“Mogerini işğalçını birmənalı şəkildə pisləməli idi” - MÜSAHİBƏ

3-03-2016, 02:13           

"Həsən Ruhaninin prezident seçilməsindən sonra İranın xarici siyasətində 180 dərəcə dönüş başladı. İran ilk növbədə özünü sanksiyalardan xilas etmək üçün Avropa ölkələri və ABŞ-la normal münasibətlərin yaranması istiqamətində addımlar atdı. Eyni zamanda Azərbaycana qarşı olan münasibətlərdə də yeni bir xətt müəyyənləşdi və Azərbaycan-İran münasibətlərində həqiqətən mehriban qonşuluq, ölkəmizin suverenliyinə və dövlət müstəqilliyinə hörmət etmək xətti aydın görünməyə başladı. Baxmayaraq ki, İranın mühafizəkar dairələrində bu xəttə qarşı müqavimət göstərən və Azərbaycanı hələ də təhdid edən qüvvələr var. Ancaq faktiki olaraq Həsən Ruhaninin timsalında Azərbaycana, Azərbaycan dövlətinə qarşı xoş, mehriban qonşuluq münasibətləri özünü göstərməkdədir". Bunu Teleqraf.com-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik. - Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. Layihənin əhəmiyyətini nə cür qiymətləndirirsiniz? - "Cənub Qaz Dəhlizi" Azərbaycanın indiyədək həyata keçirmiş olduğu enerjidaşıyıcılarının şaxələndirilməsi və Avropaya nəqlində xüsusi yer tutur. Nəzərə alsaq ki, yaxın illərdə hələ də neftin dünya bazarında qiyməti arzuolunan səviyyəyə qalxmayacaq və belə bir durumda Azərbaycanın qaz ehtiyatlarının, xüsusən "Şahdəniz-2" yatağında olan ehtiyatların nəqli böyük aktuallıq kəsb edir. Bu qazın dünya bazarına çıxarılması həm Azərbaycanın dövlət maraqları, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən "Cənub Qaz Dəhlizi"nin reallaşması Azərbaycana çox böyük siyasi və iqtisadi dividendlər gətirəcək. Buna qətiyyən şübhə ola bilməz. Azərbaycan bu layihənin baş memarı kimi bir daha sözügedən toplantıya ev sahibliyi etdi. Ölkəmiz "Cənub Qaz Dəhlizi"ndə iştirak edəcək dövlətlərin enerji nazirlərinin toplantısında sübut etdi ki, layihəyə maraq böyükdür və bu maraq ciddi xarakter daşıyır. Müəyyən olunmuş xəttə və əldə olunmuş razılığa uyğun olaraq bu proses gecikmədən həyata keçirilməkdədir. İndiki durumda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına çox böyük ehtiyacı var. Söhbət təkcə neftdən getmir, xüsusi olaraq qazın Avropa ölkələrinə çatdırılması Avropa ölkələrinin qarşısında dayanan bir nömrəli vəzifədir. Bu məsələ Rusiya ilə Avropa ölkələri arasında gedən gərgin münasibətlərin fonunda daha böyük aktuallıq kəsb edir. Əslində, bu, Avropa ölkələrinin həyati bir məsələsi və uzun illərdən bəri hökm sürən Rusiyadan asılılığının bir xilas yoludur. Bunu dərk edən Avropa ölkələri, eyni zamanda xüsusi olaraq bu layihəyə böyük önəm verən, dəstəkləyən ABŞ da layihənin gerçəkləşməsi, nəzərdə tutulan vaxtda Avropa ölkələrinə nəql edilməsi üçün mümkün olan hər şeyi etməyə hazır olduqlarını bir daha ortaya qoydular. Diqqəti cəlb edən xüsusi cəhət bundan ibarət oldu ki, bu məsələdə alternativ xarakter daşıyan fikirlər olmadı. Yəni Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci görüşündə iştirak edən, dövlətləri təmsil edən hər bir şəxs layihənin gerçəkləşməsinin vacibliyini bir daha önə çəkdilər. Azərbaycanın ölkə Prezidenti səviyyəsində müzakirələrdə iştirakı, cənab Prezidentin dəyərli fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırması prosesə daha dinamik, daha canlı bir impuls verdi. Mənə belə gəlir ki, bu müzakirələr son dərəcə məhsuldar oldu. - Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində məhsuldar əməkdaşlıq mövcud olsa da, zaman-zaman Avropa İttifaqının qanunverici orqanı kimi çıxış edən Avropa Parlamenti tərəfində ölkəmizlə bağlı tənqidi qətnamələrin qəbul edilməsinin şahidi oluruq. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də Avropa İttifaqı indiyədək prinsipial mövqe ortaya qoymayıb... - Təəssüf ki, Avropanın Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi obyektivliyə, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənmir. Onların bu məsələdə münasibəti özünü daha çox ermənilərin yanında olmaqda ifadə edir. Burada daha çox xristian təəssübkeşliyi aparıcı rol oynayır. Heç şübhəsiz ki, illərdən bəri erməni diasporunun gecə-gündüz, həm təşkilati, həm şəxsi əlaqələr, həm də maliyyə baxımından çalışmaları işğal olunmuş torpaqlarımızın azad olunmasında Avropanın, eyni zamanda Avropa üzərində xüsusi təsiri olan Amerika Birləşmiş Ştatlarının erməni diasporu tərəfindən ələ alınmış, ermənilərin maraqlarına xidmət edən lobbiçiliyin geniş miqyas alması və onun şaxələnməsi, köklənməsi bu gün Azərbaycana qarşı münasibətlərdə həlledici yer tutur. Azərbaycana münasibətdə ikili standartlar təəssüflər olsun ki, hələ də davam edir. Məni təəssüfləndirən cəhətlərdən biri ondan ibarət oldu ki, Avropa İttifaqının rəsmi təmsilçisi olan xanım Mogerinin konkret olaraq işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı fikirlərində "biz Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik" kimi universal və yumşaq ifadə dilə gətirildi. Halbuki, belə deyilməli deyildi. Federika Mogerini birmənalı şəkildə söyləməli idi ki, o, Avropa İttifaqı rəsmisi olaraq Ermənistanın işğalçılıq siyasətini pisləyir və tezliklə Ermənistanı BMT Təhlükəsizlik Şurasının və ayrı-ayrı beynəlxalq təşkilatların qəbul etmiş olduğu qətnamələrin dərhal və şəksiz-şübhəsiz yerinə yetirilməsini tələb edir. Bunun ardınca Avropa ölkələri, eyni zamanda ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq edən addımlar atsaydılar, torpaqlarımızın işğalına çoxdan son qoyulardı. Ancaq bunlar edilmir. - Ermənistanla Azərbaycan arasında gedən qaynar münaqişə ilə yanaşı informasiya müharibəsi də hökm sürür. Bu savaşda üstün olmaq üçün nələri etməyi məqbul sayırsınız? - Əlbəttə, bu hal var. Biz bundan ruhdan düşməli deyilik. Biz əslində, təkcə Ermənistanla deyil, Ermənistanı müdafiə edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə və bütün dünyada bu gün geniş miqyas alan anti-islamçı qüvvələrlə, xristian təəssübkeşləri ilə üz-üzəyik. Bizim fəaliyyətimiz və mübarizəmiz, yəni diplomatik, informasiya və digər sahələrdə mübarizəmizinin başlıca istiqamətlərini məhz onlara qarşı fəaliyyət təşkil etməlidir. Biz əlbəttə, 20-25 il bundan əvvəlki situasiyada deyilik. Azərbaycan dünya miqyasında öz haqlarını geniş şəkildə təbliğ edə bilib. Dünya ölkələrinin, dünyanın aparıcı dövlətlərinin ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdıra, işğal olunmuş torpaqlarımızla bağlı bütün məqamları təqdim edə bilib. Eyni zamanda erməni vandalizmini əks etdirən Xocalı faciəsini, ondan öncə Sovet imperiyasının 1990-cı ilin yanvarın 20-də törətmiş olduğu qanlı hadisələri dünyaya çatdıra bilmişik. Biz indi 1990-cı illərin əvvəllərində olduğu kimi informasiya blokadasında deyilik. Əksinə, Ermənistanı ciddi fəaliyyətimizlə, uğurlu diplomatiyamızla, fəal addımlarımızla küncə sıxışdıra bilmişik. Bu, etiraf olunmalıdır. Mən bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. Həm "Xocalıya ədalət" kampaniyası ilə bağlı Leyla Əliyevanın addımlarını, həm Azərbaycanın tolerant, multikultural bir məkan olması, bütün dinlərin və sivilizasiyaların Azərbaycanda bərabər hüquqlar şəklində fəaliyyəti üçün yaradılan şəraiti, eyni zamanda Azərbaycanın digər dinlərə, digər tarixi abidələrə yüksək münasibətini özündə əks etdirən addımların atılmasını təqdir etməmək mümkün deyil. Xüsusilə, bu yaxınlarda İtaliyada katakombaların Heydər Əliyev Fondu, fondun prezidenti, hörmətli millət vəkili Mehriban xanımın təşəbbüsü ilə tamamilə təmir edilməsini qeyd etməklə fikirlərimi ümumiləşdirmək istəyirəm ki, bütün bunlar Azərbaycanı dünya miqyasında sivil, beynəlxalq, dünya mədəniyyətinə böyük töhfələr verən bir xalq olduğunu və bunun ənənələrə söykəndiyini təqdim etməkdədir. Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmədiyi halda Azərbaycan hərbi yolla torpaqlarını azad edəndə mən tamamilə əminəm, ümidvaram ki, dünya ictimaiyyəti Azərbaycanla həmrəy olacaq. - Bu yaxınlarda Azərbaycan Prezidenti İranda səfərdə oldu. Yüksək səviyyədə keçən səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. Azərbaycan və İran arasında münasibətlərin gələcək perspektivini necə görürsünüz? - Həsən Ruhaninin prezident seçilməsindən sonra İranın xarici siyasətində 180 dərəcə dönüş başladı. İran ilk növbədə özünü sanksiyalardan xilas etmək üçün Avropa ölkələri və ABŞ-la normal münasibətlərin yaranması istiqamətində addımlar atdı. Eyni zamanda Azərbaycana qarşı olan münasibətlərdə də yeni bir xətt müəyyənləşdi və Azərbaycan-İran münasibətlərində həqiqətən mehriban qonşuluq, ölkəmizin suverenliyinə və dövlət müstəqilliyinə hörmət etmək xətti aydın görünməyə başladı. Baxmayaraq ki, İranın mühafizəkar dairələrində bu xətə qarşı müqavimət göstərən və Azərbaycanı hələ də təhdid edən qüvvələr var. Ancaq faktiki olaraq Həsən Ruhaninin timsalında Azərbaycana, Azərbaycan dövlətinə qarşı xoş, mehriban qonşuluq münasibətləri özünü göstərməkdədir. Azərbaycan Prezidentinin Həsən Ruhaninin prezidentliyi dövründə İrana etmiş olduğu ikinci səfər və bu səfərlər zamanı istər verilmiş rəsmi bəyanatlar, istərsə də imzalanmış sənədlər Azərbaycanla İran arasında əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə gedəcəyini ortalığa qoyur və bununla bağlı nikbin nəticələrə gəlmək üçün kifayət qədər əsaslar verir. Bu səfərin məni düşündürən və xüsusi olaraq diqqət yetirdiyim məqam Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişdir. Yadınızdadırsa, vaxtilə Ermənistan Xudafərin körpüsü istiqamətində İranla su elektrik stansiyasının tikilməsinə çalışırdı. Bununla bağlı Azərbaycan dövlətinin ciddi reaksiyaları oldu. Rəhmətlik ulu öndərimizin vaxtında ciddi bəyanatlar səsləndirildi və məsələ dondurularaq qaldı. Bu gün İranın Azərbaycanla bərabər belə bir layihəni reallaşdırması və iki dövlət arasında imzalanmış sözügedən saziş sübut edir ki, İran sözdə deyil, eyni zamanda konkret əməldə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın təcavüzkar siyasətinə "yox" deyir. Mənə belə gəlir ki, biz İranla münasibətlərimizi dərinləşdirdikcə, bu münasibətlər daha geniş xarakter aldıqca, yüksək səviyyəyə qalxdıqca artıq İranın Ermənistanla münasibətləri xeyli dərəcədə, yəni bizim gözlədiyimiz istiqamətdə dəyişəcək və İranın Ermənistan siyasətində uzun müddətdən bəri özünü göstərən isti münasibətlər yox olub gedəcək. Bu da Ermənistanın blokadaya alınmasına və İran tərəfindən göstərilən dəstəklərdən məhrum olmasına gətirib çıxara bilər.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.