İsmayıllı: real faktlar və sifarişli yalanlar
1-03-2016, 02:39
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Oxucu həmin mövzunu izləyərkən oradakı tərəfsizliyi dərk etməli və jurnalist araşdırmasından zövq almalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var. Bu kimi şəxslər əslində insanlarda müstəqil mediyaya nə qədər inamsızlıq yaratdıqlarının fərqində olmalıdırlar. Son günlər regionlarla bağlı bir sıra mövzuları monitorinq edərək belə qənaətə gəldik ki, bir sıra mediya vasitələri müəyyən maraqlar çərçivəsində istənilən mövzuya, istədikləri aspektdən yanaşırlar. Bəzi mediya vasitələri pisi yaxşı kimi, yaxşını pis kimi cəmiyyətə təqdim etməklə insanlar arasında çaşqınlıq yaradırlar.
Bir müddət öncə demokratiya.info saytında İsmayıllı rayonu ilə bağlı dərc olunmuş “Mərməri plastik örtüyə çevirən icra başçısı” adı ilə gedən yazıya cumhuriyyet.az olaraq münasibət bildirməyi özümüzə bir vətəndaş borcu bildik. Bu yazıda İsmayıllıda həyata keçirilən bir çox işlərdə qaranlıq məqamların olduğu vurğulanır və bunun rayonda narazılıq yaratdığı vurğulanır. Əvvəla, onu qeyd edək ki, İsmayıllı rayonunda ictimaiyyətə bəlli olmayan heç bir iş həyata keçirilməyib. Rayonda baş verən məlum hadisələrdən sonra böyük dəyişikliklər həyata keçirildi. Bundan sonra rayon əsl tikinti meydanına çevrildi. Sözün həqiqi mənasında İsmayıllıda görünən işlər rayonun görkəmini xeyli dərəcədə dəyişdi. Həmin vaxtlarda rayona yeni təyin olunmuş icra başçısı Mirdamət Sadıqov demək olar ki, hər gün rayon əhalisi ilə görüşərək həyata keçiriləcək layihələr barəsində insanları məlumatlandırır və onların təkliflərini dinləyirdi. Bu istiqamətdə inanmırıq ki, respublikada ikinci bir rayon, yaxud icra başçısı ola. Bu günə kimi şahidi olmamışıq ki, hansısa rayonun rəhbəri yerli əhalinin fikirlərini dinləyə, görülən işlərlə bağlı əhaliyə mütəmadi informasiya verə.
Rayonun mərkəzi park adlandırılan ərazisində hovuzun içərisinə mərmər əvəzinə linenium vurulduğunu iddia edirlər. Məsələ burasındadır ki, bu tikinti işinin həyata keçirilməsinin rayon icra hakimiyyətinə və rayonun büdcəsinə heç bir aidiyyatı yoxdur. Bu tikintinin smetasını nəyin necə olacağını da tikintini həyata keçirən şirkət müəyyənləşdirib. Bu məsələdə rayon rəhbərliyini hədəf seçmək hesab edirik ki, olduqca ədalətsiz mövqedir.
Yazıda qeyd edilir ki, rayonda yerləşən bəzi bağçalarda cari və əsaslı təmir işlərinin aparılması üçün heç də kiçik olmayan məbləğdə pul ayrılıb. Göstərilir ki, 3 saylı uşaq bağçasında əsaslı təmir işlərinin həyata keçirilməsi üçün 29743 manat vəsait ayrılıb. Amma bağça yeni istifadəyə verildiyindən bu pulun ayrılmasına heç bir zərurət olmayıb. Bu yanaşmadan bilmək olur ki, fakta heç də araşdırma ilə yanaşılmayıb. Buradakı rəqəmi dövlət satınalmaları agentliyinin səhifəsindən götürüb dərc etmək heç də reallıq demək deyil. Çünki bu bağça yeni deyil, Sovet dönəmində 80-ci illərin ortalarında tikilib. Binanın dam örtüyü yararsız olduğu üçün bütünlüklə dəyişilib və yenisi ilə əvəzlənib. Bağçanın ətrafı qapalılığı təmin etmək üçün bütünlüklə hündür hasar ilə əhatəyə alınıb. Binanın içində və çölündə əsaslı təmir işləri aparılıb. Yaxşı olardı ki, həmkarlarımız belə məsələlərdə ədalət prinsipini unutmasınlar.
Yazıda qeyd edilir ki, bağçalarda uşaqlara geyim dəstləri alınıb. Əvvəla büdcədə hər hansı geyim dəsti üçün maliyyə vəsaiti nəzərdə tutulmayıb. Ancaq yatacaq və yumuşaq invertarların alınması üçün vəsait ayrılıb və hər biri də alınaraq istifadəyə verilib. Hazırda həmin bağçalarda yüksək keyfiyyətli yataq dəstləri və yumuşaq invertarlar mövcuddur.
Rayonda istənilən təmir-tikinti işlərini tenderdə qalib gəlib qazanmış şirkətlər həyata keçirib. Tenderdə qalıb gələn şirkətlər yol qıraqlarındakı səkilərin təmirini və rayon içi yolların bütünlüklə asfaltlaşmasını həyata keçirib. İki il bundan öncə rayonun bazar ətrafı ərazilərinə, Yuxarıbaş, Aşağıbaş, Mican, yol idarəsindən yuxarıda yeni kvartal adlanan yaşayış yerlərinə palçıq əlindən gedib gəlmək mümkünsüz idi. Ancaq son iki ildə İsmayıllıda 30 km rayon içi yollara asfalt döşənib. Hazırda rayon içində asfalt olmayan küçələrə rast gəlmək mümkün deyil.
Rayonda gecələr işıqlandırma üçün 3500 ədəd lampa yanır. Rayonun bütün elektrik xəttləri yeniləri ilə əvəz edilib. Bütün bunlar xərc deyilmi? Rayonda sahibkarların maneəsiz fəaliyyəti üçün bir sıra layihələr həyata keçirilib. Rayonda yeni iş yerlərinin açılması üçün son günlər real işlər həyata keçirilib və 400 nəfərdən çox şəxs müvafiq işlərlə təmin olunub. Yazıda hədəf kimi seçilən icra başçısı Mirdamət Sadıqov respublikada yeganə sayılacaq başçıdır ki, il ərzində sahibkarların problemlərini həll edib onlara normal şəraitin yaradılması üçün sahibkarlığa dövlət dəstəyi milli fondunun nümayəndələrini dəfələrlə İsmayıllıya dəvət edərək, yerli sahibkarlara öz dəstəyini ifadə edir. Hazırda rayon ərazisində az müddətdə yekunlaşmağı nəzərdə tutulan velosiped zavodunun tikintisi yekunlaşmaq üzrədir. Burada da xeyli iş yerlərinin açılacağı şübhəsizdir. İsmayıllıda əvvəlki rəhbərliyin dövründə bütün sahələrdə axsama müşahidə edilirdi. Çünki rəhbərlik bütün sahələrdə inzibati nəzarəti həyata keçirirdi. Rüşvət vermədən, hər ay haqq vermədən heç bir iş görə, fəaliyyət göstərə bilməzdin. Ancaq hazırda istənilən şəxs maneəsiz işləyə, pul qazana bilər. İdarə-müəssisə rəhbərlərinin fəaliyyətinə ciddi nəzarət, onlardan verilmiş tapşırıqların icrasını tələb etmək istiqamətində atılan addımlar İsmayıllını digər rayonlardan kəskin dərəcədə fərqləndirir. İdarələrdə heç kəsin incidilməsinə, bürokratik əngəllərlə üzləşməsinə rast gəlmək mümkünsüzdür. Əvvəlki rəhbərliyin dönəmində hər ay icra nümayəndələrindən, bələdiyyə sədrlərindən, idarə-müəssisə rəhbərlərindən haqq yığılırdı. Ev tikmək istəyən şəxs 1000 manat verməliydi ki, tikinti üçün sərəncam alsın. Mirdamət Sadıqovun rayona rəhbər təyin olunmasından sonra bütün bunlar yığışdırıldı.
Rayon ərazisində 38 icra nümayəndəliyi var. Bütün bunların hamısı mebellərlə təmin olunmayıb. Nümayəndəliklərdə bu vaxtadək istifadə olunan mebellər, stol, stullar sovet dövründən qalma mebellər olub. Bu məsələyə yanaşma kökündən yanlışdır. Ayrılan vəsait hələ bütün nümayəndəliklərə kifayət etmir. Ancaq saytda iddia edilir ki, guya rəhbərlik ildə bir dəfə mebelləri dəyişməklə yeyintiyə şərait yaradır.
Rayonda 3 nömrəli məktəbin əsaslı təmiri üçün ayrılmış məbləği rayon icra hakimiyyətinə və rayon büdcəsinə heç bir aidiyyatı yoxdur. Bu məktəb hələ keçmiş rəhbərliyin dövründə nazirlər kabinetində təmir üçün siyahıya alınıb. İkincisi burada məktəb litsey tiplidir. Əlavə olaraq ərazidə ucqar kənd və qəsəbələrdən gələn geri qayıtması çətin olan şəxslərin gecələməsi üçün böyük və müasir tipli yataqxana inşa edilib. İstilik sistemi, su çəkilişi və sair bütün lazımı inventarlar alınaraq layihə sona yetirilib və hazırda fəaliyyət göstərir. Sonda onu qeyd etmək istəyirik ki, İsmayıllıda yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan onlarla layihə var ki, onların həyata keçirilməsi ilə rayonda demək olar ki, bütün işsizlik aradan qaldırılacaq. Bütün bu işləri isə cəmisi üç ildə Mirdamət Sadıqov həyata keçirib. Görülən işləri qiymətləndirmək və cəmiyyətə necə təqdim etmək isə hər kəsin vicdanından aslıdır. Əsas budur ki, İsmayıllıda sabitlik və inkişaf var. İnsanlarda sabaha inam var. Problemi olan istənilən şəxs rayon rəhbərinə yaxınlaşıb dərdini söyləyə bilir. Heç kəsin problemi çözülməmiş qalmır. Xəstəsinə, xeyrinə, şərinə kömək olunur. Hüququ pozulanların hüququ bərpa olunur. Bəs bunları kimin qeyrətinə yazaq?Sözün, fikrin dəyərdən düşməməsi üçün hər kəs nə danışdığının, nə yazdığının fərqinə varmalıdır. Onsuz da el gözü tərəzidir deyiblər. Hər kəs hər şeyi yaxşı bilir və qiymətləndirir. Yersiz deyilən sözlər isə sahibini hörmətsiz edir. Getmək olarmı belə ucuzluğa?