AB-dən Bakıya 3 mühüm jest – Şərh
2-03-2016, 10:17
Bir il ərzində Cənub Qaz Dəhlizi layihəsini əhatə edən dövlətlər arasında əlaqələndirmə işləri və məsləhətləşmələr genişlənib.
Bu sözləri politoloq Elxan Şahinoğlu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının I və II toplantısının nəticələrini Axar.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, Bakı toplantısının əhəmiyyətindən biri də dövlətlərin səylərini birləşdirməsinə xidmət edir:
“TANAP layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir və hər 3 dövlət boru xəttinin tikintisi üçün çalışmalarını sürətlə davam etdirir. TANAP-ın davamı olan Trans-Adriatik (TAP) layihəsi ətrafında müzakirələr isə bir qədər ləng edir. Ona görə də layihədə iştirak edən dövlətlər səylərini birləşdirməlidir. Bakı toplantısının bir əhəmiyyəti də məhz bu birləşdirici funksiyanı daşımasıdır. Cənub Qaz Dəhlizi layihəsinə AB-nin dəstəyi artıb. Beynəlxalq maliyyə təşkilatları boru xəttinin tikintisinə kredit ayırmağı planlaşdırırlar”.
Siyasi şərhçiyə görə, rəsmi Bakı Kremlin TAP-a qarşı hər hansı təzyiqinin qarşısını alıb:
“Kreml NABUKKO-nun əleyhinə idi. Çünki bu boru xətti vasitəsilə Türkmənistan qazı da ixrac olunmalı, Xəzərin dibi ilə boru xətti tikilməli idi. Rusiya Avropa Birliyinin bu planlarının əleyhinə çıxırdı. NABUKKO-dan fərqli olaraq, Moskva TAP layihəsinin əleyhinə çıxış etmir. Çünki söhbət yalnız Azərbaycan qazının Avropaya daşınmasından gedir ki, Kreml bu ixracatın həcminin az olacağını və Rusiya maraqlarına təhlükə yaratmayacağını düşünür”.
Politoloq Brüsselin Azərbaycanla enerji əməkdaşlığına önəm verdiyini qeyd edib: “Azərbaycanın xarici ticarətinin yarısı AB ölkələrinin payına düşür. Bu baxımdan rəsmi Bakı da Brüssellə təmaslarını genişləndirməyə çalışır”.
E.Şahinoğlu Moqerininin Azərbaycana səfərinin enerji ilə yanaşı, 3 mövzunun müzakirəsi ilə yadda qaldığını bildirib:
“Birincisi, Azərbaycan Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq, AB ilə assosiativ saziş imzalamayıb. Rəsmi Bakı bunun əvəzinə Brüssellə strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir. Böyük ehtimalla, Moqerini Bakıda sənədin əsas müddəaları ilə tanış olub.
İkincisi, Moqerini Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsini müzakirə edib. Bu, Brüsselin Bakıya mesajıdır. Bu mövzu hazırda da xeyli aktuallaşıb. Rəsmi Bakı yerli malların xarici bazarlara ixracını təşkil etmək istəyir.
Üçüncüsü, Moqerini Bakıda “Dağlıq Qarabağın müstəqilliyini tanımırıq” deməklə rəsmi Bakıya dəstək verdi. Digər tərəfdən isə Azərbaycanı torpaqların güc yoluyla alınması fikrindən daşındırmaq istəyir. Regional enerji və nəqliyyat layihələrinin ön plana keçdiyi bir mərhələdə rəsmi Bakı da müharibədə maraqlı deyil”.
Politoloqun sözlərinə görə, TAP layihəsinin reallaşması Avropa Birliyi qədər ABŞ-ın da maraqlarına cavab verir:
“Vaşinqton istəyir ki, Avropa Rusiyadan enerji asılılığını azaltsın. Bunun yollarından biri də Azərbaycan qazının Avropaya çatdırılmasıdır. Vaşinqton ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasına çalışacaq. Ancaq bu gələcəyin işidir. Amerikalı diplomatlar bununla bağlı Avropa paytaxtlarında lobbi fəaliyyətlərini genişləndiriblər. Elə məhz bu faktorun özü Azərbaycanla ABŞ arasındakı münasibətlərin genişləndirilməsini zəruri edir. İlham Əliyevin martın sonlarında Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi konfransına dəvət edilməsi də ABŞ-ın Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir”.