Paşinyan Azərbaycana ismarış göndərdi - NƏ BAŞ VERİR?

15-06-2022, 12:38           
Paşinyan Azərbaycana ismarış göndərdi - NƏ BAŞ VERİR?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsinin olmadığını bildirib.

O, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. “Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - Paşinyan diqqətə çatdırıb.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir?” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, - deyə cavab verib. O, bu xüsusda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının icrasında qarant kimi rolunun göründüyünü əlavə edib. Teref.az-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Paşinyan bu açıqlaması ilə həm daxili ictimai rəyə, həm də Azərbaycana ünvanlanmış mesajlar verir. O, bir tərəfdən müxalifətə göstərmək istəyir ki, Azərbaycanla sərhədlərin delimitasiyasına dair Brüsseldə razılaşmanın əldə olunması Qarabağ məsələsində güzəşt getmək anlamına gəlmir. Ermənistanın Baş nazirinin digər ismarıcı Azərbaycana ünvanlanıb.

O, iki ölkə arasında sərhədlər müəyyənləşsə belə, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımadığına və status məsələsindən imtina etməyəcəklərinə işarə edir” .

Müsahibimiz bildirib ki, Azərbaycanla Ermənistan arasında münasaibətlərin nizamlanmasına dair Brüssel formatı var:

“Lakin Ermənistan tərəfi daxili müxalifətin etirazları fonunda bir qədər kənara çəkilir. Həmçinin, Ermənistan hakimiyyətinə Rusiya da müəyyən təzyiqlər göstərir. Göründüyü kimi, Ermənistan tərəfi manipulyasiya yol verir. Paşinyanın delimitasiya və demarlkasiya prosesinin Qarabağla əlaqəsinin olmamasına gəlincə, ilk növbədə, deyə bilərəm ki, Azərbaycan üçün münaqişə bitib.

Azərbaycanın Qərbdəki tərəfdaşları da bunu qəbul edir. Ümumiyyətlə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimiyasiyası və demarkasiyası prosesinə Laçın dəhlizi də aiddir. Qarabağın etnik ermənilər yaşayan hissəsi Azərbaycanın daxili əraziləridir. Ona görə də Ermənistanın bu məsələdə hər hansı mövqe sərgiləməsi danışıqlar prosesinə zərbədir. Ermənistan Qarabağla bağlı mövqeyindən geri çəkilməlidir. Əks təqdirdə, proses Ermənistanın ziyanına olacaq. Paşinyan daxili auditoriyaya hesablanmış mesajlar verir. Onlar bildirirlər ki, Azərbaycanla dövlət sərhədlərinin tənzimlənməsinə baxmayaraq, Ermənstan Qarabağın statusu məsələsini gündəmdə saxlayacaq. Paşinyan da yaxşı bilir ki, Azərbaycan Ermənistanla Qarabağdakı ermənilərin statusu məsələsini müzakirə etmir. Azərbaycanın ermənilərə hər hansı status verməsi məntiqsizdir. Sadəcə olaraq, Paşinyan daxili auditiroya ilə hesablanmış manipulyasiya edir. Eyni zamanda, o, prosesi uzadır, Brüsseldə əldə olunmuş razılaşmaları yerinə yetirmir”.

Politoloqun fikrincə, Laçın dəhlizi də daxil olmaqla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdırılmalıdır:

“Ümumiyyətlə, Paşinyan Qarabağ ifadəsini işlətməməlidir. Sadəcə, Ermənistanda baş verən etiraz aksiyaları fonunda o, bu cür ifadələrdən istifadə edir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.