Böyük Britaniya nə üçün Rusiya ilə savaşa hazırlaşır? - TƏHLİL

27-11-2021, 07:29           
Böyük Britaniya nə üçün Rusiya ilə savaşa hazırlaşır? - TƏHLİL
Britaniya ordusu Rusiya təhlükəsi qarşısında Almaniyaya qayıdır.

Müharibə olacağı təqdirdə London üç yeni baza yaratmağı planlaşdırır - Almaniya, Keniya və Omanda. Bu sahədə prioritetin Almaniya olacağı deyilir.

Cebhe.info daha əvvəl xəbər verdiyi kimi, Britaniya Silahlı Qüvvələrinin niyyətləri haqqında "The Times" nəşri yazıb.

Məlumata görə, Britaniya Silahlı Qüvvələri Rusiya ilə müharibə olacağı təqdirdə plan hazırlayıb, belə ki, London öz kontingentini yenidən yerləşdirməyə, Almaniyada və bəzi Afrika ölkələrində, daha doğrusu Keniya və Omanda yeni nəsil hərbi bazaları yaratmağa hazırlaşır.

Nəşr yazır ki, London Rusiya təhlükəsi qarşısında Şərqi Avropaya 250 nəfərlik bir dəstə göndərməyi gözləyir. Hücum bazası Almaniyanın Sennelager kəndində (Paderborn şəhərinin bir hissəsi) yerləşəcək. O, Keniya və Omandakı bazalar kimi, Britaniya ordusu üçün quruda yerləşən regional mərkəz olacaq.

Bununla da Britaniya güman edir ki, Rusiya ilə müharibə başlayarsa, ölkə öz silahlarını və hərəkətlərini qitədə sürətlə yerləşdirməyə hazır olsun.

General-leytenant Ralf Vuddis bildirib: "Mən Almaniyaya xüsusi diqqət yetirirəm, zirehli texnikamızın əhəmiyyətli bir hissəsini burada hərəkət etdirəcəyik ki, qitənin hər hansı bir yerində onlara ehtiyac olarsa, daha sürətli hərəkət edə bilək".

Xatırladaq ki, Böyük Britaniya 2010-cu ildə qoşunlarını İkinci Dünya Müharibəsinin sonundan (1954-cü il Yerləşdirmə Müqaviləsi və 1951-ci il NATO Qüvvələrin Statusu Sazişinin əsasını qoymuşdu) yerləşdiyi Almaniyadan vaxtından əvvəl çıxardığını elan etmişdi.

O zaman ölkədəki Britaniya hərbi kontingenti 20 min nəfərə yaxın idi. 2020-ci ilə qədər bütün hərbçilərin vətənlərinə qayıtması planlaşdırılırdı. Bu qərar 2010-cu il parlament seçkilərində qalib gələn torilərin prioritet vəzifəsi olan Londonun müdafiə büdcəsinə qənaət kursu ilə əsaslandırıldı.

Lakin illər sonra, o cümlədən Krım məsələsi fonunda təşəbbüsə düzəlişlər edilib. 2018-ci ildə London Almaniyadakı hərbi kontingentini nəinki azaltmağın, üstəlik gücləndirilməsinin vacibliyini bəyan etdi. Motivasiya indiki kimi idi: Rusiyanın hücumu zamanı Avropanın şərq cinahının müdafiəsini gücləndirmək və düşməndən üstün olmaq.

Nəşr yazır ki, silahlanmaya gəlincə, Londonun bu sahədə də fəaliyyəti yetərincədir. Təkmilləşdirilmiş "Challenger 3" tankları, "Boxer" zirehli transportyorları və "Ajax" tankları yeni obyektlərə göndəriləcək. Bundan başqa, orada minatəmizləmə vasitələri, pilotsuz uçuş aparatları və artilleriya texnikası yerləşdiriləcək.

Üç yeni bazanın yaradılmasına baxmayaraq, müdafiə naziri Ben Uollesin sözlərinə görə, nizami Britaniya ordusunun sayının 82 min nəfərdən 73 min nəfərə.azaldılması planlaşdırılır.

Beləliklə, Britaniya əksəriyyəti kiçik hərbi birləşmələr, ehtiyat mərkəzlər və kursantlar üçün təlim mərkəzləri olan 33 ordu obyektindən xilas olacaq. Piyada qoşunları 4 min nəfərlik dörd yeni diviziya şəklində yenidən təşkil ediləcək. Onların hər birində mühafizəçilərdən ibarət bir heyət olacaq ki, bunlar hibrid münaqişələrdə ixtisaslaşmış xüsusi təyinatlı qüvvələrdir. Reyncerlər alayının Londonda görünəcəyi hələ mart ayında məlum olmasına baxmayaraq, eyni zamanda Böyük Britaniya ordusunun genişmiqyaslı modernləşdirilməsi layihəsini təqdim edilib.

Rusiya mətbuatı isə yazır ki, Britaniya Silahlı Qüvvələrinin hazırkı fəaliyyəti xarici medianın, Rusiyanın guya Ukraynaya hücuma hazırlaşdığı barədə kütləvi informasiyalar fonunda baş verir. "ABŞ rəsmiləri Rusiya Federasiyasının sərhəddə təxribatlar təşkil etdiyi, qoşunlarını ora köçürdüyü barədə məlumatlar versiyanı açıqlayır", - deyə Rusiya KİV-ləri yazıb.

Bildirək ki, Kiyev ölkə daxilində bu məsələdə hələ də razılığa gəlməyib. Vaşinqtonun sərhəddə Rusiya hərbi kontingentinin cəmlənməsi ilə bağlı bəyanatlarının əksinə olaraq, Ukrayna tərəfinin bundan xəbərinin olmadığını bildirir, həm də yayılan məlumatları istisna etmir. Belə ki, Ukrayna kəşfiyyat xidmətinin rəhbəri Kirill Budanov Rusiya Federasiyasından hücum təhlükəsinin həqiqətən mövcud olduğunu və bunun 2022-ci ilin əvvəlində baş verməli olduğunu iddia edib. Ertəsi gün onun sözlərini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov təkzib edib və qeyd edib ki, hazırda Moskva tərəfindən bunu göstərən konkret hərəkətlər yoxdur.

Sevinc Tapdıqqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.