Rövnəq Abdullayevin səlahiyyətləri azaldıldı — Prezidentin Fərmanı ilə
29-02-2016, 14:09
SOCAR-da əsas idarəetmə funksiyalarını bundan sonra bu qurumun Şurası yerinə yetirəcək.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərman SOCAR-ın idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutur, şirkətin prezidentinin səlahiyyətlərini məhdudlaşdırır.
Fərman indiyədək SOCAR prezidenti yanında məşvərətçi qurum olan Şuraya kollegial orqan statusu verir. Şuranın tərkibinə SOCAR-ın prezidenti, vitse-prezidentləri və digər vəzifəli şəxslər daxildir.
Qərarlar prezident deyil, Şura tərəfindən veriləcək.
Fərman, həmçinin, SOCAR-ın vəzifəli şəxslərinin qohumları ilə bağlanan əqdlərə nəzarətin sərtləşdirilməsini nəzərdə tutur.
Prezidentin digər fərmanı Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-ə verilmiş bəzi səlahiyyətlərinin yenidən ona qaytarılmasını nəzərdə tutur. Dəyişikliyə görə, dəyəri «Azəryolservis»in aktivlərinin 5 faizi və ya daha çox hissəni təşkil edən müqavilələrin bağlanmasına yenidən Nəqliyyat Nazirliyi qərar verəcək.