Rusiyanın dağılması niyə qaçılmazdır - Kissingerin düşüncələri

14-06-2022, 21:41           
Rusiyanın dağılması niyə qaçılmazdır -
Gücsüz birisini təsəvvür edirsinizmi? Etdinizsə, bu şəxsin də edəcəklərini də xəyali olaraq canlandırmalısınız. Gücü olmayan kəsin əlacı hədə-qorxuya, bir sözlə boş-boş danışmağa qalır. Ermənilər kimi, 44 günlük müharibədə məğlub oldular, günahını, daha dəqiq desən səbəbini kənarda axtardılar. Gah erməni ordusundakı xəyanəti, gah silahların köhnə olduğunu, gah dostlarının onlara dəstək vermədiklərini, gah Azərbaycana satılan İsrail və Türkiyə PUA-larını, gah suriyalı terrorçuları, gah da Paşinyanın satqınçılığını bəhanə etdilər və bircə həqiqəti – Ermənistan ordusundakı hərc-mərcliyi, döyüş ruhunun zəifliyini, Azərbaycanın yaratdığı müasir ordu ilə döyüşmək qabiliyyətinin olmadığını, azərbaycanlı əsgər və zabitlərin ürəyindəki vətənpərvərlik hissinin yüksəkliyini etiraf edə bilmədilər. Niyə? Çünki, bu, ermənilərin 30 il ərzində şəninə mahnılar qoşduğu, dünyanın ən güclü (?!),yenilməz ordularından biri kimi təqdim etdiyi Ermənistan Ordusu haqqında dedikləri ilə bir araya sığmırdı, uzlaşma, yaxınlaşma yox idi, bu sözlərin erməni ordusuna heç bir aidiyyəti yox idi.

Budur, həmin siyasət başqa formada, başqa məzmunda yenə də davam etdirilir. Ermənistanın indiki müdafiə naziri peşəkar ordu yaratmağın anonsunu hələ indi verir. Və bu ordunun ermənilərin düşündüyü kimi bir günə, bir ilə yaradılacağını da utopiya adlandırır. Amma revanşist ermənilər nəinki Zəngəzuru qoruyacaqlarını, hətta Qarabağı – Şuşanı azad edəcəklərini, bir az da dərinə gedərək Goranboy rayonunun inzibati ərazisi sayılan, amma ermənilərin hələ də “Şaumyan” adlandırdıqları torpaqları da “Artsax”a qatacaqlarından dəm vururlar. Biz İrəvanın azadlığı barədə danışırıq və bu müqəddəs işi görəcək yetərli gücümüzun olduğunu bəyan edirik. Amma ermənilər… nə ilə, ara…

Bu yerdə Ermənistan cəmiyyətinin başının xarab olduğunu da xüsusi olaraq qeyd etmək lazımdır. Niyə? Səbəbini deməsək olmaz. Ermənistanın rəsmi şəxsləri bir hədəfi söyür, asır-kəsir, müxalifət isə başqa bir tərəfin ünvanına cürbəcür hədələr yağdırır. Bəzən hər iki tərəfin bu məqamda uzlaşdığı hallar da olur. Erməni mətbuatı Rusiyanın Azərbaycan və Türkiyə ilə “dostluğu”nu tezliklə bitəcəyi proqnozunu verirlər. Maraqlı olacağını nəzərə alıb ermənilərin irəli sürdükləri digər arqumentləri təqdim edirik. Bəs Rusiya-Türkiyə və Rusiya Azərbaycan dostluğu “ermənicə” necə bitə bilər? Ermənilər bunun da cavabını çox asanlıqla veriblər: Bunun üçün Rusiyanın Ukrayna müharibədə məğlub olması lazımdır. Bəs dünyanın tanınmış siyasət adamı bu barədə nə düşünür?

ABŞ-ın keçmiş dövlət katibi və “Soyuq Müharibə” zamanı ABŞ-Çin yaxınlaşmasının memarı Henri Kissincer “The Sunday Times” qəzetinə müsahibəsində deyib ki, “Ukraynada müharibənin sonunda Ukrayna üçün bir yer tapıldığı kimi, Rusiya üçün də yer tapılmalıdır". Yəni müharibəni dayandırmaq üçün hər iki ölkənin maraqları nəzərə alınmalıdır. Kissincer haqqında nə istəsəniz deyə bilərsiniz, lakin onun mesajlarına məhəl qoymamaq səhv olardı. Xüsusilə indi və xüsusilə SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrin vətəndaşları üçün. “İndi maraqlı sual meydana çıxır, bu müharibəni necə bitirmək olar? Müharibənin sonunda Ukrayna üçün olduğu kimi, Rusiya üçün də yer tapılmalıdır - əgər biz Rusiyanın Avropada Çinin forpostuna çevrilməsini istəmiriksə hisslərimizə sahib olmalıyıq”, deyə Kissincer bildirib.

Bəli, güman etmək olar ki, məhz Kissincerə Kremldən yeni təlimat kitabçası göndərilib. Çünki sonuncu dəfə o, Vladimir Putin üçün “bu şəxsi xilas etməyin” vacibliyindən danışmağa başlayanda, demək olar ki, bir əsr yaşı olan siyasətçinin üzərinə obyektiv tənqid oxları atıldı. İndi o, mahiyyətcə eyni şeyi deyərək rekordunu başqa nominasiyalar üzrə yeniləməyə qərar verib.

Aydındır ki, ABŞ özünün əsas geosiyasi təhlükəsi kimi Rusiyanı yox, Çini görür. Beləliklə, Kissinger bu qorxuları üzərində oynamağa qərar verib. Onun mesajı sadə və aydındır - Rusiyaya təzyiq, onun Ukraynaya qarşı müharibədə məğlubiyyəti Rusiya Federasiyasının Çindən asılılığının artmasına gətirib çıxara bilər ki, bu da heç bir halda ABŞ üçün faydalı ola bilməz.

Kissincerin ritorikasında belə bir dəyişiklik nə dərəcədə təsirli ola bilər? Onun ABŞ-ın daxili siyasi həyatına real təsiri praktiki olaraq sıfırdır. Amma burada bütün məsələ keçmiş tanınmış siyasətçiləri korlamaqda çoxdan təcrübəyə malik olan Rusiyanın onun vasitəsilə nə dediyini anlamaqdadır. Almaniyanın keçmiş kansleri Şröderin uğurlu alınması nümunəsi yalnız ən çox istinad edilən nümunədir.

Kissincerin bu bəyanatının “Rusiya Günü”ndə müzakirə olunması xüsusilə əlamətdardır. Bəli, 1990-cı il iyunun 12-də RSFSR-in dövlət suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu, tamamilə fərqli bir Rusiya idi. Demokratik, imperiya ideyaları ilə yüklənməmiş, həm də ona görə ki, sadəcə olaraq, onları həyata keçirəcək gücə malik deyildi. Əksinə, Yeltsin Rusiyası daha bir erməni dövləti yaratmaq üçün Ermənistana dəstək verirdi. Özlərini “democrat” adlandıranlar erməni separatizmini dəstəkləməklə sanki daha çox democrat olduqlarını sübut etmək istəyirdilər. Halbuki onlar separatizmi, terror dəstəkləməklə iç üzlərini göstərir, gələcəkdə daha aqressiv, qonşularını hədəfə alan, təcavüzə meylli dövlətin formalaşacağı anonsunu verirdilər.

Bəli, Ermənistanda və dünyada yaşayan ermənilər hansı siyasətçidən daha bərk yapışacaqlarını hələ də müəyyən edə bilməyiblər. Ermənilər əvvəlcə Rusiyaya, xüsusən də onun liderlərinə “ləbbeyk” deyə itaət edirdilər. Bu gün Ermənistanın düşdüyü vəziyyətə görə, Kremli ittiham edən ermənilər daha çox Putini lənətləyirlər. ABŞ siyasətçilərinə istinad edən, onların ətəyindən yapışaraq sanki xilasedici kəmərdən yapışırmış kimi bir tərz göstərən ermənilər Kissincerin fikirləri qarşısında da çaş-baş qalıblar. Kimə biət edəcəklərini də müəyyənləşdirə bilmirlər. Ona görə də gah nala, gah da mıxa döyürlər. Nalınız kimi, mıxınız da bol olsun, dəyərsiz “hay”lar…

V.VƏLİYEV
sia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.