ABŞ Qarabağda “rus sülhməramlılar”ın əvəzinə, skandinaviyalıları yerləşdirmək istəyib... – MƏXFİ SƏNƏDLƏR ÜZƏ ÇIXDI

13-06-2022, 00:05           
ABŞ Qarabağda “rus sülhməramlılar”ın əvəzinə, skandinaviyalıları yerləşdirmək istəyib... – MƏXFİ SƏNƏDLƏR ÜZƏ ÇIXDI
2020-ci ilin payızında, Qarabağda 44 günlük müharibənin bitməsinə ən azı 10 gün qalmış ABŞ Rusiyanın bölgəyə “sülhməramlı”lar yerləşdirmək planlarından xəbər tutub. Vaşinqton alternativ variant kimi Skandinaviya ölkələrindən sülhməramlıların regiona yerləşdirilməsini təklif edib. Lakin bu təklif rədd edilib.

Qafqaz.media xəbər verir ki, İsveçin “Blankspot” portalı bu haqda sənədləri ortaya çıxarıb. Nəşr 2020-ci ilin payızında, müharibə zamanı və hərbi əməliyyatlar başa çatdıqdan sonra İsveç Xarici İşlər Nazirliyindən Ermənistan və Azərbaycan nümayəndələri arasında aparılan danışıqların protokollarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yazışmaları tələb edib.

Nəticədə “Blankspot” 6 sənəd ala bilib. Bunlar aşağıdakılardır:

1. Atəşkəs bəyanatının imzalanmasından bir həftə əvvəl, 2 noyabr 2020-ci il tarixində Minsk Qrupunun Amerika nümayəndə heyəti ilə elektron poçt yazışmaları.

2. Atəşkəsdən üç gün sonra, 12 noyabr 2020-ci il tarixində Ann Lindenin Minsk Qrupundan istəyi üzrə təşkil olunan brifinq.

3. İsveçin Azərbaycandakı səfirinin 25 noyabr 2020-ci il tarixində Xarici İşlər Nazirliyində brifinqi. Bu, İsveçin ATƏT-ə sədrliyindən əvvəl olub.

4. 2021-ci ildə - ATƏT-in sülh danışıqlarına başlamalı olduğu 14-15 mart tarixlərində Ann Lindenin Azərbaycana səfərinin xülasəsi.

5. Ann Lindenin eyni məqsədlə 16 mart 2021-ci ildə Ermənistana səfərinin xülasəsi.

6. Ann Lindenin Ermənistan və Azərbaycan səfirləri ilə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı danışıqlarının xülasəsi, 13 may 2021-ci il.

Sənədlər müharibə edən tərəflərlə ATƏT arasında etimad problemlərini ortaya qoyur. Məlumatlar onu da göstərir ki, ATƏT Rusiyanın “Dağlıq Qarabağ”dakı mövcudluğunu 2009-cu ildə keçirilmiş əvvəlki sülh danışıqlarına (Madrid prinsiplərinə uyğun olaraq) uyğun hesab edir.

Bundan əlavə, sənədlər ATƏT çərçivəsində ilkin sülh danışıqlarının necə inkişaf etdiyini göstərən qrafik rolunu oynayır.

Müharibənin son mərhələləri ilə bağlı birinci sənəddə (2 noyabr 2020-ci il) İsveçin Minsk Qrupunun həmsədrləri (Fransa, Rusiya və ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə danışıqlara başladığı bildirilir. Sonuncu ATƏT-ə sədrlik dövründə Ann Lindenin ən yaxın müşaviri kimi fəaliyyət göstərib.

Yazışmalardan belə görünür ki, amerikalı həmsədr Endryu Şofer Ann Lindenin İsveç sədrliyi dövründə Minsk Qrupunun indiyədək tutduğu xəttə sadiq qalacağına əmin olmaq istəyib.

Digər məsələlərlə yanaşı, Rusiya ordusunun əvəzinə, Skandinaviya sülhməramlı qüvvələrinin yaradılması məsələsi də qaldırılıb. Minsk qrupunun amerikalı həmsədri vurğulayıb ki, Rusiya öz “sülhməramlı” kontingentini yerləşdirməyi planlaşdırır. Birləşmiş Ştatlar alternativ tapmağa və ya heç olmasa uzunmüddətli perspektivdə bu məsələni reallaşdırmağa üstünlük verib.

Noyabrın 12-də, Rusiyanın yardımı ilə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasından üç gün sonra Ann Linde Minsk Qrupundan brifinq istəyib.

Brifinqdə amerikalı həmsədr bildirib ki, tərəflər bu addımı atmağa “həqiqətən” hazır olana qədər onlar arasında sülh danışıqlarına başlamaq əbəsdir. Həmçinin vurğulanır ki, bu məqamlar məxfi olsa da, “bir neçə ümumi məqam” var.

Sənəddə qeyd edilir ki, Rusiya “sülhməramlı” qüvvələrinin yerləşdirilməsi ATƏT çərçivəsində razılaşdırılmış 2009-cu il Madrid prinsiplərinə uyğundur. Sənəddə həmçinin Skandinaviya sülhməramlı qüvvələri ideyasından sonradan imtina edildiyi bildirilir. Bu, əsasən, Ann Lindenin qeyd etdiyi kimi, “İsveç neytral deyil, bloka daxil olmayan ölkədir” bəhanəsi ilə bağlıdır. Bundan əlavə, o əlavə edir: "Biz gələcək sorğuları diqqətlə nəzərdən keçirməliyik, bu, vaxt aparan bir prosesdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.