Hələlik söz dueli gedir: Əsl müharibə nə vaxt başlayacaq?

14-06-2022, 00:08           
Hələlik söz dueli gedir: Əsl müharibə nə vaxt başlayacaq?
“NATO Rusiya ilə genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır”.

Bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin hərbi attaşelər və xarici səfirliklərin nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, alyansın hərbi quruculuğu tamamilə Rusiya ilə yüksək intensivlikli genişmiqyaslı silahlı münaqişəyə hazırlığa yönləndirilib.

“Roma Bəyannaməsi hələ də qüvvədədir. Orada xüsusilə Rusiya və NATO-nun bir-birini düşmən hesab etmədiyi müəyyən edilib. Bu xətt 2010-cu ildə Lissabonda keçirilən Rusiya-NATO Şurasının sammitində təsdiqlənib”, - A.Fomin bildirib.

Həmçinin, Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib ki, son ayda Rusiyanın təhdidləri xeyli artıb, amma hələ “qırmızı xətt”i keçməyib. Onun fikrincə, gərginliyin diplomatik yolla həlli mövcuddur və tərəfdaş ölkələrlə birlikdə bu istiqamətdə iş aparılır.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında deyib ki, hər hansısa ciddi bir toqquşmanın olması gözlənilmir:

“Hazırda müharibənin olması ilə bağlı sadəcə ehtimal irəli sürmək olar. Ümumiyyətlə, heç bir tərəf müharibəyə getməyə risk etməz. Lakin Ukraynanın bu istiqamətdə hüquqi və reallıq baxımından hansısa addımlar atması mümkündür. Rusiya və NATO arasında isə onsuz da indiyə qədər söz dueli gedirdi. Hətta tərəflər müxtəlif məsələlərdə bir-birini ittiham edirdilər. Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq fikrini sadəcə ağlını itirmiş siyasətçilər deyə bilər. Hesab edirəm ki, Rusiya bu addımı ata bilməyəcək. Əks təqdirdə, Kremlin vəziyyəti yaxşı olmayacaq. Çünki baş verə biləcək hər hansısa bir hadisəyə görə Rusiyanı çox ağır sanksiyalar gözləyir. Artıq Moskva ABŞ, Böyük Britaniya, Fransa və başqa ölkələr tərəfindən rəsmi xəbərdarlıq alıb. Ona görə də müharibənin baş vermə ehtimalı olduqca aşağıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.