Müxalifətin anti-böhran toplantısı
22-02-2016, 10:16
Fevralın 21-də ölkə müxalifəti böhranla bağlı ikinci geniş toplantısını keçirib. Musavat.com-un xəbərinə görə, ADP-nin qərargahında keçirilən tədbirdə müxalifət partiyalarının sədrləri və rəhbərlikdə təmsil olunan siyasilər, tanınmış ekspertlər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti təmsilçiləri, bir sıra qeyri-hökumət təşkilatları rəhbərləri iştirak ediblər. Ölkədəki iqtisadi və siyasi böhranla bağlı son durum, həmçinin ictimai siyasi-vəziyyət müzakirə edilib.
Dövlət himninin oxunması ilə başlanan tədbirin aparıcısı, KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifətin böhranla bağlı yaratdığı işçi qrup artıq təkliflərini hazırlayıb: “Ökəmizdə baş verənləri hər birimiz bilirik”.
AXP sədri Pənah Hüseyn isə hazırlanan təkliflərdən ibarət bəyanatı səsləndirib. O, bildirib ki, bu kimi tədbirlər artıq başlanacaq xalq hərəkatının qığılcımlarıdır: “Tezliklə ADP-nin böyük zalı ilə kifayətlənməyəcək bu xalq toplantısı. Azərbaycanın haqq səsini bütün dünya eşidəcək”.
P.Hüseyn bildirib ki, ölkədə maliyyə-iqtisadi böhran dərinləşməkdə davam edir. Bank sektorunda iflas geniş vüsət alıb, əhalinin gəlirləri, yaşam səviyəsi aşağı düşüb, kasıblıq və səfalət artıb.
Onun sözlərinə görə, müxalifət bu vəziyyətdə ciddi islahatların vacibliyini vurğulayır: “Həmçinin hakimiyyətlə müxalifət arasında dialoqu vacib sayır. Siyasi manipulyasiya məqsədilə bunun edilməsi düzgün deyil. Hakimiyyətin könüllü şəkildə real islahatara getməyəcəyi bilinir”.
ADP sədri Sərdar Cəlaloğlu cəmiyyətin hər tərəfində parçalanmaların olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Suriyanın gününə salına bilər: “Bu, realdır. Rusiya Azərbaycanla müharibyə hazırlaşır, bunu artıq politoloqları bildirirlər. Azərbaycan müxalifəti Azərbaycan iqtidarı deyil. Biz təşkilatlanmalıyıq. İşçi qrup yaradılıb, biz böhranla bağlı problemləri, məsələləri müzakirə edirik”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında qeyd edib ki, müxalifət hər iki toplantıda səslənən antiböhran təkliflərini geniş şəkildə müzakirə edib toplayacaq və proqram halında açıqlanacaq. O, bu cür müzakirələrin davamlı olmasının vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, müxalifətin imicinin zədələnməsi barədə səslənən fikirlər doğru deyil. Müxalifət məhz o cür olmadığından, ölkənin böhrandan çıxmasını istəyir və bu yöndə hökumətə təkliflər verir.
Digər çıxış edənlər də müxtəlif təkliflər səsləndiriblər. Təkliflərin nəzərə alınacağı və işçi qrup tərəfindən müzakirə olunacağı vurğulanıb.
Qeyd edək ki, müxalifət partiyalarının bir hissəsi yanvarın 24-dən antiböhran tədbirləri keçirərək ölkənin böhranlı vəziyyətini müzakirə etməkdədir. Artıq bu istiqamətdə yaradılan işçi qrup bir neçə müzakirə keçirib. Müzakirələr mətbuata qapalıdır. Toplantılarda səslənən fikirlər və təkliflərin hələ müzakirəsi gedir. Bununla bağlı yaradılan İşçi Qrupun çoxsaylı təklifləri müzakirə edərək sonunda hökumətə göndərməsi gözlənilir. Antiböhran kooalisiyasının sonuncu toplantısında ölkədə böhran masalarının yaradılması da qərara alınıb.
teref.az