstünlükləri qarşısında bərabərlik deməkdir. Biz neft gəlirlərini rayonlara paylayanda demirik ki, bu rayonda talışlar, yaxud digərlərində ləzgilər, tatlar, türklər yaşayırlar. Prezident İlham Əliyevin bölgələrə səfərlərinə nəzər yetirək. Dövlətimizin başçısının ən çox səfər etdiyi rayonlar elə milli azlıqların və fərqli din mənsublarının məskunlaşdıqları ərazilərdir. Biz ora heç vaxt başqa xalqların yaşadıqları yer kimi deyil, Azərbaycan, Vətən kimi baxırıq. Onlar bizim xalqımızdır və o ərazilər də bizim Vətənimizdir".

Ə. Həsənov deyib ki, din cəmiyyətin strukturunda mühüm yer tutan ictimai institutdur:

"Din müxtəlif ideyaları ifadə edən və ictimai münasibətləri tənzimləyən ictimai şüur formasıdır, insanın cəmiyyətdə davranışını tənzimləyən norma və təlimatlar sistemidir. İslam dininə mənsub şəxslə digər hər hansı başqa bir dinə sitayiş edən insanın davranışlarında, dünya görüşündə müəyyən fərqlər olur. Bu anlamda Azərbaycan cəmiyyətinin həyatında da dinin rolu danılmazdır".

O qeyd edib ki, hazırda Azərbaycanda üç minə yaxın QHT, 50-dək siyasi partiya fəaliyyət göstərir. Təxminən 200 qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkəti mövcuddur. Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanı olan insanlar ümumi əhalinin təxminən 75 faizini təşkil edir. Odur ki, milli mənəvi, multikultural dəyərlərin təbliğində ən önəmli rol kütləvi informasiya vasitələrinə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.