"..kafirlərin əmlakı və qanı halaldır”- Qəddar vəhabi qruplaşmasının işi

29-02-2016, 22:16           
"..kafirlərin əmlakı və qanı halaldır”- Qəddar vəhabi qruplaşmasının işi
“Allahdan başqa hökm verən kafirdir, siz hamınız tağutsunuz. Bizim məclisimiz də sizin məclisinizdən ayrıdır. Allah da buna şahiddir”.

Silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan, radikal dini təmayüllü 17 nəfərlik dəstənin üzvləri hər dəfə məhkəmə prosesi başlayan kimi bir ağızdan belə deyirlər.

Virtualaz.org xəbər verir ki, söhbət Qəbələdə restoran sahibini amansızlıqla qətlə yetirənlərin də daxil olduğu radikal dini qruplaşmanın üzvlərindən gedir. Xəbər verildiyi kimi bu iş üzrə məhkəmə prosesi bir müddətdir başlayıb və cinayətkar qruplaşmanın əməllərinin ayrı-ayrı epizodları, o cümlədən Qəbələdəki qətl üzrə məhkəmə istintaqı aparılır.Prosesə hakim Zeynal Ağayev sədrlik edir.

Təqsirləndirilən şəxslərdən bir-iki nəfəri çıxmaq şərtilə yerdə qalanlar ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər. Dəstə üzvləri arasında əvvəllər məhkum olunanı, günəmuzd fəhlə işləyəni, müəllim, tarixçi, universitet məzunu da var. Bu insanları bir yerə toplayan, onlara rəhbərlik edən, ağır cinayətlər törətməyə sövq edən kimdir?

Qobustandan başlanan ibadət

Dəstə başçısı 1980-cı il təvəllüdlü Nurəddin Xəlilov ilk cinayəti 17 yaşında törədib, Qobustan həbsxanasında cəza çəkib. Həbsxanada olduğu dövrdə dindar məhkumlarla dostluq münasibəti qurub, radikal vəhabiliyə meyl edib, ibadətlə məşğul olmağa başlayıb. 2012-ci ildə həbs müddətini başa vuran N.Xəlilov azadlığa buraxılıb. O, vəhabi təriqətinə mənsub şəxslərin əksəriyyəti ilə sosial şəbəklərdə tanış olub. Bu tanışlıq dostluğa, özlərinin dediyi kimi “qardaşlığa” çevrilsə də sonra yenidən həbsxanaya aparıb. N.Xəlilov bu dəfə tək yox, özü ilə 16 nəfəri də cinayətə sürükləyib.

Keçmiş məhkum özünü “əmir” elan edir

İttiham aktında deyilir ki, təriqət üzvləri Müşfiq Mikayılov, Elçin Məmmədov, “Abduləziz” ləqəbli Zaur Əliyev, “Süleyman” ləqəbli Rufis Bəyimov, “Həmzə” ləqəbli Coşqun Kərimbəyli, “Abu İbrahim” ləqəbli Rəşad Həşimli və digərləri ilə idman zalında məşq edərkən tanış olan N.Xəlilov onları qardaşı Niyaməddinlə birgə Binəqədi qəsəbəsindəki kirayə yaşadıqları mənzilə dəvət edib.

2014-cü ilin may ayından etibarən Xəlilovların yaşadıqları mənzilə yığışaraq orada dini söhbətlər aparıblar. Bir mddət sonra N.Xəlilov həmin şəxslərdən ibarət “camaat” yaradaraq özünü onlara “əmir”, Rufis Bəyimovu müavin, Zaur Əliyevi isə qazi elan edib. “Bu yoldan döndü yoxdu, bu Allahın buyruğudur, kafirlərin əmlakı və qanı halaldır” deyə and içib.

“Umar abu Mucaid”in “camaatı”nın imkanlı şəxslərə basqın planı

İstintaq müəyyən edib ki, dəstə üzvlərinin əsəs məqsədləri Azərbaycanda dini qaydalara uyğun dövlət qurmaq, cihad etmək olub. Bunun üçün pul lazım olduğundan imkanlı şəxsləri müəyyən edib onların mənzillərinə basqın edib öldürmək və pullarını ələ keçirməyi planlaşdırıblar. Şəriət qaydaları ilə idarə olunan dövlətdə yaşamaq, dini qaydalara uyğun dövlət qurmaq istədiklərindən dəstə üzvləri özlərinə və ailə üzvlərinə məxsus şəxsiyyətlərini təsdiq edən sənədləri belə yandararaq məhv ediblər.

Beləliklə, “Umar abu Mucaid” dini ləqəbi ilə özünü sələfi cərəyanın əmiri elan edən N.Xəlilov Azərbaycanda şəriət qayda-qanunları ilə idarə olunan dövlət qurmaq, külli miqdarda pul vəsaiti əldə etmək üçün kafir hesab etdikləri şəxslərin qanını, malını özlərinə halal bildikləri müxtəlif zəngin şəxslərə basqın edərək, onların pullarının hesabına silah-sursat almaq üçün eyni radikal dini baxışlara malik olanları ətrafına toplamağa müvəffəq olub.

Onlar mütəşəkkil dəstə yaradaraq həmin cinayətlərin planını birlikdə hazırlayıblar. İlk hədəfləri Mərdəkan qəsəbəsi, F.Qasımzadə küçəsindəki imkanlı şəxs kimi tanıdıqları Sərxan Allahverdiyevin evi olub. S.Allahverdiyevin mənzilində qızıl-zinət əşyaları olması barədə onları dəstə üzvü Müşfiq Mikayılov məlumatlandırıb.

19 mart 2014-cü ildə üzlərinə maska keçirərək gecə saatlarında mənzilə basqın ediblər. Həmin həyətdə yaşayan evin gözətçisi Gündüz Cəfərovu və ailə üzvlərini oyadaraq Sərxan Abdullayevə məxsus evin qapısını açmağı tələb ediblər. Gözətçi imtina etdikdə ona bıçaqla çoxsaylı zərbələr endiriblər və həyat yoldaşı Vüsaləyə də xəsarət yetirəcəkləri ilə hədələyiblər. Mənzildən 850 manat pul və çoxlu sayda qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar. Əldə etdikləri pulu öz aralarında bölüblər.

Güllələnən restoran sahibi

Dəstə üzvləri ən qəddar cinayəti Qəbələdə törədiblər. Rayondakı “Soyuq bulaq” restoranının sahibi Vahid Vahabovun imkanlı şəxs olması barədə Qəbələ rayon sakini olan dəstə üzvü Bahadur Məmmədov onları məlumatlandırıb. Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimov 2014-cü ilin noyabr ayın 14-də Bakıdan Qəbələyə yollanıblar.

Bahadur Məmmədov V.Vahabovun mənzilinin yerini onlara göstərdikdən sonra onu tanıyan olmasın deyə yoldaşlarından ayrılıb. Üzlərinə maska keçirib gecə saatlarında V.Vahabovun mənzilinə soxulan Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimov evin ikinci mərtəbəsində yatmış V.Vahabovu hədələyərək ondan pul və qızlı-zinət əşyaları tələb ediblər.

Ev sahibi onlara “pulum yoxdur, götür maşının açarlarını apar” deyib. V.Vahabov pulu olmadığını bildirdikdə odlu silahla ona döş qəfəsindən atəş açıblar. Maskalılardan biri səs-küyə zala gələn ev sahibəsinə “qışqırma, başını kəsəcəyik” deyərək hədələyiblər. Səsə qonşuların gələcəyindən ehtiyat edərək hadisə yerindən qaçıblar. V.Vahabovun yaxınları onu xəstəxanaya apararkən yolda keçinib.

İcra nümayəndəsinin evinə basqın

İstintaq materiallarına əsasən Şamaxı rayonundan olan dəstə üzvü, “Xələf Sələfi” ləqəbli Xəlil Məmmədov rayonun Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun imkanlı şəxs olduğunu, evində külli-miqdarda qızlı-zinət əşyaları saxlaması barədə məlumat verib. Həmin evə basqın etməyi planlaşdırıblar. 4 avqust 2014-cü ildə gecə saatlarında Nurəddin Xəlilov, Elçin Məmmədov və Xəlillə birlikdə həmin evin yaxınlığına gəliblər.

Nurəddin hasardan aşıb həyətə keçib, bıçaqla evin qapısını açmaq istədikdə ev sahibi ov tüfəndi ilə onların qarşısına çıxıb, vuracağını deyib. Hətta özünü müdafiə etmək üçün bir dəfə havaya atəş də açıb. Bundan qorxan dəstə üzvləri hadisə yerindən qaçıblar. Tutulacaqlarından ehtiyat edərək Nurəddin üzərində gəzdirdiyi “Makarov” tipli tapançanı da yolda tullayıb.

Falçının evini “aparmaq” planı baş tutmayıb

Əslən Göyçay rayonundan olan Müşfiq Mikayılov Bığır kəndində yaşayan və falçılıqla məşğul olan Malikə Salehovanın imkanlı şəxs olduğunu, evində pul və digər qiymətli əşyalar olması barədə N.Xəlilovu məlumatlandırıb. Falçının evini “aparmaq” niyyəti ilə bu dəfə Göyçaya yola düşüblər. Göyçaya getmək üçün isə Sumqayıt şəhər sakini Bayram Əliyevə məxsus VAZ 2106 markalı avtomaşının şüşəsini qıraraq qapısını açıblar. Naqilləri birləşdirib mühərriki işə saldıqdan sonra özləri ilə götürdükləri silahları ora yerləşdiriblər. Amma Göyçaya gələrkən hava dumanlı və qaranlıq olduğundan falçının evini müəyyən edə bilməyiblər.

Keçmiş məhbuslar idman zalında qarşılaşır: “Gəl səni Suriyaya göndərək”

İstintaq materiallarında deyilir ki, qruplamanın “Osman” ləqəbli üzvü Samir Məmmədov əvvəllər onunla bir yerdə cəza çəkən Elmir Seyidəhmədovla idman zalında məşq edərkən qarşılaşırlar. “Osman” ona “Camaat” yaratdıqlarını, Nurəddinin də “əmir” seçdiklərini, məqsədlərinin Azərbaycanda islam dövləti qurmaq olduğunu deyib. “Osman” ona danışıb ki, bu məqsədə nail olmaq üçün cihad etmək və dindarları müəyyən edib öz dəstələrinə cəlb etmək lazımdır. O, keçmiş məhbus yoldaşına “Gəl səni Suriyaya döyüşə göndərək, orda Allah yolunda döyüşənlərə 20-25 min dollar verirlər”desə də E.Seyidəhmədov bununla razılaşmayıb və dəstəyə qoşulmayıb.

Amma ifadəsində göstərdiyinə görə, uşağı xəstə olduğundan Samirdən 700 manat alıb. İmkanı olmadığından qaytara bilməyib, Samir isə ona deyib ki, əvəzində silah tapsın Nurəddin belə istəyir. O da oyuncaq silah alıb onlara verib. Bu səbəbdən ona qarşı daha da hirsli olublar. 2014-cü ilin aprel ayının 14-də Elmir Seyidəhmədova üz nahiyəsindən və ayağından bıçaqla xəsarət yetiriblər. Qruplaşma üzvlərinin bir sıra oğurluq və talançılıq əməlləri törətdiyi də məlumdur.

Hüquq-mühafizə orqanları 2015-ci ilin əvvəllərindən bu təhlükəli cinayətkar qruplaşmanın izinə düşüb və onları yaxalayıb.

Məhkəmə prosesi davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.